Bu gün Tanrısı Gözəllik və Sevgi olan şairin doğum günüdür

Tanrısı Gözəllik və Sevgi olan şairin doğum günüdür bu gün. Hüseyn Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində anadan olub. Gözünü dünyaya Naxçıvan torpağında açan şairin təkcə yaradıcılığı və sözlərinin yox, həyat boyu yaşadıqları, mübarizəsinin, deyə bilərik ki, təkcə Azərbaycanın deyil, dünya ədəbiyyatına qatdıqları əvəzsizdir. Dünya dahiləri sırasında isə onun yerini tutacaq, onun yaşadığı əzablı həyatı onun qədər mərd yaşayacaq ikinci bir şəxs olmayacaqdır.

Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan H.Cavid milli romantik şeirin və mənzum faciənin banisidir. Yaradıcılığa klassik lirika üslubunda yazılmış qəzəllərlə başlayan H.Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir.

H.Cavid beş il Naxçıvanda molla məktəbində ibtidai təhsil aldıqdan sonra orta təhsilini atasından gizlin Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda qardaşının yanında olmuş, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. O, burada ərəb və fars dillərinə yiyələnmişdir. Daha sonra ağır göz xəstəliyinə görə təhsilini dayandırmış və ticarətlə məşğul olmuşdur.  Bir müddət sonra Cavid İstanbula gedir və orada ədəbiyyat təhsilini başa vurduqdan sonra vətənə qayıdıb müəllimliklə məşğul olur. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan H.Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıtdı. 20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu. Hər bir əsəri ilə insan ürəyində dərin izlər qoyan, insan mənəviyyatını çiçəkləndirən şairin yaradıcılığında mühüm yer tutan əsərlərindən biri də “İblis” idi. 1918-ci ildə yazdığı bu mənzum faciədə yazıçı müharibələri pisləyir, müharibənin ağır nəticələrini açıb-göstərir. Daha sonra iblis fikirlilərin qurbanı olan şair, bəlkə də, gələcəyin ondan alacaqlarını öncədən duyub yazıb ki, əsər bu qədər təsirli olmuşdur…

Göründüyü kimi, Cavid əfəndinin yaradıcılığı forma və janr cəhətdən rəngarəng olmuşdur. Kim bilə bilərdi ki, yazdıqları və yaratdıqlarıyla mənəviyyatımızı rəngarəng qılan şairin həyatını qara buludlar ömrü boyu saracaqdı? Yaşadığı həyatda isə rəngarəng olan tək şey şairin sevgisi və ailəsi, yaratmaq, yaşatmaq arzusu idi:  ” Yaşamaq gərçi xoş əməl, Yaşatmaq daha gözəl. “

Cavid əfəndinin həyatında səhv olan tək şey yaşamının yanlış dövrə təsadüf etməsi idi. Çirkinliklərlə çevrələnmiş bir ətrafın, qaranlıq bir dövrün gücü yetməzdi onuntək sevgi yaşadan və içində sonsuz gözəllik barındıran bir şairə. Yetmədi də, illər keçdi, yenə də Cavid gözəlliksevərlərin qəlbində əbədi yaşamaqdadır:

Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir allahı var,
Mənim tanrım gözəllikdir, sevgidir. 

Cavid yazdıqları qədər, yazmadıqlarıyla da yol göstərdi bəzilərinə…

4 iyun 1937-ci il Cavid əfəndinin həbs olunduğu gün idi. İçində azadlığı doğuran şairi həbs etdiklərini düşündülər.. Onlara elə gəldi ki, Cavid əfəndinin həbsiylə həm Cavid ölmüşdür, həm Cavidsevərlər, həm də Azərbaycan ədəbiyyatı. Bir şairin ki yaşamı, nəfəsi, yazdığı bircə kəlmə Sovet Rusiyasının, vətən xainlərinin kabusu idi, o cür bir yaradıcılıq bizə dəryalar, onu yaradanın ölümü isə ancaq həyat dərsi ola bilərdi. 

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat etmişdir.

Yazdıqları ilə həyat verən Cavid Əfəndinin doğum günüdür! Həyat mübarizədir, yaşam isə Cavidtək mərd mübarizə apara bilənlərin və içində sevgi daşıyanlarındır. 

 

0.029490947723389