Bizim də sıxıntılarımız var. Buna baxmayaraq işimizi davam etdirməliyik, doqquz futbolçumuz müxtəlif səbəblərdən heyətdə deyil”.
Bunu “Report”a açıqlamasında oktyabrın 13-də təlim-məşq toplanışı üçün Özbəkistanın paytaxtı Daşkəndə yollanacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev deyib.
41 yaşlı mütəxəssis bir neçə oyunçunun çempionat matçlarında zədələndiyini söyləyib:
“Amma inanıram ki, onlar tezliklə sıraya dönəcəklər”.
Nəbiyev oktyabrın 14-də və 16-da yoxlama görüşündə üz-üzə gələcəkləri Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə bağlı da fikirlərini bölüşüb:
“Özbəkistan yığması keyfiyyətli rəqibdir. Artıq onların bir neçə qarşılaşmasını təhlil etmişik. Bunlar Avropa çempionatının seçmə mərhələsindən əvvəl çox vacib matçlardır”.
Baş məşqçi seçmə mərhələdəki oyunların da çətin keçəcəyini vurğulayıb:
“Rəqiblərimiz də yaxşıdırlar. Amma ilk növbədə hazırlıq prosesindəki qarşılaşmaları düşünürük. Çünki burada müxtəlif variantlara əl atmaq istəyirik. Növbəti ay seçmə mərhələyə tam hazır olmalıyıq”.
Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina, Niderland və Lüksemburqla üz-üzə gələcək. Qarşılaşmalar noyabrda Lüksemburqda gerçəkləşəcək.