“Oğlum şəhid olan gün qəribə bir yuxu gördüm. Yuxumdan heç kəsə bəhs etmədim, çünki qorxdum ki, birdən çin olar... Sən demə, oğlum elə məhz həmin gün şəhid olubmuş”.
Bu sözləri “Report”a Vətən müharibəsi şəhidi baş leytenant İlkin Məmmədzadənin anası Fatma Məmmədova deyib.
İlkinlə sonuncu dəfə 2020-ci il avqustun 8-də görüşdüyünü xatırladan Fatma xanım həmin günlə bağlı xatirələrini bölüşüb. O, övladının həmin vaxt evə gəlişini toy-bayram adlandırıb:
“İlkin 2020-ci ilin avqust ayında üç günlük evə gəlmişdi. Həmin vaxt təsadüfən qohumlarımız və tanışlarımız da bizə qonaq gəldilər deyə, sanki evimizdə toy-bayram idi. Heç bilmirdim ki, bu, oğlumla son görüşümüzdür. Ayın 8-də şadyanalıqla onu yola saldıq. İlkin gedərkən nədənsə həyətdən bir qızılgül qopardı. Ürəyim rahat idi, düşünürdüm ki, oğlum yenə də sağ-salamat geri qayıdacaq. Onu yola salandan sonra getdiyi yolu çəkib paylaşdığını gördüm. O zaman səbəbsiz şəkildə bir narahatlıq hiss etdim. Amma özümü pis fikirlərlə yükləmədim. Ondan sonra ara-sıra az da olsa oğlumla danışırdıq. Sentyabrın 21-də zəng edib mənə dedi ki, təlimlər başlayır, artıq tez-tez zəng edə bilməyəcəyəm.
Nə zaman danışırdıqsa, ona daim irəlidə olmağı, torpaqlarımızı azad edib qələbə ilə geri dönməsini arzu edirdim. Amma şəhid olacağına heç vaxt inanmırdım”.
F.Məmmədova bildirib ki, oğlunun şəhid olduğu gün qəribə yuxu görüb:
“Artıq neçə gün idi, rahat yuxu yata bilmirdim. Oktyabrın 7-də ani yuxuya getdim və o zaman təsirli bir yuxu gördüm. Gördüm ki, ölən bir insan gülərək, üzü nurlu şəkildə bizə gəlib. Oyanıb yuxumu suya danışdım. Başqa heç kəsə yuxumdan bəhs etmədim. Qorxdum ki, yuxum çin olar... Sən demə, oğlum elə məhz həmin gün şəhid olubmuş. Dünyasını dəyişmədən öncə, yaralı vəziyyətdə döyüş yoldaşlarına deyib ki, anama zəng edib şəhid olduğumu xəbər verin. Son nəfəsində yanındakı döyüş yoldaşına üzərinə qərənfillər yağdığını bildirib. Oğlum beləcə şəhidlik zirvəsinə ucalıb”.
Şəhidin xidmət etdiyi taborun komandiri olmuş mayor Əli Səttarov deyir ki, İlkin əsl döyüşçü kimi canı və qanı bahasına şəhidlik zirvəsinə ucalıb:
“2019-cu ilin avqustundan İlkinin tabor komandiri olmuşam. Onun gücünə, xarakterinə və vətənpərvərliyinə yaxşı bələd idim. O, Vətəninə bağlı, əsl igid, mərd döyüşçü idi. Ona hansısa məsələni detallı izah etməyə ehtiyac yox idi.
İlk döyüşümüz sentyabrın 29-da Ağdərə istiqamətində oldu. İlkinin orada göstərdiyi şücaət, şəxsi heyəti arxasınca aparması, həqiqətən də, əvəzsiz idi. Oktyabrın 7-də bizim növbəti hücum əməliyyatı planlaşdırılmışdı. Artıq səhər radələrində düşmənlə mübarizə gedirdi. O, düşmən postunun ələ keçirilməsi zamanı əl qumbarasının atılması nəticəsində yaralandı. Yaralı olsa da, orada mübarizə apardı. Düşmən çalışırdı ki, komandir heyətini sıradan çıxarsın və şəxsi heyəti başsız qoysun. Ancaq İlkin çalışırdı ki, yaralandığını heç kimə bəlli etməsin. O, növbəti dəfə düşmən gülləsinə tuş gəldi”.
Qeyd edək ki, Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Məmmədzadə 21 nəfərə yaxın yaralı hərbçini döyüş meydanından çıxarıb. Oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində “Tülkü Dərəsi” adlanan ərazidə şiddətli döyüşlər zamanı qəhrəmancasına vuruşaraq şəhid olub. O, oktyabrın 8-də Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.
İlkin Məmmədzadə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Rəşadət” ordeni ilə təltif olunub.