Dövlət bir də bununla uğraşır...

Son illərdə Azərbaycan teleməkanında bayağı verilişlərin sayının artması cəmiyyətdə çox ciddi narazılığa səbəb olub. Vəziyyət hətta dövlətin işə qarışmalı olduğu səviyyəyə çatıb.

Təsəvvür edin, dövlət qarşısında çox ciddi məsələlər - sülh gündəliyi, COP29 kimi mötəbər tədbirin təşkili, Böyük Qayıdışla bağlı işlər durduğu dövrdə, bir də bununla uğraşır.

Deməli, vəziyyət düşündüyümüzdən də acınacaqlıdır. 

İşdən evə gəlib bir kanalı açırıq, eyni mənzərə, başqa bir kanala çeviririk, orada da eyni durum, o birisində də, bu birisində də...

Bütün verilişlərdə bayağılıq, loru dildə desək, tərbiyəsizlik, səviyyəsizlik, milli-mənəvi dəyərlərə zidd olan məsələlər, ailə institutunun məhvi göstərilir.

Məsələn, cəmiyyətdə özünü heç cür doğrultmayan, həyatda ciddi bir mövqeyi olmayan şəxs efirdə ekspert qismində əxlaq dərsi keçir.

Nə bilim, kişi müğənni ekranlar qarşısında arvadı olan həmkarını qucağına alır. Kişi onu atıb qaçan arvadını gəlib efirdə tapıb ayaqlarına qapanır.

Bir qram səsi olmayan adamları efirə çağırıb saatlarla ona vaxt ayırırlar - Balaəli, Rüfət Nasosnu kimi meyxanaçılar efir ulduzuna çevrilib.

Aparıcı səsini başına atıb qonağın, tamaşaçının üstünə qışqırır, biri şpaqat açır, o biri təpik atır...

Efir mədəniyyəti tamamilə yaddan çıxıb. Görən də deyər küçə davasıdır. 

Məgər, müasir Azərbaycanın teleməkanı beləmi olmalıdır?

Axı biz eyni zamanda, Ceyran Rəhimova, Nailə İslamzadə, Ofeliya Sənani kimi aparıcıları da görmüşük...

Bəs bu telekanalların səviyyəsi niyə Comolunqmadan Marian çökəkliyinə qədər endi? Yoxsa, bütün hər şeyin başında pulmu dayanır?

Aydın məsələdir ki, bu cür bayağı verilişlərin reytinqi daha çoxdur və reklamında maraqlı olan şəxslər, şirkətlər belələrinə üz tutur. Amma hər şey pul deyil - cəmiyyət məhv olur, cəmiyyət!

Səviyyəli olub pul qazanmaq nümunələri də var axı...

Söhbət təkcə verilişlərdən getmir. Yerli seriallarda da durum acınacaqlıdır. Bir eyni ssenari üzrə çəkilmiş, daha doğrusu yola verilmiş serial bitir, başqası başlayır. Mövzu eyni: Bir kişinin iki arvadı var və bu kişi serial bitənə qədər bu iki qadının arasında qalır. Vəssalam!

Axı bu nədir? Mövzu qəhətdir?

Vətən müharibəsindən üç ildən artıq vaxt keçib, bu mövzuda ciddi bir ekran işinə rast gəlməmişik. Təsəvvür edirsiniz, son əsrdə öz ərazi bütövlüyünü bərpa edən tək ölkəyik, bunu filmə çevirənimiz yoxdur.

Halbuki Xocalıdan ayağıyalın çıxan Ləfxanımın həyatı özü bir real həyat hekayəsidir, bir filmdir. Amma Azərbaycan telekanallarının kamerası bu mövzuda Çingiz Mustafayevin şəhid olduğu yerdə sönüb.

Niyə biz hər il, hər dəfə hansısa əlamətdar gündə 45 il əvvəl çəkilmiş “Babək” filminə baxmalıyıq?

Məgər Azərbaycan oğlunun qəhrəmanlığı elə Babəklə yekunlaşır?

Axı bizim yeni Babəklərimiz, Xudayarlarımız, Şahinlərimiz, Vətən Müharibəsi Qəhrəmanlarımız var...

Adam nə qədər “Babək”ə baxar?..

Durum olduqca vahimdir. Elə bunun nəticəsidir ki, bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Telekanalların rəhbərlərinin bu biabırçılığa son qoyulması tapşırılıb.

Əks halda qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq.

Emin Səfərov

0.053110122680664