Ermənistan üçün son şans - TƏHLİL + FOTO

İki gün əvvəl Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri Cenevrədə görüşdülər. Görüşün əsas məqsədi Brüssel sülh gündəliyi çərçivəsində keçirilmiş görüşlərə uyğun olaraq iki dövlət arasında nəzərdə tutulan sülh sazişinin mətnini razılaşdırmaq olub. Bununla bağlı olaraq tərəflər qarşılıqlı şəkildə tələblərini bildiriblər. Azərbaycan bir daha sülh gündəliyinə sadiq qalaraq əvvəldən təklif edilmiş müddəalar üzərindən formalaşan yeni təklifləri Ermənistan tərəfinin diqqətinə çatdırıb. Eyni zamanda istər 10 Noyabr Bəyanatı olsun, istərsə də Moskva və Brüssel görüşləri zamanı Ermənistanın üzərinə götürdüyü öhdəlikləri qısa müddət ərzində icra edilməsinin vacib olduğu görüşdə səsləndirilib.

Görüşə reallıqdan uzaq olan təkliflərlə gələn erməni tərəfinin məqsədi nədən ibarət olub?

Son zamanlar Ermənistan tərəfindən həyata keçirilən siyasi manipulyasiyaların hədəfə çatmaması və erməni siyasi rəhbərliyinin kömək diplomatiyasının tam da uğurlu olmamasını nəzərə alsaq, bu görüş, eləcə də qarşıdan gələn Praqa sammiti çərçivəsində görüş Ermənistan üçün son şans hesab oluna bilər. Cenevrə və Praqa görüşləri ərəfəsində Ermənistan ətrafında baş verən siyasi hadisələri izləməklə yaxın gələcəkdə nələrin baş verə biləcəyini böyük ehtimalla proqnozlaşdırmaq olar.

İlk olaraq, onu qeyd etmək lazımdır ki, bölgədə sülhün qorunması istiqamətində aparılan işlərə rəğmən, növbəti erməni təxribatının baş verməsi, eləcə də Qərbin Ermənistana geniş nüfuz etməsi onu deməyə əsas verir ki, Azərbaycan və Ermənistan arasında son addım kimi sülh müqaviləsinin imzalanmasında maraqlı olmayan tərəflər və hətta qlobal güclər də var. Təxribat zamanı Azərbaycana qarşı çoxvektorlu planlaşdırılmış hücumların olması bu təxribatın əvvəlcədən hazırlanması və bir sıra dövlətlər tərəfindən Ermənistana dəstəyin fonunda reallaşmasını tam qətiyyətlə demək olar. Nəticə isə hər zaman olduğu kimi, erməni cəmiyyətində müxtəlif müstəvilərdə Azərbaycanın xeyrinə proyeksiya olundu.

Belə ki, Ermənistanın ilk prezidenti olmuş Levon Ter-Petrosyan verdiyi geniş müsahibəsində açıq şəkildə Ermənistan dövlətinin məhvolma astanasında olduğunu, xarici dəstəyə bel bağlamamağı, Türkiyə və Azərbaycan ilə münasibətləri normallaşdırmağın vacibliyini xüsusi olaraq vurğuladı. Bundan bir neçə gün sonra ölkənin üçüncü prezidenti olmuş Robert Köçəryan da müsahibəsində erməni dövlətçiliyinin məhvə getdiyini, Qərbin və Rusiyanın onlara kömək etmək iqtidarında olmadıqlarını bəyan etdi. Beləliklə, erməni müxalifəti tam şəkildə ölkənin Azərbaycanla sülh sazişini ratifikasiya etməkdən başqa çıxış yolunun olmadığını etiraf etdi. Artıq Ermənistanın baş naziri, mətnaltı ifadələrlə də olsa, erməni müxalifətini təkrarlamalı olub. Yəni ağır şərtlərə rəğmən, Azərbaycanla sülh sazişinin imzalanması labüddür.

Cenevrə görüşündən dərhal sonra erməni KİV-i görüş zamanı Azərbaycan tərəfinin irəli sürdüyü iddia olunan, daha doğrusu, iddia etdikləri tələbləri tirajladı. Tələblər də məhz Azərbaycanın bir müddət öncə Ermənistana təklif etdiyi beş maddəlik sülh təklifləri əsasında formalaşmışdır. Ermənistanın siyasi rəhbərliyi tərəfindən bu yaxınlarda tez-tez gündəliyə gətirilən Xankəndi-Bakı kommunikasiyasının qurulması ideyasının da üstündən xətt çəkilmiş oldu. Belə ki, Azərbaycan XİN tərəfindən verilmiş bəyanatda bu məsələnin yer almadığı bunu deməyə əsas verir.

Ermənistan rəhbərliyinin kömək əldə etmək məqsədli səfərlərindən sonra bölgəyə beynəlxalq müşahidəçilərin gətirilməsinə isə Azərbaycan dövləti hələ ki cavab verməyib. Bu məsələnin bölgə üçün həm xeyirli, həm eyni zamanda olduqca təhlükəli tərəflərinin olmasını gözə alan rəsmi Bakı bu məsələni müzakirə etməyə tələsmir. Bu, eyni zamanda bölgədə sülhün qarantı rolunda çıxış edən ölkələrin də siyasi imicinə zərbə vura bilər.

Oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin növbəti sammiti keçiriləcək. Azərbaycan da sammitin işində iştirak etmək üçün dəvət olunub. Dəvətlərin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Çexiyanın Baş naziri, Aİ-nin hazırkı Prezidenti Petr Fiala tərəfindən imzalanmasını nəzərə alsaq, Azərbaycanın buradakı iştirakı daha çox siyasi mahiyyət kəsb edir. Ermənistan tərəfinin iştirakı isə sırf formal xarakter daşıyır desək, heç də yanılmarıq. Məhz bu məqamlar erməni cəmiyyətinə ciddi mesaj olmalıdır. Aİ ilə Azərbaycan arasında son zamanlar enerji diplomatiyası sahəsində yaranmış məhsuldar münasibətlər, çox şübhəsiz ki, bu görüşdə də Azərbaycanın qalib mövqeyini gücləndirmiş olacaq.

Sammit çərçivəsində Türkiyə prezidentinin Ermənistan baş naziri ilə görüşü planlaşdırılıb. Artıq hər iki tərəf bunu təsdiq edib. Məhz bu görüş Ermənistanın bölgədə gələcək müqəddəratını müəyyən edə bilər. Türkiyə KİV-ə istinadən demək olar ki, görüş zamanı əsas müzakirə olunacaq müddəalardan biri məhz Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması olacaq. Artıq erməni KİV-i məlumat yayıb ki, noyabrın ilk günlərində ilkin olaraq Brüsseldə sülh sazişinin imzalanmasını gözləmək olar. Sammitin işində əsas məqamlardan biri də Türkiyə, Azərbaycan və Ermənistan üçlüyündən ibarət görüşün keçirilmə ehtimalının səsləndirilməsidir. Ehtimal etmək olar ki, Cenevrə görüşü məhz bunun üçün əlverişli zəmin yarada bilib. Praqada Azərbaycanla birgə üçtərəfli görüşün baş tutacağı təqdirdə Ermənistanın yaxın gələcəkdə sülhyönümlü siyasət sərgiləyəcəyini ehtimal etmək olar.

Görünən odur ki, Ermənistanın siyasi, hərbi və diplomatik rəhbərliyi çox çətin geosiyasi şəraitdə Azərbaycanla sülh sazişini imzalamaq məcburiyyətində olacaq. Əks halda erməni cəmiyyəti gözəl anlayır ki, Azərbaycan tərəfindən növbəti addım kimi genişmiqyaslı əməliyyatın icrası və daha ağır sülh şərtləri masaya qoyula bilər.

Report İnformasiya Agentliyi

0.090381145477295