Sabiq icra başçısının korrupsiyaya görə təqsirləndirilən bacısı oğlu yenidən məhkəmə qarşısında

Ali Məhkəmədə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev və Mənzil-Kommunal Təsərrüfat Birliyinin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsinin keçmiş rəisi Murad Əhmədov və digər şəxslərin barələrindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

BakuPress.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər arasında Əkbərov Cəfər Razim oğlu, İsmayılzadə Seymur Yadulla oğlu, Xəlilov Şamil Rasim oğlu, Süleymanov Emin Sahib oğlu və Əliyev Novruz Arzu oğlu, Alıyev Babək Hacı oğlu və Ağaməmmədov Tural İrzəbəy oğlu da var.

Təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıblar. Həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə müəyyən olunub ki, Abşeron RİH Memarlıq və Tikinti Şöbəsinin müdiri (baş memar) Akif Əliyev vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon icra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib. O, Abşeron RİH MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3 000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib alıb. Daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirərək vətəndaşdan əlavə 1 500 manat məbləğində pul vəsaitini rüşvət qismində alıb, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib.

Bununla əlaqədar Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvətalma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.

Həmçinin istintaqla müəyyən edilib ki, Murad Əhmədov özünün Akif Əliyevlə yaxın münasibətlərinin olmasını, həmin münasibətindən istifadə edərək vətəndaşın Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin nəzdində 96 kvadratmetr qeyri-yaşayış sahəsinin texniki şərtlərinə dəyişiklik edilməsi və eskiz layihəsinin hazırlanması imkanına malik olmasını, bunun müqabilində 2 500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək onu aldadaraq qeyd edilən məsələnin müsbət həlli üçün onun 1 000 manatını ələ keçirib, o cümlədən vətəndaşın xeyrinə edəcəyi hərəkətə görə sonuncunu 2 500 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə təhrik edib.

Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əhmədov vətəndaşı aldadaraq 1 000 manat məbləğində pulu 20.06.2020-ci il tarixdə ondan alarkən cinayət başında yaxalanıb.

Qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunub.

Murad Əhmədov Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhriketmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Akif Əliyev 10 il 6 ay və Murad Əhmədov isə 6 il azadlıqdan məhrum edilib. Digər şəxslərə isə şərti cəza verilib. Hökmdən narazı qalan Akif Əliyevlə Murad Əhmədov apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmənin qərarına əsasən, Akif Əliyevin 10 il 6 müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə, Murad Əhmədovun cəzası isə 3 ilə endirilib.

Xatırladaq ki, Babək Alıyev Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovanın bacısı oğludur.

0.08237099647522