YAZIÇILAR BİRLİYİ KİRAYƏ QALANLARA EV VERMƏDİ – AÇIQLAMA

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri arasında narahatlıq yaranıb.
Belə ki, AYB üzvü olan, illərdir kirayələrdə əziyyət çəkən üzvlərin ev siyahısında adları çıxmayıb. AYB tərəfindən ev verilən onlarla yazıçının şəxsi mənzilləri də var. Hətta ev verilən yazıçıların əksəriyyətinə ikinci dəfədir ev verilir.
BakuPress.az məsələ ilə bağlı evsiz qalan yazıçılardan açıqlama aldı.

Yazıçı, tərcüməçi Sevil Gültən bildirdi ki, 2003-cü ilin avqust ayından, 20 ildir ki, kirayələrdə əziyyət çəkir:”İki qızım var, yoldaşım rəhmətə gedib. Azərbaycanda məndən çox tərcümə edən yoxdur. Ümumilikdə 200-dən çox kitab tərcümə etmişəm. 150-dən çox hekayə yazmışam. Amma adi işçiyə ev bağışlayan Anar məni görmür. Şəmsiyyə Camalovaya ev veriblər. Maraqlanın, kimdir o? Nə yazıb ki, AYB üzvü olub? Bəs Şəfəq Sahibli kimdir? Şedevr yaradıb? Naringülün neçə evi var. Əri bizneslə məşğuldur. Arifə Əliyeva üçüncü dəfədir ev alır. Anarın köməkçisi Raufun ən azı beş evi var, beş bağ evi var”.

Yazıçılar birliyində çalışan şair Taleh Mansur bildirib ki, Azərbaycan Yazıçılar Birliyində çalışanlar arasında yeganə kirayədə yaşayan mənəm. Həm də iki körpə uşaqla, şəraitsiz və qəbir kimi balaca bir evdə. Sağ olsunlar, bu gün “ədalətli seçim əsasında” 21 nəfərə mənzil verildi. Uzun sözün qısası, gedim kirayə haqqını ödəyim…
P.S. Mənliyiniz, kişiliyiniz, vicdanınız olsun, heç olmasa Allahınız!

“Ulduz” jurnalının baş redaktor müavini, yazıçı Təranə Vahid bildirib ki, “Üç gündür söz-söhbət bitib-tükənmir. Niyə? Çünki ortada haqsızlıq var!
Evi üç şərtlə versəydilər heç bir qalmaqal olmayacaqdı. Şərt qoyardılar:
1. Əbəbiyyatda ən böyük xidmətləri olan yaşlı yazıçılara.
2. Ümumiyyətlə evi olmayanlara.
2. AYB-də çalışan texniki işçilərə və ya özlərini sədaqətli göstərənlərə. (Halbuki onların sədaqətinə zərrəcə inanmıram).
Amma bunların heç biri olmadı. Ev əməliyyatı “ustalıqla” – gizlin, xəlvət, səssiz həyata keçirildi. Belə olan halda şəffaflıqdan danışmaq əbəsdir.
Ev alanlar arasında bir neçə evsiz də ev aldı ki, ona da hamımız sevindik. Yoxsa qoşa-qoşa evi olana ev vermək! Bunun adı ədalətsizlikdir!
On ildir AYB-də işləyirəm, səkkiz ildir ev növbəsindəyəm, evim olmadığını da bilməyən yoxdur. Bəhanələri isə yersizdir: Guya evim olmadığını bilmirdilər, guya yadlarına düşməyib. Ən böyük pislik adamı görməzdən gəlməkdir. Mənim haqqımı göz görə-görə tapdaladılar, mənim haqqım çatan evi gözümün qabağında iki-üç yerdə evi olanlara hədiyyə etdilər. Təəssüf edirəm!”

Yazıçı, tərcüməçi Zahid Sarıtorpaq isə şikayətini belə bildirdi: “AYB yenə mənzil paylayıb. Layiq olanları təbrik edirəm.
Mənim kimilərini həmişə görməzdən gəldilər… və susdum… İllər uzunu susdum. Əziyyətlərə qatlaşıb heç kimə şikayət etmədim, ədəbiyyatla məşğul oldum. 80-ci illərdə M.Qorki adına ədəbiyyat institutunu bitirənlərə H.Əliyevin tapşırığıyla mənzillər veriləndə yada düşmədim. Yenə susdum. Bakıda kirayələrdə yaşamağa davam etdim. 35 ildir AYB üzvüyəm. Beş il də idarə heyətinin üzvü olmuşam. 1989-cu ildə evdən ötrü verdiyim ərizəni çox sonralar xəbər tutdum ki, “itiriblər”. 2000-ci ilin ortalarında yenə ərizə verdim. Nə isə… Övladlarımı kirayələrdə böyütdüm. Məcbur olub rayonda ev tikəsi oldum. Bu üzdən maddi ehtiyaclara görə, ömrümün 12 ilini Rusiyanın şaxtasında-soyuğunda çörək qazanmaqla keçirdim. Mənim adımdan saxta zəmanət düzəldib AYB-a üzv seçilən (bu barədə sonralar xəbər tutdum), Bakıda evi olan, ədəbi mühitdə tanınmayan, təmsilyazan, düşük birisinə
mənzil pulu (?) verdilər (9 mənzili satıb pulunu 36 nəfər arasında bölmüşdülər), yenə mən yada düşmədim. 66 yaşım var. Günü bu gün də oğlumun öz gücünə Masazırda inşa etdiyi evdə, onun himayəsində yaşayıram. AYB -da da gözəl bilirlər ki, mən ədəbiyyatla məşğulam. Şeirlərim öz yerində, son on ildə altı roman nəşr etdirmişəm. Hələ üzə çıxarmadıqlarım da var. Təvazökarlıqdan uzaq olsa da romanlarımla bağlı elmi araşdırma aparılır. Üzünü belə görmədiyim, yazılarıma dəyər verən insanlar var ki, mətnlərimlə bağli doktorantlıq işi yazırlar… Onlarla xarici müəlliflərin əsərlərini dilimizə çevirmişəm. Yəni, doğrudan da bunlardan AYB rəhbərliyinin xəbəri yoxdur? Nəyə görə haqqa göz yumurlar. Heç olmasa, vikipediyama göz yetirsinlər. Sonrakı ədəbi nəslin içində çox istedadlı yazarlar var ki, vəziyyətləri dilə gətiriləsi deyil. Yaxşı, məni görmürsünüz, bəs onları? Bəs onlar necə olsun?
Amerikanın ilk prezidentlərindən olan Avraam Linkolnun çox gözəl bir fikri var. O, deyib ki, “bir adamı həmişə aldatmaq olar. Bir qrup adamı müəyyən vaxta qədər aldatmaq olar. Amma bütöv bir xalqı aldatmaq mümkün deyil…”
Ayıb olsun…”

0.16535210609436