22 noyabr- Ədliyyə işçilərin peşə bayramı günüdür

Azərbaycan Respublikasının ədliyyə sisteminin uzun və keşməkeşli tarixi vardır. Bu gün həmin sistemin yaranmasının 104illiyi qeyd edilir. Təsadüfi deyil ki, Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gündə, məhz 1918-ci il may ayının 28-də təsis edilib. Bu onu göstərir ki, Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin dövründə ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilib və demoratik dövlətimiz qədər yaş sahibidir.
Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra daha da çiçəklənib. Ümummilli liderimiz Heydər Əliyev rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən məqsədyönlü, genişmiqyaslı islahatlar həyata keçirilib. Səlahiyyətləri daha da genişləndirilən nazirliyin cəmiyyətdə rolu artıb. Ulu öndərimizin bu sahəyə diqqətinin bariz nümunəsi kimi ədliyyə işçilərinə verilən dəyəri özündə ehtiva edən sərəncamı qeyd edə bilərik. Belə ki,11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.
Ədliyyə sisteminin fəaliyyətinin təkmillədirilməsi, bu strukturda olan orqanların inkişaf etdirilməsi əlbəttə ki, ölkə başçımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılır və davamlı olaraq cəmiyyətə təqdim etdiyi islahatlar paketinin həyata keçirilməsində Ədliyyə Nazirliyinin də böyük rolu var. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı təbirlər həyata keçirilib.
2006-cı ildə ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, struktur təkmilləşdirilib. 18 aprel 2006-cı il tarixli Fərman ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilib. Nazirlikdə yeni qurumlar - Ədliyyə Akademiyası, regional ədliyyə şöbələri, müxtəlif reyestrlər yaradılıb. Həmin ildə həmçinin"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş və ölkə Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərmanı da imzalanıb. Aparılan islahatların nəticəsində regionlarda və həmçinin paytaxtımızda əhalinin məhkəmələrə müraciət imkanları asanlaşıb. Bunu vətəndaşlara göstərilən hüquqi yardımın fonunda edilən mənəvi kömək kimi də səciyyələndirmək olar. Çünki, burda insan amili və onun inkişafından söhbət gedir.
Hazırda ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi normativ hüquqi aktların hüquqi ekspertizasını, uçotunu və dövlət qeydiyyatını aparır, qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir, o cümlədən qanun layihələri hazırlayır və normativ sənədlərin layihələri üzrə rəylər verir, hüquqi maarifləndirmə işi aparır; hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, mətbu nəşrlərin reyestrini aparır; notariat fəaliyyətinə rəhbərlik edir; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir; dövlətlərarası övladlığa götürmə məsələlərini və sənədlərin leqallaşdırılmasını həyata keçirir; məhkəmə qərarlarının icrasının təmin olunmasını təşkil edir; məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə statistikasının aparılmasını təmin edir; qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydiyyatının aparılmasını həyata keçirir.
Nazirliyin nəzdində yaradılan Ədliyyə Akademyasında tədris tədbirlərində ədliyyə işçiləri və digər hüquqşünaslar nəzəri bilik və peşə hazırlıqlarını artırır. Ədliyyə işçilərinin peşə hazırlığı bununla bitmir. Onlar həmçinin beynəlxalq treninqlərə və ixtisasartırma kurslarına da cəlb olunurlar. Akademiyanın elektron resurslarla fəaliyyət göstərən Elmi Kitabxanası da bu bilik-bacarıqların təkmiləşdirilməsində böyük və əlçatan rol oynayır.
Mütəmadi olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə diqqətlə yanaşmaq üçün bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilir. Nazirliyin rəhbərliyi davamlı olaraq səyyar qəbullar təşkil edir, həmçinin yerli ədliyyə qurumları və məhkəmələrə baş çəkilir. Vətəndaşların məmnunluğu müxtəlif ədliyyə orqanlarında diqqət və qayğıda saxlanılır.
Bunuda qeyd etmək istəyirəm ki,ölkəmizin brendinə çevirilmiş ilk "ASAN xidmət"mərkəzi vətəndaşlara 2013-cü ildən xidmət göstərməyə başlayıb və vətəndaş məmnunluğunu tez və asan şəkildə həll etdiyi üçün təqdim edilən sənədlərin çoxu "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumlarının payına düşür.
Bir sözlə, Ədliyyə Nazirliyi 104 illik tarixi dövr ərzində zəngin, kəşməkəşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatmış, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilmiş, səlahiyyətləri xeyli genişlənmiş, cəmiyyətdə nüfuzu daha da yüksəlmişdir.
Peşə bayramı günü münasibətilə bütün ədliyyə işçilərini təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik !

0.049952030181885