Tamaşaçılar narazıdırlar, dublyaja tanışlarını çağırırlar, peşəkarlar kənarda qalıblar” - FOTO

Ölkəmizdə dublyaj sənəti 1937-ci ildə yaranıb. Müasir zamanda dublyaj olunan filmlər bəzən izləyicilərin zövqünü oxşamır.

Moderator.az-a açıqlama verən Xalq artisti Sabir Məmmədov dublyaj sahəsində maddi-texniki bazanın qıtlığından gileylənib.

 

“Tamaşaçılarımız hər zaman haqlıdırlar. Elə dublyaj filmləri var ki, doğrudan da, tamaşaçıların ürəyincə deyil. Mən bunu açıq etiraf edirəm sizə. Çünki orada tərcümə məsələsi, digər texniki məsələlər var. Məsələn, aktyor seçimi, səs məsələsi və s. Dünya kinosunu Azərbaycanda təbliğ etmək üçün o nümunələri dublyaj etdirmək ehtiyacı yaranır. Burada kompleks məsələlər var. Orijinal filmlərin alınması, aktyorların seçilməsi, tərcümə, texniki avadanlığın yüksək səviyyədə olması - bunların yoxluğu səsə və orijinala yaxınlaşmağa mane olur”, - deyə aktyor bildirib.

Uzun müddətdir dublyaj sahəsində çalışan Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Yasəmən Malik isə bu sahə ilə qeyri-peşəkarların məşğul olduqlarını deyib.

“O vaxt “bu səs bizə lazımdır” deyib sırf o sənətçini dəvət edirdilər. İndi səs axtarmırlar, kim kimin tanışıdırsa, onu çağırırlar. Buna görə də bəzən peşəkarlar kənarda qalırlar. Halbuki, dublyajı vaxtilə biz başlamışıq. Bəzi filmləri götürürdülər, amma yazmırdılar, saxlayırdılar. Deyirdilər ki, bu səs yalnız bu aktyorun, bu aktrisanın səsidir. Həmin sənətçinin vaxtı, imkanı olanda o film yazılırdı. İndi biz dublyajdan uzaq qalmışıq, əsasən də, qocamanlar. O vaxt seçirdilər, səslərə dəfələrlə qulaq asırdılar, sonra qəbul edirdilər. Hətta xoşlarına gələndə həmin aktyora, aktrisaya bir neçə dəfə film yazdırırdılar. İmkan verirdilər ki, o öyrənsin, təkmilləşsin. Görəndə ki onda həm aktyorluq bacarığı var, səsi gözəldir, həm də texnikası yaxşıdır, o zaman daimi işləməyə başlayırdılar”, - deyə aktrisa bildirib.

Əməkdar artist Nəcibə Hüseynova bildirib ki, dublyajın hazırkı vəziyyəti onu qane edir.

“Əvvəlkilərlə müqayisədə xeyli irəliləyiş var. Ən azından, nə qədər aktyor yetişib, öz işlərini çox gözəl bacarırlar, öhdəsindən gəlirlər. Hələ cavanlar gəlməkdədir. Dublyajı öyrənmək istəyənlər çoxdur. Digər tərəfdən, texnikada da inkişaf var. Əvvəl alt səs eşidilirdi və yaxud da orada interşumlar o qədər də eşidilmirdi. Ümumi səs götürülürdü, azaldılırdı və sonra bizim səs o səslərin üzərinə qoyulurdu. Bütün bunlar keyfiyyətə təsir edirdi. Amma bunun da yolunu tapıblar. Söhbət lisenziyalı filmlərdən gedir. Son vaxtlar daha çox lisenziyalı filmlər dublyaj olunur. Ayrı-ayrı treklər göndərilir, bizim səsimiz yazılır və oraya montaj olunur. Məncə, bizim hazırkı dublyaj olunan filmlərin keyfiyyəti heç də pis deyil”, - deyə aktrisa bildirib.

Bizimlə əlaqə saxlayın

0.26189708709717