Süleyman Rəhimov Azərbaycanda ən irihəcimli əsərlərin müəllifi kimi tanınır. İki kitabını üst-üstə qoyub ikinci sinif şagirdinə versən, yerdən qaldıra bilməz.
Səhv etmirəmsə, ötən əsrin 70-ci illərində məşhur türk yazıçısı Əziz Nesin Bakıda qonaq olub. Ölkəmizə səfəri çərçivəsində Nesin Xalq yazıçısı Süleyman Rəhimovla görüşüb. Mərhum yazıçının evində gerçəkləşən görüşdə maraqlı dialoq baş verib. Masanın üstündə Süleyman Rəhimovun 700-800 səhifəlik kitablarını görən qonaq tərcüməçidən soruşub:
- Bu kitabların hamısını Süleyman abi yazıb?
- Əvət əfəndim.
Heyrətdən Əziz Nesinin gözləri böyüyüb.
Tərcüməçi Süleyman Rəhimovu yaxından tanıdığı üçün izahat vermək məcburiyyətində qalıb: "Əfəndim, Süleyman müəllim gündə ən azı 12 saat yazır".
Əziz Nesin heyətini gizlədə bilməyib: "Allah, Allah! Bəs bu adam nə vaxt düşünür?"
Sabah Azərbaycanda Milli Mətbuat Günü qeyd olunacaq.
İndi ölkəmizdə fərqli vəziyyət yaranıb. Əgər Azərbaycanda qələm adamları əvvəllər çox yazmaqları ilə təəccübləndirirdilərsə, indi yazmamaqları ilə heyrətləndirirlər. Bütün tədbirlərdə başda oturan, kababın yağlı tikəsini, üzümün iri giləsini yeyən bir qrup adam var. Özlərini "jurnalist" adlandıran bu adamlar axırıncı dəfə orta məktəbin 7-ci sinfində oxuyanda inşa yazmaq üçün əllərinə qələm götürüblər. Səhər bir tədbirdə, axşam başqa tədbirdə iştirak edən bu insanları görəndə Əziz Nesinin məşhur sözü yadıma düşür: "Bəs bu adamlar nə vaxt yazır?"
Yazırlarımı?
Yazsaydılar, biz də görərdik...
Məndən tez-tez soruşurlar: mətbuatın indiki durumunu necə qiymətləndirirsən?
Yazım, özünüz nəticə çıxarın.
Bu yaxınlarda tədbirlərin birində adını yadda saxlamağa lüzum görmədiyim bir nazir müavini ilə görüşdüm. Çay süfrəsi arxasında ətrafdakıların eşidə biləcəyi tonda, həm də ərklə soruşdu: "Nə qədər maaş alırsan?"
Əvvəl özümü eşitməməzliyə vurdum. Amma eyni sualı ikinci dəfə təkrar edəndə ağzıma gələn rəqəmi deyib başımdan etmək istədim: "Min beş yüz manat".
İsti çaydan bir qurtum içib belə cavab verdi: "Day nə istəyirsən? Elə mən də sürücümə bundan bir qədər çox maaş verirəm".
İndi bildinizmi mətbuatın durumu necədir?
Danışdıq axı, yazmaq məndən, nəticə çıxarmaq sizdən...
Seymur VERDİZADƏ