Şəhriyarın məzarı önündə düşüncələr ... Rahib Qərib yazır

Şəhriyarın məzarı önündə düşüncələr

(1991-ci ildən bu günə qalan xatirələr)

 

    1991-ci ildə SSRİ dağılandan sonra, ikiyə bölünən Azərbaycanın arasındakı sərhədlər söküləndə mən də həsrətində olduğum Cənubi Azərbaycaının və o taydakı qohumlarımızın görüşünə tələsdim. Getdim,amma eləyolun başlanğıcında qohumlar yaddan çıxdı… Çünki ilk istəyim qadağan olunmuş radiodalğalardanvə kassetlərdən səsini eşitdiyim Məhəmmədhüseyn Şəhriyarın sorağını tutmaq oldu. Elə o taya güzar saldığım ilk andan da yol boyu onun bu misraları qulaqlarımda səslənir, məni rahat buraxmırdı. Cənubi Azərbaycanımız mənim aləmimdə Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması ilə canlanmışdı…

 

Heydərbaba, ildırımlar şaxanda, 

Sellər, sular şaqqıldayıb axanda, 

Qızlar ona səf bağlayıb baxanda, 

Salam olsun, şövkətizə, elizə, 

Mənim də bir adım gəlsin dilizə… 

    Axı o bizdən onu yad etməyi,adını dilə gətirməyi rica etmişdi kövrək misralarla. Və bu ayrılıb qoparılan bütün Cənubi Azərbaycanın səsi, çağırışı idi…Və düşünürdüm… Misralarının kövrəkliyi, həzinliyi, həsrət dolu yanğısı ilə o taylı, bu taylı həm dillərdə, həm ürəklərdə yaşayan, ustadı yad etmədən necə ayaq basaram bu doğma yerlərə! Urəyimdə dahi Şəhriyara bir nidam var idi… Doğma ikən qərib olduğun torpaqda ürəyində min bir arzun, diləyin uyusa da ölümünə inanmırıq ustad! Qələmin baş daşına çevrilib söz qalasına dönüb, ulu Şəhriyar:

Biz bir dərya qan vermişik,

Zindanlarda can vermişik, 

Qırx nəsli qurban vermişik, 

Ki qurdu biz qova bilək,

Qurdun şərrin sova bilək…

   Nəhayət, o taydakı Azərbaycanda ilk ziyarətim də ulu Şəhriyarın məzarı oldu. Onun məzarüstü büstünün önündə durdum və ixtiyarsız olaraq bu misralar səsləndi ürəyimin dərinliyində:

Heydərbaba, sənin könlün şad olsun

Dünya varkən ağzın dolu dad olsun,

Səndən keçən tanış olsun, yad olsun,

Deynə mənim şair oğlum Şəhriyar,

Bir ömürdür qəm üstünə qəm qalar

     Ulu Şəhriyar adının çırağında ölümlə, əbədiyaşar ölümlə, ölümü əbədi yaşadan Şəhriyarın ölümü ilə göz-gözə dayanmağın, həmsöhət olmağın nə qədər ağır sızıltılı olduğunu yaşadım düz 32 il əvvəl. Səsi qulağımdan getmədi. O kədərli, Vətən həsrətli, yurd yanğılı səsi məni rahat buraxmadı. İki yerə bölünən qəlbin döyüntüsü olan misralar, Vətənin köksünə vurulan yaraların sızıltıları, ulu Şəhriyarın başımız üstündə uçan ruhunun pıçıldadığı misralar ardıcıl səsləndi qulaqlarımda:

Qaçdıq,üzləşdik Arazda 

Yenə qəmlər qalaq oldu, 

Yenə gözlər bulaq oldu.

Yenə qardaşsayağı sözlərimiz 

Bir sayaq oldu…

Tor quran ovçu atın qovmada sındı 

Geri qaldı, özü getdi, toru qaldı…

    Şair qəlbinin ərintiləri olan bu misraların ağrı-acısı məzarüstü əksdən qəmli-qəmli boylanan gözlərinə hopmuşdu el nəğməkarının. Əksdən boylanan Vətən oğlu ilə həmsöhbət oldum o gün… Axı niyə tale sənə bu günləri çox gördü?! Axı sən bu günləri hamıdan çox arzuladın, hamıdan çox alışdın, yandın bu günlər üçün. Qardaşla bacının, ata ilə övladın, qohum-əqrabanın qovuşacağı günün həsrətini çəkdin, uzaq düşən el ilə ağlamaq istədin. Bu həsrət içində də yana-yana köz oldun. Oduna-alovuna, qəlbində çatdığın həsrət tonqalına bütöv Azərbaycan övladları yetmədi, qızına bilmədi. Közünə-közərtinə pənah gətirdik. Sülymandan, Nuhdan qalan dünyanın bu Zəfərli günlərini göz yaşları içində sevinclə yaşadıq səni anaraq.

    İllərlə sonar yenə ulu Şəhriyarın o qəmli şəklinə baxıb düşünürəm… Bu ruhdumu, canlı insandırmı,nədir, ya Rəbb! Sükut da belə dil açıb danışarmış! Cansız sətirlər də dinərmiş?!

    Son olaraq onu uyuduğu torpağa bir daha tapşırıb demək istəyirəm. Şəhriyar həsrətli, Rübabə məlahətli Təbrizim, qoynunda tarixi yaşadan uyuyur. Xoşbəxtsən! O məzar deyil, ulu Şəhriyarın evidir səndə! Şəhriyar sənindir, sən Şəhriyarın! Onu hifz elə! O məzar deyil, dönəcək evimizin səmti, ən yeni tariximizin ünvanı, ən ucası -- sənət incisidir!

 

                Rahib QƏRİB

0.033417940139771