Azərbaycan ət məhsullarına olan tələbin bir hissəsini idxal hesabına ödəyir” - FOTO

Azərbaycan xaricdən ət idxalını 3 dəfə artırıb. Bunu yem qiymətlərinin artması ilə də əlaqələndirirlər. Heyvan yemlərinin qiyməti artıb ki, onların da böyük hissəsi xaricdən idxal olunur. Azərbaycanda ət və ət məhsullarına tələbat daha çoxdur. Tələbat çoxaldıqca, qiymət də öz növbəsində artır. Son bir neçə gün ərzində həm mal, həm də qoyun ətinin qiymətində 2-3 manat bahalaşma müşahidə olunması ilə bağlı məlumatlar var. Hətta ətin bir kiloqramının qiymətinin 20 manata qədər yüksələcəyi güman edilir.

Bəs görəsən, yem məhsullarının qiymətinin artması, ətin qiymətinə təsir edəcək? Xaricdən idxalın artmasının səbəbi nədir?

 

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, Azərbaycanda bir çox məhsullar var ki, onları xaricdən idxal edirlər:

“Hər bir bazarın özünün tələbatı, istehlak gücü var. Bazarın istehlak gücünü bilirik. Təəssüflər olsun ki, Azərbaycanda bir çox məhsullar xaricdən idxal olunur. Bunun daxili və xarici faktorları var. Hər hansı bir ölkədə ət və ət məhsullarının qiymətinin baha olmasını yem məhsulu ilə əlaqələndiririk. Ümumiyyətlə, hər hansı bir məhsulun yekun qiyməti çəkilən xərclərdən asılıdır. Əgər heyvandarlıqda yemin qiyməti yüksək olacaqsa, təbii ki, yekun məhsula da təsirini göstərəcək”.

A.İbrahimov qeyd edib ki, yem məhsullarının xaricdən idxalının artması otlaq sahələrdə yaranan problemlərlə bağladır:

“Azərbaycanda dənli bitkilərin istehsalı həyata keçirilir. Onların hamısı qida məhsulu deyil. Azərbaycanda istehsal olunan məhsulların bir hissəsi yem məhsullarıdır. Otlaq sahəsində yaranan problemlərlə əlaqələndirmək olar. Ət və ət məhsullarının maya dəyərinin baha ərsəyə gəlməsi yekun qiymətə təsir edir. Daha öncə Azərbaycana Rusiya və Ukraynadan ət və ət məhsulları gətirilirdi. 2 dəfə ucuz başa gəlirdi”.

Ekspertin fikrincə, yerli istehsalı zənginləşdirməliyik:

“Müharibə çətinliklərə səbəb oldu. Həmin ölkədən gətirilən məhsullar da çətinlik yaratdı. Kənardan gətirilən məhsullar rəqabət formalaşdırdı. Balans pozuldu. Yem məhsulları xüsusilə Rusiya, Ukrayna və Qazaxıstandan gətirilirdi. Bu, xüsusilə kənar faktordan asılı olan məsələdir. Yerli istehsalımızı zənginləşdirməliyik”.

İqtisadçı əlavə edib ki, əkinə, yararlı torpaq sahələrinin 37 faizi şoranlaşıb:

“Qrunt sularının artması, nəzarətsizlik amilləri xaricdən idxala səbəb olur. Daxili istehsalı gücləndirməliyik. Bu sahədə işlər həyata keçirilməlidir.

Aqibətimizi kənar faktorlardan asılı qoymamalıyıq. Nə qədər Ukrayna və Qazaxıstandan un, yem məhsullarında istifadə olunan buğda idxal olunacaq, kənardan asılı olacağıq. Tədbirlər görüb, aradan qaldırmalıyıq”.

A.İbrahimov əlavə edib ki, bu dönəmdə ətin qiymətinin 20 manat olacağını düşünmür:

“Lakin ət və ət məhsullarının qiymətində bahalaşma müşahidə olunmalıdır. İnflyasiya iki fonda gedir. Ən təhlükəlisi gizli gedən inflyasiyadır. Məhsulu təşkil edən elementlərdə bahalaşma gedir. Məhsulun qiyməti birdən ortaya çıxır. Bu da gözlənilməz hesab olunur”.

Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, Azərbaycanda ət idxalının artması mövsümi faktorlarla bağlıdır:

“Eyni zamanda ətə tələbin yüksəlməsi qonşu ölkələrdən, eləcə də Gürcüstandan Azərbaycana gətirilən ət məhsullarının həcminin artmasına gətirib, çıxarır. Nəzərə alsaq ki, biz mütəmadi olaraq ətə tələbin yüksəlməsini müşahidə edirik. Ət istehsalını genişləndirmək vacibdir”.

V.Bayramovun sözlərinə görə, Azərbaycan ət məhsullarına olan tələbin bir hissəsini idxal hesabına ödəyir:

“Aqrar sektorda heyvandarlıq əsas prioritet istiqamətdir. Heyvandarlığın inkişaf etdirilməsi yerli istehsal hesabına, ət məhsullarına tələbin ödənilməsinə gətirib çıxara bilər. Amma reallıq bundan ibarətdir ki, Azərbaycan ət məhsullarına olan tələbin bir hissəsini idxal hesabına ödəyir.

Mövsümi faktorlar nəzərə alınmaqla aprel ayından yerli istehsalın həcminin artmasını müşahidə edə bilərik. Ət məhsullarının qiymətlərinin artması arzuolunan deyil. Kifayət qədər çox istifadə olunur. Ümumi xərcə təsir edəcək”.

Deputat əlavə edib ki, idxalın stimullaşdırılması məqsədəuyğundur:

“Qiymətin necə dəyişməsi tələbin ödənilməsindən asılıdır. Ona görə də yerli istehsal hesabına tələbin ödənilməsində çətinlik olsa, məqsədəuyğundur ki, xərc aşağı olan ölkələrdən idxal həyata keçirilsin. İdxalın stimullaşdırılması məqsədəuyğundur. Antiinflyasiya tədbirləri çərçivəsində Nazirlər Kabinetində bu istiqamətdə fəaliyyəti sürətləndirib, genişləndirmək mümkündür ki, belə hallar müşahidə etməyək”.

Milli Məclisin deputatı Aydın Hüseynov yem komponentlərinin dünyada bahalaşmasının ətin maya dəyərinə də təsir etdiyini söyləyib:

“Qlobal bazarlarda bir sıra qida komponentlərinin, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalında zəruri olan yem və digər komponentlərin bahalaşması, eləcə də qlobal səviyyədə daşınma və logistika xərclərinin artması bu sahədə qiymət artımlarına səbəb olub. Xüsusilə də Rusiya-Ukrayna münaqişəsi dünyada ərzaq tədarükü zəncirini pozub. Tədarük zəncirinin pozulması isə bütün məhsulların qiymət artımına gətirib çıxarıb.

Azərbaycanda heyvandarlıqla məşğul olan yerli sahibkarların istehsal etdiyi məhsullarının strukturunda xammal, emal malları və avadanlıqların, digər emal sənayesi materiallarının payı böyükdür. Heyvandarlıqda istifadə edilən yemin qiyməti dünyada çox yüksəkdir və artmaqda da davam edir. Fermerlər heyvanlar üçün istifadə edilən buğda və arpanın bir qismini yerli tələbat hesabına, digər hissəsini isə idxal hesabına ödəyirlər. Bu isə ətin maya dəyərinin artmasına səbəb olub”.

Deputat qeyd edib ki, ət idxalının artmasında turizm sektorunun canlanmasının da xüsusi rolu var:

“Əksər hotel və restoranlarda turist axının artması ilə əlaqədar ət məhsullarına da tələb artır. 2023-cü ilin yanvar ayında Azərbaycana 119 mindən çox turist gəlib ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 1,6 dəfə çoxdur. Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin genişlənməsi daxili istehlakı da yüksəltdiyindən bir sıra idxal mallarının, o cümlədən ət və ət məhsullarının da idxalının yüksəlməsi gözləniləndir”.

A.Hüseynov bildirib ki, xaricdən Azərbaycana gətirilən xammal və yem komponentləri gömrük rüsumlarından və əlavə dəyər vergisindən (ƏDV) azad olunub:

“Bu isə ölkədə fəaliyyət göstərən istehsal və emal sənayesi müəssisələrinin müasir texnologiyalara və yüksək əmək məhsuldarlığına malik olduğunu nəzərə alsaq, onların fəaliyyətini gücləndirməklə, tələb olunan əsas qida mallarının istehsalını yüksəltməyə imkan verəcək. İqtisadi stimullar, optimallaşma tədbirləri və vergi güzəştləri yerli istehsalın məsrəflərinin azalmasına səbəb olmaqla özünü məhsulların maya dəyərinin aşağı düşməsində göstərə bilər”.

0.032822847366333