Bir vaxt aşıq kimi toy-büsat aparan ana bu gün qızı və 3 nəvəsi ilə daxmada ölüm-qalım savaşı aparır - FOTO

Həyat yoldaşı vəfat etdikdən sonra övladları ilə küçədə, çadırlarda qalan ananın xalqın köməyinə ehtiyacı var.

Söhbət İkinci Zabrat qəsəbəsi Aşıq Ələsgər küçəsində qızı və 3 nəvəsi ilə birgə daxmada yaşayan Məhbubə Musayevadan gedir.

 

Çarəsiz ana deyir ki, həyat yoldaşı vəfat etdikdən sonra övladları ilə Allah ümidində yaşayırlar:

“Əvvəl çadırda qalırdıq. Soyuq havalarda yağış, külək çadırı dağıtdığı üçün qala bilmədik. Bir oğlanın yazığı gəldi bizə. Məcburi köçkün olan bir nəfər bu daxmanı satırdı, oğlan buranı aldı, bizi yığdı bura. Allah ondan min dəfə razı olsun. O gündən burada qalırıq”.

Məhbubə ana həm də incəsənət adamıdır, vaxtilə toylara aşıq kimi getdiyini deyən Məhbubə Musayeva uşağına dərman almaq üçün sazını da satıb:

“300 manat dəyərində olan sazı 150 manata satdım ki, uşağıma dərman alım. Uşaq əməliyyatda qalmışdı. Heç bir dövlət qurumundan bu günə qədər bizə kömək olmayıb. Nə pəncərə var, nə bir hava gələcək yer. Bura insan yox e, heç bir canlının yaşaya biləcəyi yer deyil, Allah ümidində bizik ki, hələ ölməmişik...”

Məhbubə Musayeva deyib ki, Sabunçu Rayon İcra Hakimiyyətinə ona müvafiq yardım edilməsi və mənzillə təmin edilməsi istiqamətində köməklik üçün ünvanlandığı müraciətə isə bir kəlmə cavab verilib. Cavabda da deyilib ki, İcra hakimiyyətinin “sizi mənzillə təmin etməyə maddi vəsaiti yoxdur”.

PhotoStock.Az-ın əməkdaşının çarəsiz vəziyyətdə yaşayan ananın qaldığı daxmadan hazırladığı reportajı təqdim edirik:

 

0.06870698928833