Məhkəmə prosesində Vaqif Xaçatryana son söz verilib - YENİLƏNİB + FOTO/VİDEO

Məhkəmə prosesində Vaqif Xaçatryana son söz verilib.

BakuPress.Az-ın məlumatına görə, o bildirib ki, Meşəli hadisələrində iştirak etməyib.

“Mən günahsızam. O qədər cinayətkar qalıb, amma mən mühakimə olunuram. Kim ki bu cinayətləri törədib, Allah onların cəzasını verəcək”, - deyə o əlavə edib.

Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra Vaqif Xaçatryan barəsində hökm oxunacaq.

14:18

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində müttəhimin vəkili Radmila Abılova çıxış edib.

BakuPress.Az-ın məlumatına əsasən, müdafiəçi Vaqif Xaçatryana qarşı ittiham aktı barədə fikirlərini bildirib.

İttiham aktındakı məsələləri sadalayan Radmila Abılova deyib ki, Vaqif Xaçatryan özünü təqsirli bilmir.

“Vaqif Xaçatryan erməni milliyyətindən olan Azərbaycan vətəndaşıdır. Ona görə də onun barəsindəki istintaq Azərbaycan qanunlarına tövsif edilir. Vaqif Xaçatryan bildirir ki, o, Meşəli qətliamında iştirak etməyib. Bunun özü cinayət tərkibi olmadığını göstərir. Mən təklif edirəm ki, Xaçatryan haqqında bəraət hökmü çıxarılsın”, - deyə o əlavə edib.

Dövlət ittihamçısı Cövdət Mehrəliyev isə bildirib ki, Vaqif Xaçatryanın Meşəli qətliamında iştirakı təsdiqlənib.

11:07

Dövlət ittihamçısı Müqəddəs Sultanov Vaqif Xaçatryana cəza istəyib.

Oxu.Az-ın məlumatına əsasən, prokuror Vaqif Xaçatryana qarşı 15 il azadlıqdan məhrumetmə cəzası tələb edib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, yaşı 65-dən yuxarı şəxslərə ömürlük həbs cəzası təyin edilmir.

V.Xaçatryanın 68 yaşı var.

Məhkəmədə saat 14:00-a qədər fasilə elan edilib.

Daha çox şəkil burada: PhotoStock.az

10:33

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edir.

 

 

BakuPress.Az-ın məlumatına əsasən, Müqəddəs Sultanov bildirib ki, Vaqif Xaçatryanın cinayət işi o qədər də sadə bir məsələ deyil.

“Biz Vaqif Xaçatryanın yaxalandığı andan etibarən istintaq prosesini diqqətlə izləmişik. Vaqif Xaçatryan Penitensiar Xidmətin əməkdaşlarının alicənab davranışı ilə üzləşib. İstintaq prosesində ona qarşı hər hansı təzyiq olmayıb. Bu, Azərbaycan xalqının alicənablığıdır. Amma xatırlayırsınızsa, Ermənistanda vaxtilə mühakimə edilmiş şəxslər hansı işgəncə və təzyiqlərlə üzləşiblər. Biz isə Vaqif Xaçatryana yüksək alicənablıq göstərdik”, - deyə o əlavə edib.

 

10:21

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.

BakuPress.Az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Prosesdə dövlət ittihamçıları - baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev təqsirləndirilən şəxsə cəza istəyəcəklər.

07:36

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.

BakuPress.Az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Prosesdə dövlət ittihamçıları - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev çıxış edəcəklər. Onlar təqsirləndirilən şəxsə cəza istəyəcəklər.

Qeyd edək ki, noyabrın 6-da keçirilən prosesdə V.Xaçatryanın cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Xatırladaq ki, ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Vaqif Çerkezoviç Xaçatryan barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezoviç Xaçatryan səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs V.Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Hazırda V.Xaçatryanın hüquqlarını vəkil Radmila Abılova qoruyur.

0.028137922286987