Qərbin yeni oyunu: Separatçılar, hərbi canilər “siyasi məhbus” siyahısında - ŞƏRH + FOTO

Qərbin erməni lobbisinin təsiri altında olan dairələrinin ölkəmizə qarşı növbəti qərəzli kampaniyası start götürüb. Erməni lobbisindən yemlənən dairələrin qərəzi o həddə çatıb ki, elementar beynəlxalq hüquq normaları və prinsipləri belə nəzərə alınmır. Fransa başda olmaqla, bəzi Avropa ölkələrində Azərbaycana qarşı “qərəz maşını”nı işə salınıb. Riyakarlıq o həddə çatıb ki, hərbi cinayətlərdə ittiham olunaraq həbs edilən erməni separatçılar “siyasi məhbus” elan edilib. Fransa yenə də bu iyrənc və riyakar kampaniyada öndə gedir. Hətta ölkədə daşnaklarla birləşib biabırçı siyahı da hazırlayıblar.

55 nəfərlik bu siyahıda kimlərin adı yoxdur? 44 günlük müharibə zamanı Gəncə və digər şəhərlərimizin bombalanması əmrini şəxsən verdiyini etiraf edən Arayik Arutyunyan, qondarma quruma rəhbərlik etmiş Bako Saakyan və Arkadi Qukasyan, erməni milyarder Ruben Vardanyan və s. şəxslərin adlarına rast gəlmək mümkündür. Məhkəmə qərarı olmadan bu şəxslərin günahsız olduğunu, hətta “siyasi məhbus” elan edən Qərb dairələri, sözsüz ki, bununla da Azərbaycana qarşı təzyiq kampaniyasına start veriblər.

Prezident Emmanuel Makron və komandasında təmsil olunanların erməni lobbisindən aldığı vəsaitləri doğrultmaq üçün dəridən-qabıqdan çıxdıqları bəllidir. Bu kampaniya ilə isə bütün əndazələri aşmış olublar.

Qatı ermənipərəst mövqeləri ilə tanınan Paris meri Ann İdalqo, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo və siyahıda adı hallanan digər şəxslərin hərbi cinayətlərdə əli olduqları barədə tutarlı faktlar olduğu halda, həyasızcasına onlar “siyasi məhbus” kimi təqdim olunub. Bu günlərdə barəsində uzunmüddətli həbs qərarı çıxarılan Xocalının Meşəli kəndində törədilən soyqırımının rəhbəri Vaqif Xaçatryanın adını isə nədənsə siyahıya salmaq istəməyiblər. Görünür, erməni cəlladın etirafları onları fikrindən daşındırıb. Erməni mediasında yer alan xəbərlərə görə, Fransada keçirilən tədbirlərdən birində Azərbaycan düşməni olan xeyli şəxs cəmləşib. Onları bir yerə yığan şəxs isə Fransada yerləşən erməni təşkilatları koordinasiya şurasının (CCAF) həmtəsisçisi Murad Papazyandır.

Luis Moreno Okamponun adı hər kəsə yaxşı məlumdur. Bir neçə il əvvəl korrupsiya və cinsi təqibdə ittiham olunan bu şəxsin Gəncə və digər şəhərlərimizin bombalanmasına şəxsən əmr verdiyini etiraf edən, 44 günlük müharibə zamanı insanlıq əleyhinə cinayətlər törətmiş Arayik Arutunyanla sıx dostluq münasibətləri var.

Okamponun yeni kampaniyada öndə getməsi də təsadüfi deyil. Belə ki, onunla qondarma qurumun keçmiş rəhbəri Arayik Arutyunyanla işbirliyi olub. Bu barədə mediada da dəfələrlə yazılıb. Vaxtilə Arayik məhz Okampodan Qarabağdakı vəziyyətə münasibət bildirməyi xahiş edib və bu, faktdır. Eks-prokuror da tapşırığı yerinə yetirib. Qarabağda mövcud vəziyyət barədə qərəzli hesabat dərc edib. Keçmiş prokurorun Qarabağda “humanitar fəlakət” yaşanması ilə bağlı yersiz iddiası hətta Qərb mediası tərəfindən təkzib olunmuşdu.

 

 

Qeyd edək ki, Okamponun separatçılarla əlaqələri 13 il bundan əvvəl, 2010-cu ildə başlayıb. Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru statusunda İrəvana səfər edən bu şəxs o zaman Ermənistan prezidenti olmuş Serj Sarqsyanla görüşüb. Beş il sonra isə Okampo “Soyqırımı cinayətinə qarşı” forumunda iştirak etmək üçün yenidən İrəvana səfər edib.

Yeri gəlmişkən, böhtan kampaniyasına qoşulanlar arasında nə qədər qəribə və təəccüblü səslənsə də, Parisin 62 yaşlı meri Ann İdalqo da var. Onu da separatçıların lideri Arayik Arutyunyanla sıx əlaqələr bağlayır. Zəngəzura gəlib, separatçıların lideri Arayik Arutyunyanla onlayn mətbuat konfransı keçirib, Azərbaycana qarşı hədyanlar yağdırdığı yaddan çıxmayıb. Bu da təəccüblü deyil. Belə ki, onun müavinlərindən biri - Anuş Toronyan ermənidir. Paris meri anti-Azərbaycan, anti-Türkiyə çıxışları ilə tanınır. Qondarma erməni soyqırımı ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ilə də ad çıxarıb. Yəni o, Fransa hakimiyyətinin qatı ermənipərəst siyasətinin ən fəal təbliğatçısıdır.

Beləliklə, Qərbin, xüsusən də Fransanın erməni dairələri ilə birlikdə başladığı yeni çirkin “məhbus oyunu”nun hədəfi bəllidir. Hər vəchlə Azərbaycanla Ermənistan arasında sülh prosesinə əngəl olmaq, bölgədə qarşıdurma yaratmaqdır. Ermənistan da bu oyunun iştirakçısına çevrilib. Lakin bəllidir, bütün əvvəlki qərəzli kampaniyalar kimi, bu da iflasla nəticələnəcək.

 

“Report” İnformasiya Agentliyi

 

0.031934022903442