Şəfəq Ağacan- Bu milli bayram günü bütün Azərbaycan vətəndaşlarını birliyə, vəhdətə dəvət edirəm

 

Şəfəq Ağacan- Bu milli bayram günü bütün Azərbaycan vətəndaşlarını birliyə, vəhdətə dəvət edirəm

 

Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.

Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu, hər bir insanın, hər bir vətəndaşın bayramıdır, ulu babalarımızdan əsrlərdən-əsrlərə keçib gəlmiş əziz bayramdır. Bu bayram həm adi insan bayramıdır, həm millət, həm xalq, həm də dövlət bayramıdır. Bu bayramı bütün başqa bayramlardan fərqləndirən cəhət bundan ibarətdir. Hər bir vətəndaş, hər bir insan, hər bir azərbaycanlı, Azərbaycan torpağında yaşayan hər bir insan bu bayramı öz qəlbində, öz evində, obasında, ailəsində bayram edir.

 

    Ola bilər ki, dövlət bayramını kimsə bu bayram kimi qəbul etsin, amma qəlbində ona başqa münasibət göstərsin. Ola bilər ki, bir Ümumdünya bayramına da kimsə başqa münasibət göstərsin. Ancaq Novruz bayramı hər bir azərbaycanlı demək olar ki, anadan olandan onun qəlbində, ürəyində, ruhunda, fikrində yaşayan bayramdır. Ona görə də bu bayram bütün insanları coşdurur, Azərbaycanda olan hər bir insanı sevindirir, şənləndirir. İnsan nə qədər qəm-qüssə içində olsa da, bu bayramda özünü şən əhval-ruhiyyədə hiss edir.Novruz bayramı həm bu dünyada yaşayanların bayramıdır, həm də dünyanı tərk edən insanların ruhunun bayramıdır. Ona görə də təsadüfi deyildir ki, bu bayram ərəfəsində və günlərində hər bir insan öz əcdadını, babasını, dünyadan getmiş qohum-əqrəbalarını yada salır, dünyadan köçmüş insanların qəbri üstünə gedir, onların ruhlarına dualar oxutdurur. Yenə də deyirəm, bunlar hamısı Novruz bayramının nə qədər insani bayram olduğunu, hər bir azərbaycanlı üçün nə qədər əziz bayram olduğunu göstərir.Bununla yanaşı, bu, bizim milli bayramımızdır.

    Bu bayram əsrlərdən əsrlərə bizim milli, dini adət və ənənələrimizi yaşadıb bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümummilli bayramımızdır, ümumxalq bayramımızdır. O da məlumdur ki, ümumxalq, ümumdövlət, ümumölkə amilləri hər bir insan ilə, hər bir vətəndaşla bir olanda bayram da daha yüksək səviyyəyə qalxır, insanlar da bir-biri ilə daha sıx ünsiyyətdə olurlar. Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir, xalqımızda daha möhkəm birlik yaradır və birlik yaratmağa xidmət edir.Bizim üçün - Azərbaycan üçün, indi həyatının, tarixinin bu ağır dövrünü keçirən bir xalq üçün, bir millət üçün bu, çox lazımdır, çox zəruridir. Biz tariximizin həm şərəfli bir dövrünü, həm də ən çətin və ağır dövrünü yaşayırıq. Ona görə şərəflidir ki, biz azadıq, müstəqilik, sərbəstik və bu bayramımızı, ola bilər, tarixdə indiyədək olmayan qədər yüksək səviyyədə və geniş bayram edirik. Deməli, bu bizim azadlığımızın, sərbəstliyimizin, müstəqilliyimizin ən yüksək, ən parlaq təzahürüdür.Biz həyatımızın, tariximizin şərəfli bir dövrünü yaşayırıq. Ona görə ki, biz müstəqil dövlət qururuq, hüquqi dövlət qururuq, demokratik dövlət qururuq, insanlara azadlıq, sərbəstlik verən, insanların həyatının daha da firavan olmasına xidmət edə bilən cəmiyyət yaradırıq. Ona görə bu, tariximizin şərəfli səhifəsidir, şərəfli dövrüdür.

    Biz bu şərəfli dövrü yaşayırıq. Biz tarixi ənənələrimizi, adətlərimizi, dinimizi, dilimizi ümumxalq sərvəti etmişik. Bunlar hər bir vətəndaşın sərvətidir. Xalqımızın, millətimizin sərvətidir, ölkəmizin sərvətidir, dövlətimizin sərvətdir. Ona görə də bu, tarixin ən şərəfli dövrüdür.Bununla yanaşı olaraq, biz, tariximizin çətin  dövrünü yaşamışıq. Çətinlik ondan ibarətdir ki, əgər XX əsrin əvvəlində bizim həyatımızda və dünyanın bir çox ölkələrinin həyatında, ictimai-siyasi quruluşunda baş vermiş dəyişikliklər hər bir insanın həyatını qarmaqarışıq etdi, pozdu, dağıtdı, ölkələrin həyatında böyük dəyişikliklər əmələ gətirdisə, XX əsrin sonunda biz müstəqillik əldə etdikdən sonra, bir ictimai-siyasi, iqtisadi sistemdən başqasına keçəndən sonra, sərbəst, müstəqil bir həyat yoluna addım atdığımız zaman böyük çətinliklərlə rastlaşmışıq. Bunlar keçid dövrünün çətinlikləri idi. Bu çətinliklər təbii idi, bunlar tarixin obyektiv proseslərindən meydana gələn, zəruriyyətindən doğan çətinlikləri idi. Bu gün yenə çətinliklərimiz var amma inkişafimiz göz qabağindadir .Çətinliklər yenə var amma biz bunu yaşamalıyıq, biz buna dözməliyik. Buna nə qədər dözümlü olsaq, gələcək həyatımız da bir o qədər xoşbəxt olacaq, istədiyimiz kimi olacaqdır.

    Azərbaycan ərazisinin bir qismi işğal olunub, dağıdılıb, viran qoyulubdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşüb, qaçqınlıq şəraitində yaşayır. Bunlar həyatımızın, tariximizin çətin mərhələsini əks etdirir. Torpağımız yaralanıbdır, vətənimiz yaralanıbdır. Bizə böyük yara vurulubdur, zərbə dəyibdir. Ancaq bunlar bizim iradəmizi sındırmayıbdır. Bu yaralar bizi qorxutmamalıdır və xalqımızı heç vaxt qorxuda da bilməz. Biz bunların qarşısını alacağıq. Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik. Bütün bu yaralar sağalacaq, müstəqil Azərbaycan öz hüdudları çərçivəsində, öz hüdudlarının sahibi, öz torpağının sahibi, öz ərazisinin sahibi olacaqdır.Lakin bu yol asan yol deyildir. Bu, çətin, ağır yoldur. Çünki biz zərbələr almışıq, torpaqlarımız işğal edilibdir, vətəndaşlarımız yerindən-yurdundan olublar. Bunların hamısını bərpa etmək asan deyildir, çətin işdir. Ancaq xalqımızın iradəsi ilə, millətimizin iradəsi ilə, dövlətimizin iradəsi ilə biz bu çətinliklərdən çıxacağıq. Əminəm ki, çıxacağıq.

    Bu gün Azərbaycanın hər yerində, o cümlədən Bakıda xalqımızdakı bu bayram əhval-ruhiyyəsi, bu nikbinlik, bu sevinc, bu şənlik ümid verir ki, biz bu çətinliklərdən çıxacağıq.Bildiyiniz kimi, biz məsələləri sülh yolu ilə həll etmək üçün iki ilə yaxındır ki, atəşkəs rejimində yaşayırıq.Biz bu addımı atmışıq və bu, düzgün addımdır. Bu addımı ona görə atmışıq ki, bundan sonra qan tökülməsin. Bu addımı ona görə atmışıq ki, məsələləri sülh yolu ilə həll edək. Biz buna da çox ümidlər bəsləyirik. Ümidvaram ki. biz məsələni bu yolla həll edəcəyik. Biz müharibəyə bu yolla son qoyacağıq. Biz bu yolla bölgədə sülh yaradacağıq. Bu yolla Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, insanlar öz yerinə-yurduna qayıdacaq, qaçqınlar öz evinə-eşiyinə dönəcək və Azərbaycanda daimi sülh yaranacaqdır.Mən buna əminəm. Əminəm ona görə ki, haqq işi, ədalət işi həmişə qələbə çalıb. Əminəm ona görə ki, Azərbaycan xalqı tarix boyu böyük sınaqlardan keçib və bu sınaqdan da keçəcəkdir. Əminəm ona görə ki, Azərbaycan xalqının zəkası, iradəsi, qəhrəmanlığı buna əsas verir. Əminəm ona görə ki,  Azərbaycan dövləti xalqın əmin-amanlığının, xoşbəxt gələcəyinin keşiyində durubdur.Bu bayram günü bu sözləri sizə çatdıraraq sizdə daha yüksək əhval-ruhiyyə yaratmaq istəyirəm. Eyni zamanda sizdə daha möhkəm əzmkarlıq, ümumi işimiz naminə daha sıx birlik yaratmaq istəyirəm.

Mən bu gün, Novruz bayramı günü, bu bahar bayramı günü, bu milli bayram günü bütün Azərbaycan vətəndaşlarını birliyə, vəhdətə dəvət edirəm. Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər də tez bu çətinliklərdən çıxacağıq, o qədər də tez torpaqlarımızı geri qaytaracağıq, azad edəcəyik, ərazi bütövlüyümüzü təmin edəcəyik

İnanıram ki,qarşıda bizi bir-birimizə Novruz qədər yaxınlaşdıracaq daha bir bayram gözləyir. Bu, Qarabağın azadlığı günü olacaqdır. Həmin gün də insanlar bir-birini bağrına basıb on illərin həsrətlisi kimi görüşüb, təbrik edəcək, uşaqlar ev-ev, məhəllə-məhəllə gəzərək böyüklərdən muştuluq alacaq, hər evdə ən gözəl yeməklər bişiriləcək, insanlar ən gözəl paltarlarını geyinib biri-birini qurduqları şənliklərə dəvət edəcəkdir. O gün uzaqda deyil, inşallah tezliklə gələcək və biz yeni bir həmrəyliyi, milli birliyi bayram edəcəyik.

BakuPress Milli İnformasiya Agentliyinin kolektivimin adında xalqımızı bir daha təbrik edirəm,Bayramınız mübarək!

Şəfəq Ağacan

    

 

 

        



**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Şou-Biznes 2018-05-04 21:11:58

    Elçin Əlibəyli Rasim Balayevi susdurdu: “Vəzifədə olanda niyə səsin çıxmırdı?” - QALMAQAL

    Xalq artisti Rasim Balayevin telekanallar və müğənnilər haqqında dediyi…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2018-05-02 18:08:39

    Nazir döyülən uşağa görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı – Video-YENİLƏNİB

    Yeni Təyin olunmuş təhsil naziri Ceyhun Bayramov 189-190 saylı məktəbin…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Siyasət 2018-04-21 00:38:38

    Hacıbala Abutalıbov vəzifəsindən getdi - Son dəqiqə + EKSKLÜZİV

    Bakı şəhər icra başçısının rəhbəri Hacıbala Abutalıbov istefa verib.

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…