Masallı. “Oğlum döyüşə gedəndə kasınbçılıqdan qonşudan aldığı şalvarı qayış tapmadığı üçün onu məftillə bağlamışdı”

Oğluna şəhidlik statusu ala bilməyən ana millət vəkili Anar İsgəndərovdan tutmuş daha kimləri günahlandırdı?

Masallı rayonunun Ərkivan qəsəbə sakini, döyüş medalı almış, lakin şəhid statusu ala bilməyən Səriyyə ananın millət vəkili Anar İsgəndərov ilə Ərkivanda keçirilən görüşdə etdiyi çıxış ən daş ürəklilərin də ürəyini param-parça etdi. Həmin tədbir haqqında məlumatda isə bu fədakar qadının nəinki çıxışından danışıldı, heç onun adı da çəkilmədi. Bu çıxışda nələr yoxdur? Həmin çıxışın Səriyyə ana tərəfindən redaksiyaya təqdim etdiyi mətnini (kiçik ixtisarla, üslubuna toxunmadan ) və səs yazısını olduğu kimi sizə təqdim edirik:

 

“Cənab Deputat

Mən üç dəfə sizin qəbulunuzda olmuşam. Mənə demişdiniz ki, İlkinin sənədlərini mənə göndərin. Mən də bütün sübutlarla birlikdə hamısını sizə göndərmişdim. Mən aylarla sizdən xəbər gözlədim, yenə də qəbulunuza yazıldım. Çox gözlədim, amma qəbula çağırmadınız. Ona görə də mən indi bura gəlmişəm sizə deyim ki , biz sizin vətəndaşlarınızıq, seçiciləriizik. Mənin övladım 44 gün cəbhədə can qoyub, Murovdağ  - Kəlbəcər istiqamətində döyüşüb. 1 il 6 ay düşmənlə üz-üzə xidmət edib. 

Kürəyindən vurulub... 

7 gün qarın altında qalıb. 

3 gün sürüyə - sürüyə çıxarıblar. 

Haqq- ədalət budur bəyəm?

 Həmin məmurlar ki var, mənim övladım posta ola-ola vurulub, amma yazıblar posta olmayıb. Onun leytenantı  fərari olub, bölük komandiri saat 6-da əsgərləri qoyub qaçıb.

Dağın o tərəfində də, bu tərəfində də düşmən olub, ortada da bizimkilər olub. 

Bütün sübutlar əlimdədir, bütün səsyazmalar əlimdədir. Hakim gördü bu haqsızlıqları, 2 ildir mənim övladımın paltarların tələb edirəm, indi söz veriblər bu ayın 22-dəki məhkəmədə mənə göstərəcəklər. 

Deputat olaraq mən sizi çox gözləmişəm ki, bir dəfə olsun gəlib mənim qapımı açasız, mənim dərdimə şərik olasız. 

Mən gözümün ağı-qarası olan tək oğlumu, balamı vətən yolunda fəxrlə, qürurla vermişəm. 

Biz balalr, sizlər alnı açıq gəzsin deyə, 30 illik ləkəni təmizləyib. Amma siz oğluma ləkə vurdunuz. Prezidentimizin sərəncamı ilə şəxsi igidlik göstərərək medalla təltif olunub. 2 medalı var mənim balamın, diplomları var. Amma nəyə görə, mənim övladıma haqsızlıq olunur, cənab deputat! 

Mənim uşağımın cib dəftərindən nə çıxıb, bilirsiz? Yazılıb ki “Şəhid olsam ağlama, başına qara bağlama, heç vaxt ağlama, ana“ 

“ No oldu Paşinyan, no oldu, torpaqlarımızı geri aldıq”. Möhtərəm hakim oxuyub bu sözləri. Amma məktubun vərəqlərini bir çoxunu çıxarıblar. Onlara sərf eləməyən sözləri çıxarıblar. 

Kürəyində güllə dəyə-dəyə mənim uşağıma şər atdılar. (Guya intihar edib, guya özünü çənəsindən, sinəsindən vurub-red). Bunun cavabın kim verəcək mənə? 

Mən oğluma söz vermişəm. Haqq- ədaləti bərpa edəndən sonra onun məzarına gedəcəm. Mən onun məzarına gedə bilmirəm. Məni yuxularımda da rahat buraxmır balam. “Ana, mənə şər atırlar” deyir. 

Mənim uşağıma şər atanlar necə cavab verəcək? 

Çənəaltı dedilər, çıxdı ürəyindən. Kürəyindən güllə dəyib, ürəyindən çıxıb, buna necə cavab verəcəklər. Mənim küçəmə bir dəfə gəl, bax. Şəhidin plakatı var orda. Nəyə görə mənim küçəm elə bərbad qalmalıdır, cənab deputat?

Saq olsun mənim icram. Həmişə arxamdadır.

Getsin Adil Əliyevin oğlu döyüşə.

Ona söz vermişəm, onun haqqına almayınca, ölməyəcəm, 

Yazıblar analar həyasızlıq edir. Nə həyasızlıq etmişik. Balamın haqqın tələb edirəm. Onun haqqını yeyənlərə diz çökdürəcəm. Mənim bir balam var idi, evimin çırağı sönüb. Məni yaşadacaqdı.

Mənim prezidentim balama dəyər verib, medal verib.

Cənab deputat, bu sənin şəhidindir, sənin namusun qeyrətindir.

Ona nə uşaq pulu verib, nə başqa yardım.

O hərbiyə gedəndə ondan-bundan şalvar almışdı. Qayışı olmadığı üçün şalvarını tellə bağlamışdı.

Atası da zəlildir, o balam da. Heç nəyim yoxdur mənim.

Mənim balam proqramist idi. Gəlib, işləyib, səni yaşadacaqdı.”

Redaksiyadan:- Səriyyə ana bu günlərdə yenı Tərtərə, növbəti məhkəmə iclasına gedəcək. Evdə olan-qalanı da satıb, xərcləyərək, Tərtərə, 10-dan artıq məhkəmə iclaslarına gedib.

Cenub.az. Zahir Əmənov

0.037471055984497