Sənədsiz evlərə çıxarış almaq asanlaşdı - Yeni qaydalar

Vətəndaşlar bələdiyyələrin nəzdində olan torpaqları mülkiyyətə və icarəyə götürərkən bəzi nüanslara diqqət etmirlər. Adətən, insanlar torpaqların təyinatından asılı olmayaraq, ondan istədikləri kimi istifadə edirlər. Baş prokurorluq bununla bağlı vəətndaşlara bir neçə dəfə xəbərdarlıq etsə də, bu cür problemlərə hələ də rast gəlinir. 

Bəs görəsən vətəndaşlar mülkiyyətə və icarəyə torpaq götürərkən hansı nüanslara diqqət etməlidir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, əsas problem kənd təsərrüfatı təyinatlı torpaqda evlərin tikilməsi ilə bağlıdır və insanlar buna xüsusi diqqət etməlidir:

“Bələdiyyə torpaqlarının satışa çıxarılması 2007-ci ildən dayandırılıb. İqtisadiyyat Nazirliyi bununla bağlı yeni bir layihə üzərində işləyir. Bu onunla bağlıdır ki, bələdiyyə torpaqları da digər torpaqlar kimi mülkiyyət statusu və çıxarış əldə etsin. Bununla bağlı artıq 1 ildən çoxdur ki, işlər aparılır. Burada əsasən məqsəd bu növ torpaqların gələcəkdə satışı və icarəyə verilməsi zamanı qanunauyğun formada işlərin aparılmasıdır. Artıq bu məsələ ilə bağlı nəzarət mexanizmi gücləndirilib. Bələdiyyə torpaqları İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindədir. Onlar müvafiq xəritələr üzərindən bu torpaqları ayırırlar və bu o deməkdir ki, burada kənd təsərrüfatı təyinatlı torpaqlar da var. Sadəcə, vətəndaş hər növ torpaq alarkən, ondan düzgün istifadə etməlidir. Əgər vətəndaş bələdiyyə strukturundan torpağı çıxarışla alsa belə, qanuna istinadən hansısa iş görə bilər. Əgər torpaq kənd təsərrüfatı təyinatlıdırsa, təbii ki, onun üzərində ev tikmək olmaz”. 

Ekspert bildirib ki, vətəndaşların kütləvi müraciəti əsasında torpaqların təyinatı dəyişdirilərək tikinti təyinatına çevirilə bilər:

“Bələdiyyə qanuna və vətəndaşların tələbinə uyğun olaraq, özünün tabeçiliyində olan hər hansı bir resurslardan istifadə edə bilər. Hazırda bələdiyyə torpaqlarına çıxarışların təmin olunması istiqamətində iş aparılır. Nazirlər Kabinetinin qərarına əsasən, kənd təsərrüfatı təyinatlı torpaq tikinti təyinatlı torpağa çevirilə bilər. Bələdiyyələr tərəfindən kifayət qədər torpaqlar var ki, onlar kənd təsərrüfatı təyinatlı olublar və onların üzərində artıq böyük qəsəbələr salıblar. Ölkədə bu cür yerlər çoxdur. Bakı, Gəncə kimi şəhərlərin ətrafında bələdiyyələr tərəfindən keçmişdə nisbətən ucuz satılan torpaqlar var ki, həmin ərazilərdə kommunikasiya və yaşayış evlər var, ancaq çıxarış yoxdur. Bu istiqamətdə kütləvi müraciətlər əsasında Nazirlər Kabineti Tikinti və şəhərsalma məcəlləsinə istinadən, bu cür torpaqların təyinatını dəyişdirir”. 

0.039799928665161