Şit zarafat, bayağı gülüş, yoxsa bisavadlıq? - Əməkdar artist QƏZƏBLƏNDİ

İndiki komediyalar əvvəlki illərlə müqayisədə cılızlaşıb. Bunun da səbəbləri var. Aktyor plastilin kimidir, onu yönləndirmək üçün yaxşı rejissor lazımdır. Amma hər rejissor bunun öhdəsindən gələ bilmir. Rejissorlarımız bunu istəmir və çox tənbəldirlər”.

 

Bunu “Bugünkü komediyalar əvvəlki illərdə olduğu kimi tamaşaçını güldürməklə bərabər düşündürə bilirmi?” sualını cavablandırarkən tanınmış aktyor, Əməkdar artist Çingiz Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

Aktyor hesab edir ki, keyfiyyətli gülüş üçün ilk növbədə səhnə əsərləri yazılmalıdır:

“Keyfiyyətli komediya üçün ilk növbədə ssenarilər yazan yazıçılar olmalıdır. Sovet dönəmində Seyfəddin Dağlı, Salam Qədirzadə və digər məşhur dramaturqlar var idi və gözəl səhnə əsərləri yazırdılar. O səhnə əsərləri əsasında da keyfiyyətli komediyalar təqdim olunurdu. Bu gün teatrda o komediyaları görə bilmirik. Çünki bunun üçün səhnə əsərləri yazılmalıdır. Amma indi bu sahədə yazan yazarlar barmaqla sayılacaq qədər azdır. Vaxtilə gözəl səhnə əsərləri var idi, tamaşalar hazırlanırdı. Tamaşaçılar o səhnəcikləri istər efirdən, istərsə də teatrda, görüşlərdə maraqla izləyirdilər. Mən Hacıbaba Bağırovun teatrında çalışanda o, mənə komediyanın bütün incəliklərini öyrədirdi. Hətta yadımdadır ki, bir dəfə Musiqili Teatrdan küsüb getdim, amma Hacıbaba müəllim məni yenidən teatra qaytardı. Çünki mənə çox inanırdı”.

0.030346155166626