Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq.
44 günlük haqq savaşımızda qəhrəmanlıqlar göstərən, öz canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etməklə adını tarixə yazdıran hərbçilərimizdən biri də Orxan Kərimlidir.
Arayış: Orxan Akif oğlu Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərinin Müskürlü kəndində anadan olub. Birinci sinfə 2007-ci ildə gedib. Göyçay şəhər 7 saylı tam orta məktəbində təhsil alıb. 2018-ci ildə həmin məktəbi bitirib. Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Orxan Kərimli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Orxan Kərimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Kərimli oktyabrın 9-da Murovdağ döyüşləri zamanı şəhid olub. Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. O, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Qubadlının və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif olunub.
BakuPress.Az-ın əməkdaşı şəhidin atası Akif Kərimli ilə həmsöhbət olub.
- Akif bəy, oğlunuz necə oldu ki, təhsilini yarımçıq qoyub, hərbi xidmətə yollandı?
- Müharibə başlayanda oğlum həqiqi hərbi xidmətdə idi. Hələ uşaqlıqdan Vətənə, torpağa sevgisi var idi. Orxan qiyabi oxuyurdu. Ali təhsili yarımçıq qoyub, hərbi xidmətə yollandı. O, 2020-ci ildə başlayan əks-hücum əməliyyatlarında igidlik göstərib. İlk olaraq Murovdağ, sonra isə Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edib. Orxanın ən böyük arzusu işğal altında olan torpaqlarımızı azad görmək idi. O, döyüşlər vaxtı ermənilərin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib.
2019-cu il oktyabrın 9-da hərbi xidmətə yola düşmüşdü, düz bir ilin tamamında şəhid oldu. O, topçu, baş tuşlayıcı idi.
- Oğlunuz xidmət dövründə məzuniyyətə gəlmişdimi?
- Bir il ərzində bir dəfə də olsun məzuniyyətə gəlmədi. Sentyabrdan öncə ona dedim ki, məzuniyyətə çıx, dedi, ehtiyac yoxdur. İndi başa düşürəm ki, o niyə məzuniyyətə çıxmaq istəmirmiş. Orxanın xidmət dövrü koronavirus pandemiyası ərəfəsinə düşdü. Biz də yanına gedə bilmirdik. Sentyabrın 23-24-ü danışanda dedi ki, ata, iki-üç günə biz birdəfəlik yuxarı çıxacağıq. Müharibə başlayandan sonra üç, ya dörd dəfə telefonla danışdıq.
- Orxanın şəhid olduğu yerə gedib, ona məxsus lövhə asmısınız...
- Mən topçuların öndə olmadığını bilirdim. Məni çox arxayın saldı. Şiş qayalıqda, dağlıq ərazidə idilər. Gizlənməyə yer yox idi. Onun şəhid olacağı ağlıma belə gəlmirdi. Onların hissələrində cəmi üç nəfər şəhid oldu. Biri də mənim oğlum idi. Həmin gün üç dəfə komanda verilib. Orxan sinif yoldaşı ilə birlikdə idi. Əvvəlcə sinif yoldaşı döyüş tapşırığını edib, daha sonra Orxan önə keçib, deyib ki, mən edəcəm. Atəş açdıqdan sonra təxliyə olunmalı idilər. Təxliyə olunanda qarşı tərəfin atdığı raket zərbəsi nəticəsində həlak olub.
Həmin günün axşamı xəbəri gəldi. Heç kəs mənə deyə bilmirdi. Qardaşıma xəbər vermişdilər, o da böyük oğluma deyib. Xəstəxanada olduğunu dedilər. Getdim xəstəxanaya, son dəfə övladımla vidalaşdım.
Bizim rayondan 46 nəfər şəhid olub. Rayonda şəhid ailələri ilə birlikdə cəmiyyət yaratmışıq. Bu gün də şəhidlərin xatirəsinin əbədiləşməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Onların adını uca tutmalıyıq. Şəhidlər unudulanda ölürlər. Hər bir şəhid ailəsi üçün bu, böyük fəxrdir.
- Torpaqlarımızın düşmən tapdığından azad olunduğunu eşidəndə hansı hissləri keçirdiniz?
- Oğlum oktyabrda şəhid olmuşdu. Noyabrda qələbə qazandıq. Kaş Orxan da görərdi... Qismət deyilmiş. Bir evdən iki övladı şəhid olanlar var. Generalımız, polkovnikimiz şəhid oldu. Mənim oğlum onlardan artıq deyil. Bununla özümə təsəlli verirəm. Telefonu kodda olduğu üçün aça bilmirik. Hələ də evdə saxlamışıq.
- Oğlunuzla son dəfə danışan zaman sizə nə söylədi?
- Sonuncu dəfə danışanda dedi ki, siz artıq rahat yata bilərsiniz. Oğlum bir dəfə də olsun geri çəkilməyib. Heç nədən şikayət etməyib. Bir dəfə də deməyib ki, əziyyət çəkirəm.
Oğlum şəhid olandan sonra komandirindən necə şəhadətə qovuşduğunu soruşdum. Dedi ki, oğlunun yaşı az olsa da, bölmənin içərisində birinci idi, sən qəhrəman atasısan.
Orxan bir neçə dəfə düşmənlə üzbəüz qalıb. Dostuna deyib ki, bu dəfə şəhid olmadıq. Dostları “ehtiyatlı ol” deyəndə bildirib ki, “şəhid olmaq varsa, onsuz da olacağıq”.
- Orxan çox gənc idi. Arzularından heç sizə bəhs edirdimi?
- Onun arzusu ittihamçı prokuror olmaq idi. Mən özüm də, Orxanın böyük qardaşı da hüquqşünasıq. Bu sahəyə marağı ondan irəli gəlib. O, ali məktəbə qəbul olunanda çox sevinirdim ki, bir evdən üç hüquqşünas olacaq.
- Sentyabrın 12-dən 13-nə keçən gecə baş verən hadisələrdən xəbərdarsınız. Münasibətiniz necə oldu?
- Çox təəssüf ki, həmin gün də şəhid verdik. Göyçaydan da şəhid verdik. Çox ağır idi. Vətən müharibəsi günlərini mənə xatırlatdı. Elə hiss etdim ki, Orxan yenidən şəhid oldu. O demək istəyirdi ki, “necə gəlim?” Ayıldım, gördüm ki, yuxu imiş. Yoldaşları da onun tez-tez yuxularına girdiyini deyirlər. Yuxuda yoldaşlarına deyir ki, “mən ölməmişəm”.
Nəzrin Vahid