Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) doğum günüdür.
BakuPress.Az xatırladır ki, gitara ifaçısı 1944-cü ildə noyabrın 14-də Ağdam rayonunun Gülablı kəndində anadan olub.
İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində alıb. 1962-ci ildə Ağdam şəhərinin Ü.Hacıbəyli adına Musiqi Texnikumunu bitirib.
İstedadlı musiqiçi 1966-cı ildə Dövlət Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında tarzən kimi fəaliyyətə başlayıb. O, eyni zamanda, “Dan ulduzu” instrumental ansamblında gitara ifaçısı kimi çalışaraq, milli musiqimizə yeniliklər bəxş edib. R.Hüseynov SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ansamblında ilk gitara ifaçılarından biri olub.
Sənətkar 50 ilə yaxın bir müddətdə həm Azərbaycanda, həm də xarici ölkələrdə milli musiqi mədəniyyətimizi və instrumental ifaçılıq sənətimizi yüksək səviyyədə təbliğ edib.
O, həmçinin, Birinci Qarabağ müharibəsi dövründə dəfələrlə cəbhə bölgələrində hərbçilərimiz qarşısında konsert proqramları ilə çıxış edib.
Azərbaycan ifaçılıq sənəti sahəsindəki xidmətlərinə görə Rafiq Hüseynov 2008-ci ildə Respublikanın “Əməkdar artisti”, 2014-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Rəmiş Qədir Rüstəmov, Rübabə Muradova, Yaqub Məmmədov, Səxavət Məmmədov kimi ifaçıları müşayiət edib.
Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. Azərbaycan xalq çalğı alətlərində peşəkar şəkildə ifa edə bilirdi.
Üç dəfə ailə həyatı qurub. Sonuncu həyat yoldaşı Güllü Hüseynovadır. Rəmiş 5 aprel 2021-ci ildə qaraciyər sirrozundan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Sənətkar “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.