Elza Seyidcahan: “Flora geyimimi müzakirə edir, amma ilk dekolteni, kürəyiaçıq geyimi onda görmüşük” - VİDEO

Dünən televiziya verilişlərinin birində əməkdar artist, bəstəkar Elza Seyidcahan və xalq artisti Flora Kərimova arasında anlaşılmazlıq yaranıb.

Mövzu ilə bağlı əməkdar artist Elza Seyidcahan özəl olaraq Moderator.az-a açıqlama verib. 
 
“Mən bu barədə ilk və son dəfə danışıram. Xahiş edirəm, nə efirlərdən, nə də saytlardan zəng edib məndən açıqlama istəməsinlər. Bu məsələdə nöqtəni qoyuram.

Bu gün səhər (söhbət dünəndən gedir - red.) tezdən Aygün Bəylərin üç mərasiminə getdim, özümlə molla da apardım. Suraxanı, Bakı əhli məni elə gözəl qarşıladı ki. Hətta xahiş etdilər ki, “Elza xanım, durun Aygün haqqında söz də deyin”. Bugünkü mərasimdə də sanki Aygün xanımı anırdılar. Aygün Bəylərin qazandığı hörməti 90 yaşında sənətkarlar da qazanmır. Aygünün yarısı qədər xalq, dövlət onları sevmir. Çünki onlar o “hörmətə” layiqdirlər. Dünəndən “Elgizlə izlə” verilişindən mənə zəng edib, xahiş edirlər ki, gəlin, “Mən aktyoram” mahnınızı oxuyun. Baxmayaraq ki, yas mərasiminə getmişdim, Aygünün bacılarından üzr istəyib, tez verilişə gəldim. Evə gəlib əynimi dəyişdim, çünki yas mərasiminə başqa geyimdə getmişdim.

Mən deyərdim ki, Aygün Bəylərin solo konserti dekabrın 26-da yox, dəfn edildiyi gün oldu. O, nəşi ilə də insanlara konsert verdi. Flora xanım verilişdə mənim Aygünün dəfninə geyindiyim geyimi, papağımı müzakirə edir. Dədə-babadan görmüşük ki, yas yerinə qırmızı rəngdən başqa hər şeyi geyinib, getmək olar. Kimdən də gözləsəydim, bu sözləri Flora xanımdan, onun kimi sənətkardan gözləməzdim. Flora xanım mənə sual verir ki, “qızım, səni nə məcbur edir ki, belə geyinirsən?” Mən də ona sual verirəm ki, o vaxt Cavan Zeynallı ilə bir duet tamaşa ifa etdiniz, ilk dəfə kürəyiaçıq, dekolteni məgər siz geyinməmişdinizmi? O zaman sizi buna nə məcbur etmişdi?! Bunu ilk dəfə onda görmüşəm. Dedi ki, o, tamaşa idi. Mən də deyirəm ki, bütün geyimlərim bir tamaşadır, mən gəzən teatram. Flora xanım sonra dedi ki, “insanın əqidəsi onun geyimi ilə ölçülür”. Efirdə səsimi alsalar da, dedim ki, mənim tərbiyəm keyfiyyətdən, qeyrətdən, namusdan yoğrulub. Mənim anam dörd qız böyüdüb, heç vaxt deməyib ki, dövlət mənim üçün bunu etməlidir. Həmişə deyib ki, biz dövlət üçün nə etmişik?! Efirdə səsim alınmasaydı, bunları açıqlamazdım.

Mən Elgizdən incimirəm, o aparıcıdır, neytral qalmalıdır. Mənə təsir edir ki, niyə bacımla, mənim səsimi efirdən alırsınız? Biz ağzımızın danışığını çox gözəl bilirik. Kənardan baxan da elə bilir ki, biz orada nəsə pis bir söz demişik.

Flora xanım, siz deyildinizmi illər öncə konsertimə gəlib, “sizi başa düşməyənlər adından, sizdən üzr istəyirəm” deyən?! Mən öz yolumu, Elza yolumu yaratmışam. Sənətimlə, mahnılarımla, şeirlərimlə, obrazlarımla, geyimlərimlə. Mənim evdə bacılarım, anam ağlayır, nə qədər insan zəng edib qınayır ki, niyə o verilişə gedirsiniz?! Elgiz də yalandan efirdə deyir ki, guya mən demişəm ki, şərait yarat, papağımdan danışım. Əsla elə söhbət olmayıb. Verilişdən öncə mənə dedi ki, bütün internet ancaq sənin papağından yazır. Özü xahiş etdi ki, verilişdə bu barədə açıqlama verim.

 

 

Hələ sizə Kübra xanımdan danışım. Mənə verilişdə deyir ki, “sənin burada qədrini bilmirlər, get xaricdə yaşa”. Bu söz birbaşa mənim dövlətimə qarşı deyilən sözdür. Azərbaycanda dövlət sənətkarın qədrini həmişə bilib. Mənim qədrimi 50 il əvvəl biliblər. Kübra Əliyevanın əgər mənə canı yanırsa, bu illər ərzində hansısa dostuna, yaxınına deyə bilməzdi ki, Elzaya dəstək olun?! Niyə biz Ledi Qaqaları, çılpaq geyinənləri ölkəmizə gətirib onlara milyonlar ödəyirik, özümüzünkünü isə daş-qalaq edirik?! Şakiranı, Hadisəni gətirib oxutdurdunuz! Şakira hamilə vəziyyətində səhnəyə çıxdı! Əgər geyimdən danışırsınızsa, onlara etiraz edərdiniz də, ay Flora xanım! O iki sənətkardan bunları gözləyirdim, onlar demədilər.

Bu il mən dörd layihə etmişəm, hamısında da dövlətimizi tərənnüm etmişəm. İndi hamı dəmir yumruqdan danışır. Dəmir yumruğu hələ 2016-cı ildə Cocuq Mərcanlı hadisələrində şeirimdə istifadə etmişəm. 2009-cu ildə “Elzanın yaşıl dünyası” konsertini verəndə mənə gülürdünüz. Heyvanların qorunması layihəsini edəndə məni hoydu-hoyduya qoydunuz, amma bu gün dövlətimiz heyvanları qorunmasına böyük önəm verir. Mənim geyimimə qiyməti müəllimim, dünyaşöhrətli bəstəkarımız Arif Məlikov verib. O vaxt kafedraya bir kişi gəlmişdi, onu çölə çıxartdı ki, “get papağını çıxart gəl”. Mən duruxdum, öz-özümə dedim ki, “Ay Allah, gör mən bu günə qədər nə böyük səhvə yol vermişəm?”. Hər gün dərsə papaqla gəlirəm, bir dəfə də mənə deməyib ki, papağını çıxart. Arif Məlikovdan bir dəfə soruşdum ki, “olar papaqla oturum?”. Dedi ki, “qadınlara hər şey olar, onlar toxunulmazdırlar, sən papaqla otura bilərsən”.

Flora Kərimova verilişdə deyir ki, “sən özün də şəxsiyyətsən, Arif Məlikovun sözünü niyə deyirsən ki?” Mənə deyirsən ki, sən ağıllı qadınsan, sonra deyirsən ki, niyə belə geyinirsən?! Məni xalq qəbul edib. Siz məni xalqın gözündən salmaq istəyirsiniz?! Buna heç kim nail ola bilməyib. İlhamə Quliyeva da məni xalqın gözündən sala bilmədi! Zeynəb Xanlarovanın, Aygün Bəylərin heykəlləri qoyulmalıdır. İncəsənət aləmində məni də bir canlı heykəl kimi görürlər. Əgər görməsəydilər, dünən Aygün Bəylərin yası bir yana qaldı, mənim papağım bir yana. İndiyə qədər demişəm ki, Flora xanım niyə qızıl taxmırsınız? Niyə qara geyinirsiniz? Niyə bu yaşınızda dar şalvarla efirə çıxırsınız?!

Mən sizi alqışlayıram, vəsf edirəm. Siz isə məni tənqid edirsiniz. Gözünüzün üstündə tatuaj etmisiniz, başınıza parik qoymusunuz. Bunlardan nə vaxtsa danışmışam?! Geyim müzakirə olunmamalıdır, insanın sənəti müzakirə olunmalıdır. Geyim müzakirə olunsaydı, çılpaqları efirə buraxmazdılar! Məni Allah müdafiə edir. Siz elə yaxşısı susun. Ağıllı insanlar nə etdiklərini çox gözəl bilirlər. Flora xanımın məni efirdən məsxərəyə qoymaq istəməyinə pis oldum. Yoxsa ona hər zaman hörmət etmişəm, mənim də, qızımın da ən çox sevdiyi sənətkardır. Başıma qoyduğum papaq, demək ki, elə-belə deyil. Papağım başımda, külüngüm də əlimdə. Zəhmətkeş Elza! Bizi xalq incitmir, bizi bəzi sənətkarlar incitmək istəyirlər, amma onlar da bacarmırlar. Gündəmdə qalmaq üçün belə geyinmirəm ki. Gündəmdə qalmaq istəsəydim, elə açıq-saçıq geyinərəm ki, gündəm nədir, gündəmlərin gündəmi olaram. Mənim nəyə ehtiyacım var ki, gündəmdə qalım? Əksinə, mən papağı qoyub, gözəlliyimi gizlədirəm. Hamı mənim təbii gözəlliyimə heyran olur”, - deyə sənətçi bildirib.

0.040197134017944