Nazir toya çağırdı, getmədi - məşhur sənətkar haqqında 10 MARAQLI FAKT

 

Bu gün xanəndə, bir çoxlarının yaddaşında "Sona bülbüllər" mahnısı ilə qalan Qədir Rüstəmovun anım gündür. O, 2011-ci ilin bu günü vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub.

BakuPress.Az Qarabağ xanəndəlik məktəbinin yetirməsi ustad-xanəndə haqqında maraqlı faktları diqqətinizə çatdırır. Beləliklə: 

Xanəndə 11 yaşından ifa etməyə başlayıb. Yeniyetmə vaxtından onu dinləmək üçün adamlar onların Ağdamdakı evlərinin həyətinə yığışarmışlar. O, həmin illərdə müəllimi lk müəllimi Bahadur Mehrəliyev ilə toylara gedirmiş. Qədir Xan Şuşinski ilə də elə həmin toylardan birində rastlaşıb. O, Qədirə, - "Ay qara oğlan, oxu görək. Səsini yaman tərifləyirlər, görək nə qüdrətə maliksən",- deyir. Qədir "Qarabağ Şikəstəsi"ni ifa edir və Xan Şuşinski onu çox bəyənir. Həmin toyda Seyid Şuşinksi də Qədirin ifasında "Çahargah"a qulaq asır. Beləcə onu çox bəyənir və Bakıya dəvət edirlər. Bakıda musiqi məktəbində oxuyan Qədir imtahandan kəsilir və məktəbdən uzaqlaşdırılır. Lakin o, daha sonra Ağdama qayıdır və Konservatoriyada oxuyur. 

Deyilənə görə, ilk qadın bəstəkarlarımızdan Ağabacı Rzayeva bir dəfə onun "Sona bülbüllər" ifasını eşidərkən ürəkdən ağlayıb və huşunu itirib.Xanəndənin "Sona bülbüllər" ifasından sonra bu mövzuya 300-ə yaxın şeir həsr edilir. 

Qədir Rüstəmov "Üzeyir ömrü" filmində Cabbar Qaryağdıoğlunun obrazını canlandırıb. Yazıçı Anar onu buna görə güclə razı salır. Lakin çəkiliş meydançasında bir nəfərin, - "Qədiri necə razı sala bildin?"- sualını eşidən xanəndə buna çox əsəbiləşir və oranı tərk edir. 

Xanəndə bir çox hallarda kənardan qaradinməz görünsə də, dostları onun əksinə, olduğu yerdə hamını danışdıran, güldürən, diqqət çəkən birisi olduğunu deyirlər. O həm də çox emosional insan olub. 

Xalq artisti Arif babayev onun haqqında xatirələrini bölüşərkən deyib ki, "Sona bülbüllər"i ondan əvvəl də ifa edənlər olub, lakin Qədir kimi yanıqlı oxuyan olmayıb. Bu ifa təkcə Azərbaycanda yox, bütün Şərq dünyasında sevilib. Qədir Rüstəmovun bu ifası Qızıl Fondda saxlanılır. 

Onu tanıyanlar qəlyanı çox sevdiyini, qəlyansız qala bilmədiyini deyirlər. Qədir Rüstəmov haqqında xatirələrini bölüşənlər onun mühafizəkar olduğunu da söyləyirlər. 

Qədir Rüstəmov haqqında maraqlı faktlardan biri isə budur ki, ona Bakıdan ev də verilib, amma o, heç vaxt paytaxta köçmək fikrində olmayıb. Sənətkar Qəbələdə yaşayıb. 

Vaqif Bayatlı Odər "Düş televizordan Qədir Rüstəmov Gözəl səs gözəldir qeybdən gələndə..." misralarını ona həsr edib.

Yoldaşı Fatma Rüstəmova onun haqqında xatirələrini bölüşərkən deyib ki, Qədirə zəng edib hansısa nazir toya çağıranda, oxumağını istəyəndə, - getmirəm, -  deyirmiş. Rayona hanısa yüksək vəzifəli şəxs gələndə onu oxumaq üçün dəvət edirmişsə, balıq tutmağa getdiyini söyləyib imtina edirmiş. 

Xanəndənin dostları, incəsənət adamları onunla bağlı xatirələrində qeyd edirlər ki, Qədir Rüstəmov Ağdamın azad olunacağı, orada oxuyacağı günü xəyal edir, arzulayırmış. Ağdam işğal ediləndə o, şəhəri ən sonda tərk edənlərdən olub. Son Deyilənə görə, ömrünün son günlərində Türkiyədə müalicə olunarkən vəziyyəti ağırlaşır, komaya düşür. Həkimlər vəziyyətini müəyyənləşdirmək üçün dostu Aqil Abbasdan onun qulağına nəsə pıçıldamağı xahiş edirlər.

Aqil Abbas sənətkarın qulağına, - "Ay Qədir, Ağdamı alıblar. Dur gedək", - deyir. Can üstə olan xanəndə bu xəbərdən sonra əllərini tərpətsə də, komadan ayılmır. 

Böyük sənətkara rəhmət diləyirik! 

0.039793014526367