Yazıçı - jurnalist Günel Natiqə kömək edək

Uzun müddətdi ki, dəyərli, istedadlı həmkarımız, yazıçı - jurnalist Günel Natiq amansız xərçəng xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə bağlı bu gün Günel xanımla əlaqə saxladıq. Günel xanım bizlə telefon söhbətində bunları dedi:

"Mən 17 yaşından dövlət idarəsində işləmişəm, "bir ay işsiz qalaram, kiməsə möhtac qalaram deyə" özəl şirkətlərə getməmişəm. Həyatım idarənin divarları arasında keçib. Atamın sağlığında mən özüm başqalarına dəstək olurdum. Atamdan sonra öz problemlərimiz artdı. Mən xəstələnəndən sonra isə kreditlər həyatımızın vazkeçilməzinə çevrildi. Onsuz da həmişə qənaətli yaşamışıq. İstirahət, xarici ölkə, bahalı əşyalar- bizlik olmayıb. Yalnız iş, yazı və kitablarım.  Bu ilin əvvəlindən dostların dəstəyilə müalicəyə başladıq. Əvvəl 3 kurs sümük müalicəsi, sonra 4 kurs kimyaterapiya.  Mən özüm istirahət etmirəm, kimyaterapiyadan sonra belə işə gedirəm. Düzdür, çətindir, amma iş yoldaşlarım və rəhbərlik dəstək olur, vəziyyətimi yüngülləşdirmək üçün əllərindən gələni edirlər.  Bu aralar kimyaterapiyanın fəsadları- nevralgiya baş qaldırıb. Onun da öhdəsindən gəlmək lazımdır.  Özəl klinikalarda nevropotoloqların qəbulunun ödənişi və uyğun dərmanlar bir jurnalist üçün ağır yükdür.  Səhiyyə sistemindən razıyam, müalicə olunduğum yer mənə doğma məkana çevrilib. Həm həkimlər, həm tibb bacıları mənə dəstək olmağa çalışır. 17 ildən bəri xərçəng xəstəliyindən əziyyət çəkən biri kimi son 5 ildə bu tibb müəssisəsində müalicə olunmuşam və öz həkimlərimizin sayəsində müəyyən qədər sağlamlığıma qovuşmuşam.Bu ilin əvvəlindən xəstəlik yenidən oyanıb. Bu dəfə böyrəyimin sıradan çıxma ehtimalı var. İki dəfə böyrəkdən kiçik əməliyyat keçirmişəm.  Qaraciyərdə isə metastazlar böyük problem yaradır. Əslində orqanizmim bütövlüklə xərçəngə əsir düşür, sümüklərim də bu "əsarətdədir".  Bəzən yolum özəl klinikalara da düşür, elə kompüter tomoqrafiyaları var ki, yalnız özəl klinikalardadır, qiyməti isə xeyli bahadır.  Bir sözlə, 6 ay ərzində müalicənin öhdəsindən müəyyən qədər gəldik, artıq gücümün və maddi vəziyyətimin tükəndiyini hiss edirəm. Bu yolun davamı üçün köməyə ehtiyacım var".

Fuad BİLƏSUVARLI

0.027682065963745