Qarınla qəbir arasında məsafə: Mütəxəssis zərərli qidaların təhlükəsindən danışdı

Bu sözləri “Qida Təhlükəsizliyi Hərəkatı”nın rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O, zərərli qidalardan və onların insan orqanizmində yarada biləcəyi təhlükələrdən söz açıb:

“Bunlar daha çox yarımfabrikatlar şəklindədir. Yəni öncədən hazırlanmış və yarıbişmiş, yaxud da rəf ömrü uzun olan kimyəvi qatqılı qidalardır. Bunlar insan orqanizmini yetərincə qida maddəsi ilə təmin etmir. İnsan orqanizminin sağlam olması üçün gündə 70-ə qədər makro və mikro elementi qəbul etməlidir”.

M. Hüseynovanın sözlərinə görə, ərzaqların əksəriyyəti ölü qida və yaxud da keyfiyyətsiz qida olduğuna görə orqanizm funksiyalarını normal yerinə yetirə bilmir:

“Kimyəvi qatqılar gənc dövrdə mənfi təsirini dərhal göstərə bilmir. Lakin zamanla daxili orqanın funksiyasının sıradan çıxmasına və təhlükəli xəstəliklərin yaranmasına gətirib çıxarır. O cümlədən erkən ölümlər, qəfil ürək tutmaları, eləcə də xərçəng xəstəliyi, autizm və daun sindromu və s.

Rəf ömrünün uzadılması, boyalar, aromatizator və emulqatordan istifadə insan orqanizminə öz mənfi təsirlərini göstərir. Kimyəvi qatqılar orqanizmdə həzm olunmadığına görə yığılıb qalır və daha çox qaraciyərlə böyrəklərdə problemə gətirib çıxarır.

Şəbəkəsində satılan “fast food” qidaların əksəriyyətinin ətdən hazırlanan hissəsi mənşəyi bəlli olmayan, yaxud qarışıq emal prosesi keçmiş məhsullardan hazırlanır. Dadlandırıcı olaraq müəyyən asılılıq yaradan “monosodium qlutomat” kimi maddələrdən istifadə olunur. Bunlar yeniyetmə və gənclər üçün daha çox zərərlidir. Rəngli qazlı içkilərin tərkibində “natrium benzoat”, “monopotasium qlutomat” və yaxud “monokalium qlutomat” mövcuddur. Bu maddələr sintetik mənşəli olduğuna görə insan orqanizminə öz təsirlərini göstərir”.

Ekspert onu da vurğulayıb ki, ağartı məhsullarının bəzilərini də sənaye üsulu ilə hazırlayırlar:

“Bəzən onların üstündə hiyləli terminlərdən istifadə edirlər, insanlar buna aldanır və onu qəbul etdikdə sanki ağartı məhsulları qəbul etdiyini sanır. Halbuki kimyəvi qatqılarla hazırlanmış süni məhsullardır. Həmçinin meyvə-tərəvəzlər, əgər mövsümündə deyilsə, yaxud uzaq ölkələrdən gətirilibsə, yüksək kimyəvi maddələr, hormonlar, antibiotiklərdən istifadə olunur.

Uzaq ölkələrdən gətirilən meyvələrin uzun müddət həmin yolu qət etməsi və xarab olmaması üçün onların bəzən qabığına və daxilinə müdaxilələr olunur”.

Rafi MÜSLÜMOV

Yenisabah.az

0.066488981246948