Sumqayıtda milyonluq “tender oyunları”: İcra başçısı mülklərini niyə satır?- SİYAHI

Ötən günlərdə Sumqayıtda sahibkarlarla icra başçısı Zakir Fərəcov arasında pul qalmaqalının yaranması barədə yazmışdıq. JAMAZ.İNFO-nun bununla bağlı apardığı araşdırma nəticəsində məlum olmuşdu ki, şəhərdə həyata keçirilən əksər iri layihələri icra edən şirkətlərin pulları ödənilməyib. Nəticədə, Fərəcovun sahibkarlara 46 milyon manat borcu yaranıb.
Qeyd edək ki, həmin borcun böyük hissəsi Sumqayıt Dənizkənarı Bulvarın tikintisi, Şəhidlər Xiyabanının abadlaşdırılması, Sunmqayıtın giriş hissəsinin abadlaşdırılması və digər işlərlə bağlı olub. Bu prosesdə təkcə, yerli deyil, həmçinin Türkiyə və Çindən olan iş adamları da iştirak ediblər. Borclular arasında həmin xarici vətəndaşlar da var.
Fərəcov mülklərini satışa çıxarıb
Bu gün isə məlum olub ki, Sumqayıtın icra başçısı mülklərinin bir hissəsini satışa çıxarıb. BakuPress.az bildirir ki, bununla bağlı JAMAZ.İNFO-ya daxil olan məlumata görə, həmin mülklərin digər qismi isə banklara girov qoyularaq, müqabilində böyük məbləğli kreditlər götürülüb.
Qeyd edilir ki, Fərəcovun satışa çıxardığı mülkləri arasında villalar, obyektlər və restoranlar da var. Məsələn, Novxanı yolunun üzərində, dəniz kənarında yerləşən “Kalyon” restoranının satışa çıxarıldığı və 5 milyon manat qiymət qoyulduğu deyilir. Bundan başqa, Fərəcovun Novaxanıdakı 8 milyonluq villası, Fatmeyi və Digahdakı dəyəri 10 milyon manatla ölçülən mülkləri satışa çıxarıldığı bildirilir.
Həmçinin Corat qəsəbəsində Fərəcovlar ailəsinə məxsus dörd bir tərəfi hasara alınmış böyük bir ərazidə inşa edilmiş, içində 10-dan çox villa olan sahə də satış üçün nəzərdə tutulub. Əmlak mütəxəsisslərinin dediyinə görə, Coratdakı məhəllənin təkcə torpağının qiyməti 7-8 milyon manat təşkil edir. Orada tikilən evlərin ümumi dəyərini isə demək çox çətindir. Onlar güman edirlər ki, həmin mülklər də toplam 15-20 milyon manat təşkil edə bilər.
Fərəcovun Sumqayıtdakı ən böyük gəlir yerlərindən biri isə “Stansiya” deyilən ərazidəki heyvandarlıq kompleksidir. Məlumata görə, icra başçısı həmin kompleksin inkişaf etdirilməsi adı ilə banklardan böyük məbləğdə biznes kreditləri götürüb. Sumqayıt, Abşeron və Bakıdakı ticarət obyektlərini də girov qoymaqla banklardan pul götürdüyü deyilir.
Bu qədər pul icra başçısının nəyinə lazımdır?
Fərəcovun mülklərini satmasının səbəbləri dəqiqliklə məlum deyil. Hərçənd icra başçısı öz yaxın adamlarına bunu başqa bir şəkildə izah etməyə çalışır. Məsələn, o, yaxın adamlarına deyib ki, guya, “yuxarılara pul lazımdır”. Hərçənd bu inandırıcı görünmür. Digər bir bəhanəsi isə odur ki, guya, Qarabağdakı tikintiyə pul lazım olduğundan, o, mülklərini satıb yardım etmək istəyir. Fərəcovun bu bəhanəsi də inandırıcı deyil. Çünki Qarabağdakı tikintiyə dövlət büdcəsindən vəsait ayrılır. Faktiki olaraq Maliyyə Nazirliyi də ötən il ayrılan məbləği və onun mənbələrini açıqlayıb.
Gələn xəbərlərdən aydın olan isə odur ki, Fərəcovun mülklərini satışa çıxarması və böyük məbləğdə kreditləri götürməsinin səbəbi tamam başqadır. JAMAZ.İNFO-ya daxil olan məlumata görə, icra başçısı vəzifəsindən gedəcəyini bildiyindən mülklərini nağd pula çevirərək, onları xaricə ötürməyə başlayıb. Həmin iddialara görə, təkcə ötən ilin ikinci yarsında xaricə çıxarılan pulun məbləği qüz milyon manata yaxın olub. Həmin pullar isə xaricdə ya banklara yerləşdirilib, ya da mülklər alınıb. Bu mülklərin əsasən Çexiya , Serbiya və Bosniya-Hersoqovinada alındığına dair məlumatlar da mövcuddur.
Xəbərlərdən belə başa düşülür ki, Fərəcov işdən çıxarıldıqdan sonra sərvətini təminat altına almaq üçün bu addımı atıb. Görünür, onun təmsil etdiyi hakimiyyətə güvəni yoxdur və bu səbəbdən də mülklərini pula çevirərək, onları xaricə daşımaqla məşğuldur.
Sumqayıtda tender oyunları
Qayıdaq, Sumqayıtdakı borc qalmaqalına. JAMAZ.İNFO bununla bağlı apardığı araşdırmada müəyyən edə bilib ki, icra başçısı Zakir Fərəcov hakimi olduğu şəhərdə ciddi tender oyunları qurub. Həmin oyunlardan biri də odur ki, tenderləri özünün yaxın adamlarının adına açdığı şirkətlərin adına alıb. Lakin pulların idarə edilməsini başqa birinə həvalə edib.
Sahibkarların saytımıza verdiyi məlumatda vurğulanır ki, tender pullarını idarə edən şəxs onların bir qismini iş icraçısı olan podratçı şirkətlərlə versə də, əsas hissəsini özündə bir müddət saxlayıb, sonra da Fərəcova ötürməklə məşğuldur.
Dəqiqləşdirmələrimizə görə, Fərəcovun Sumqayıtdakı “tender kralı” Məmmədxanov Hümbət Əlicavan oğludur. Bu şəxsin adı bütün abadlıq, quruculuq işlərində, əsasən də yolların asfaltlanması işlərində çəkilir. Elə ödənişlərin əsas hissəsi də bu işlərdə düyünə düşüb.  Ödənilməyən hissələrin səbəbi isə görülən işlərin maya dəyəri ilə tender qiymətlərindəki uyğunsuzluq hesab olunur. Məsələn, sahibkarlar deyirlər ki, Məmmədxanov və komandası tenderin qalibi olmaq üçün görəcəkləri işin qiymətini aşağı yazırlar. Realda isə bu iş adamlarına iki dəfə baha başa gəlir.
Hümbət Məmmədxanov kimdir?
Hümbət Məmmədxanov mətbuata açıqlamasında deyib ki, o, heç bir tender prosesində iştirak etmir və etməyib. Lakin sahibkarların əlində məhz onun imzası olan müqavilə sənədləri var. Onun həmin sənədlərə imza atmasının qanunsuz olduğunu isə iş adamları da təsdiq edirlər. Sadəcə, Zakir Fərəcovun ona verdiyi səlahiyyətdən dolayı bu qanunsuzluqlara qol qoymaqdan çəkinmir.
Hümbət daha sonra bildirir ki, o, sıradan bir iş adamıdır və Sumqayıt şəhərində mebel sexi işlədir. “Mən heç bir abadlıq işi görmürəm. Bütün deyilənlər yalandır. Mənim Sumqayıtda yalnız mebel sexim var”.
Bəli, Məmmədxanov düz deyir. Onun Sumqayıtda mebel sexi var. Lakin Hümbət həmin sexdə kiminlə şərik olduğunu deməkdən çəkinir. Çünki konkret ad çəkərsə, bu, onun Zakir Fərəcovla əlaqələrinin üzə çıxması demək olacaq. Ona görə ki, həmin sexin xeyir duası ilə yanaşı, gəlirinin yarısı da məhz icra başçısına çatır. Elə bu münasibətlərdən dolayı Fərəcov tender işini Məmmədxanova verib. Amma ondan istifadə etdiyi də şübhəsizdir. Sabah problem yaranarsa, icra başçısı yaxasını kənara çəkərək, Hümbəti güdaza verəcək.
Onu da bildirək ki, Hümbət Məmmədxanov əslən Qubadandır. Uzun illərdir Sumqayıtda yaşayır. Onun Zakir Fərəcovla qohumluq əlaqəsinə malik olduğu barədə deyilənlər ki, real deyil. Ona görə ki, Fərəcovla Məmmədxanov arasında heç bir qohumluq əlaqəsi yoxdur.
Hərçənd DTX və ya Baş Prokurorluq Hümbət Məmmədxanovla bağlı araşdırma apararsa, daha ciddi faktları ortaya çıxara bilər. Elə sahibkarlar da sözügedən dövlət qurumlarından adıçəkilən şəxsin fəaliyyətinin araşdırılmasını istəyirlər. Bunun üçün lazım olan sənədləri də təqdim etməyə hazır olduqlarını bildiriblər.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc
0.039441108703613