Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb.
“Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant İlqar Nəsibov bildirib.
“Hadisə Əlif Hacıyev küçəsi 19 ünvanında, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, 11 saylı 2 otaqlı mənzildə baş verib. Otaqların arakəsməsi gipsoletdən olduğundan partlayış zamanı yüngül dağılıb. Həmçinin eyvandakı şüşələr sınıb. Yanğın 13 kvadratmetr ərazini əhatə edib”, - FHN rəsmisi qeyd edib.
“Deyilənə görə, mənzildə kirayənişinlər qalırmış. Hadisə zamanı yaşayış binasında heç bir xəsarət qeydə alınmayıb. Eyvanda deformasiyaya uğramış daşlar zamanı 2 nəfər kəllə-beyin travması alıb. İlkin məlumata görə, onlar 16-17 yaşlı yeniyetmələrdir. Onlara ilkin tibbi yardım göstərilib, xəstəxanaya aparılıb”, - İ.Nəsibov vurğulayıb.
O qeyd edib ki, yanğın saat 23:12-də baş verib: “Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik dəstəsi, həmçinin yanğınsöndürənləri 4 dəqiqə sonra hadisə yerinə cəlb olunub. Yanğın 16 dəqiqə ərzində söndürülüb. Alovun digər mənzillərə keçməsinin qarşısı alınıb".
Hadisənin başvermə səbəbi araşdırılır.
00:23
Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğında 1 nəfər yüngül xəsarət alıb, ölən yoxdur.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Ərazidə DİN və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Sakinlərin təhlükəsizliyi təmin edilib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılıb.
Əldə etdiyimiz məlumata görə, hadisə zamanı 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlu yanıq xəsarətləri alıb.
00:06
Bakının Nizami rayonundakı yaşayış binasında baş verən yanğın söndürülüb.
FHN-dən BakuPress.Az-a bildirib ki, ilkin ehtimala görə, hadisə qaz sızması səbəbindən baş verib.
Partlayış nəticəsində ölən olmayıb.
Bir nəfər yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə aparılıb.
23:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
23:27
Bakıda yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış yanğına səbəb olub.
Hadisə bu gün axşam saatlarında Nizami rayonunda, Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən binada qeydə alınıb.
Partlayış nəticəsində evlərin pəncərələri sınıb.