Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun anım günüdür - FOTO

Bu gün Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun anım günüdür.

BakuPress.Az Zəlimxan Yaqubun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Xatırladaq ki, Zəlimxan Yusif oğlu Yaqubov 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.

1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb. 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti “Qələbə bayrağı”nda dərc edilib. “Məmməd Araz ədəbi mükafatı” (1995) ilə, “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram” və “Ziyarətin qəbul olsun” kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif olunub.

 

 

1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olub. 2005-ci ildə “Azərbaycanın Xalq şairi” fəxri adına layiq görülüb. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü olub. 2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk dünyasına hizmət” mükafatına layiq görülərək həmin akademiyanın fəxri doktoru seçilib. 5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası Xalq şairini Fəxri diplom və medalla təltif edib.

O, 9 yanvar 2016-cı ildə vəfat edib.

0.031192064285278