Hüquqşünas: “Paşinyanın Praqada verdiyi razılıq həm siyasi, həm də hüquqi cəhətdən çox əhəmiyyətlidir” - FOTO

“Paşinyanın Praqada verdiyi razılıq həm siyasi, həm də hüquqi cəhətdən çox əhəmiyyətlidir”.

Bu sözləri “Report”a açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev deyib.

O vurğulayıb ki, Azərbaycanın bütövlüyü və suverenliyi ölkənin bütün ərazilərinə aiddir. Hüquqşünasın sözlərinə görə, bəziləri 1991-ci il sərhədlərinin həmin ərazidə referendum keçirildiyinə görə “Dağlıq Qarabağ”a aid edilə bilməsi ehtimalından danışsa da, bu, yanlışdır:

“Dağlıq Qarabağ”la bağlı bütün qərarlar, o cümlədən “referendum” qeyri-qanunidir. Onlar legitim sayıla bilməz. Azərbaycanın suverenliyinin tanınması çox mühüm addımdır. Hətta bəzi erməni mənbələri də etiraf edirlər ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Praqa razılığı Qarabağ məsələsinə nöqtə qoymaqdır. Dünənki razılıq həm siyasi, həm də hüquqi cəhətdən çox əhəmiyyətlidir”.

Ə.Nuriyev hesab edir ki, Ermənistanın baş nazirinin Praqa razılığı gələcək sülh perspektivinə gedən yolda mühüm rol oynayır. O, sərhədlərin delimitasiya və demarkasiyası üçün ölkələrin ərazi bütövlüyünün tanınmasının əsas şərtlərdən biri olduğunu vurğulayıb və qeyd edib ki, əks halda sərhədlərin müəyyənləşməsi mümkün olmaz:

“Deməli, Paşinyanın dünənki bəyanatı həm də sərhədlərin müəyyənləşməsi baxımından əhəmiyyətlidir. Bəzi şərhlər qərəzli xarakter daşıyır, bəziləri isə məsələnin mahiyyətini düzgün anlamırlar. Prezident İlham Əliyev dünən bir daha xatırlatdı ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Əlbəttə, bu da çox ciddi mesajdır. Separatçı əhval-ruhiyyədə olan insanlar ya Azərbaycanın vətəndaşlığını qəbul etməli, ya da torpaqlarımızdan çıxmalıdırlar”.

Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdən sonra Yelisey sarayının rəsmi saytında bəyanat da dərc edilib. Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

0.03732705116272