Rusiyalı nevroloq Olqa Zinçeva insult əlamətləri haqqında danışıb. O bildirib ki, iki cür insult var - işemik və hemorragik. Lakin birincisinə statistik olaraq daha çox rast gəlinir.
Həkim deyir ki, işemik insult, beyində hansısa qan damarının tıxanması və ya spazm olması səbəbindən inkişaf edir. Bəzən beyində şiş, qan damarının sıxılması və ya nəzarətsiz hipertoniya səbəbindən olur. Ancaq hemorragik insult beyin damarının yırtılması səbəbindən meydana gəlir.
Nevroloq insultun birinci əlaməti kimi baş ağrısını qeyd edib. Onun sözlərinə görə, hamıda baş ağrısı olur, lakin insult vaxtı olan başağrı tamamilə fərqlidir. Bir çox insan bunu başın arxasına balta və ya bıçaqla vurulması kimi təsvir edir, lakin ağrı küt və çox güclü hiss olunur. Bədənin mövqeyini dəyişdirərkən və ya öskürərkən belə ağrı daha da güclənə bilər. Bundan əlavə, insult zamanı tarazlıq və koordinasiya itkisi ilə başgicəllənmə tez-tez baş verir. Bütün bunlar ürəkbulanma və qusma ilə müşayiət olunur. Amma miqrendən fərqli olaraq, qusmadan sonra heç bir rahatlanma baş vermir.
Başqa bir əlamət, beynin zədələnən bölgəsindən asılı olaraq bədənin bəzi hissələrində uyuşmadır. Belə ki, xəstənin ayağı, üzü, dili tutula, huşunu itirə bilər. Gülümsəmə qabiliyyətinin itməsi də insultun əlamətlərindədir. Həkim həmçinin nitq pozğunluğunu da simptom adlandırıb. Zinçeva bu əlamətlər olduğunda dərhal həkimə müraciət etməyi məsləhət görür.
Mənbə: Rambler