Bacım oğlunu Cəbrayılda güllə yağışı altında dəfn etdik, 1993-cü ildən sonra...” - FOTO

Cəbrayıl mənim arzularımın şəhəridir. Mən o vaxt universitetə daxil oldum deyə Cəbrayıldan tez çıxdım. Amma hər ay gedib-gəlirdim. Bütün qohum-əqrabam, valideynlərim orada yaşayırdı. Bir tək mən Bakıda təhsil alırdım deyə yataqxanada qalırdım. Amma ürəyim doğma Cəbrayılda idi. 1993-cü ildə bacım oğlu şəhid oldu. O hərbi xidmətdə idi, 1 həftə məzuniyyət götürüb bizə gəlmişdi. Dedim ki, Nurəddin, gəl səni evdə saxlayım, getmə, qal burada. Dedi ki, başa düşmədim, məni gizlədirsən?! Çox vətənpərvər övlad idi. Bizə xəbər etdilər, Bakıdan yola düşdüm ki, gedib onun nəşini gətirib Bakıda dəfn edim. Mən gedəndə artıq gördüm ki, onu dəfn ediblər. Özü də necə bir əzab-əziyyətlə.. Güllə yağışı altında dəfn etmişdilər. 1993-cü ilə qədər səsimdə qətiyyən kövrəklik yox idi. Cəbrayıl işğal olunandan sonra səsimdə kövrəklik əmələ gəldi"



BakuPress.Az moderator.az-a istinadən xəbər verir ki, bunu əməkdar artist Yaqut Abdullayeva deyib. O daha sonra əlavə edib.
 
"Cəbrayıl Qarabağın açarı hesab olunur. Çünki ilk Cəbrayıl şəhəri işğaldan azad olunmuşdu. İnanın Allaha o günü xatırlayanda sevincdən gözlərim yaşarır. Aparıcı xanım bu xəbəri çatdırdı və Cəbrayılın görüntüləri efirdə getdi. Hava yağışlı idi. Bunu mən belə yozdum ki, göylər də ağlayır ki, ordumuz Cəbrayılı, torpağı düşməndən xilas edib. Cəbrayılın 1 illiyində ora gedib, cənab prezidentlə görüşdüm. Özümə söz vermişdim ki, əgər qismət olsa onun dəmir yumruğundan öpəcəm. Düzdür, cənab prezident yenə də alicənab davrandı, buna icazə vermədi. Amma onu qucaqlayıb bağrıma basıb, xoş sözlərimi deyə bildim. Cənab prezident bizə demişdiki siz bu gün Cəbrayılda mənim qonağımsız" deyə sənətkar bildirib.
 
Tanınmış sənətkar evlərindən də söz açıb.


 
"Evimizin, məhəlləmizin təkcə yeri qalıb. Düzənlik ediblər. Erməni millət deyil, qəbilədir, tayfadır. Əgər torpaq sizin idisə niyə orada yaşamırdınız? Niyə oranı dağıdırdınız? Təsəvvür edin qapımızda böyük bir çinar ağacı var idi, bəlkə də 200 yaşı olardı. Nə o çinar yox idi, nə də ki, kəhriz. Hamısını ermənilər məhv etmişdilər. Arzularım sonsuzdur, Allah imkan versin. Ata evimdə bir balaca ev, lap daxma da olsa gedib yaşayaram. Mən o vaxt deyirdim ki, Şuşa alınmasa digər torpaqları neynirəm?! Çünki Şuşasız Qarabağ Qarabağ olmazdı! O illərdə Niyazinin rəhbərliyi ilə Şuşada, Xankəndidə o qədər konsertlər vermişəm ki. Bütün Qarabağ bölgəsini gəzib dolaşırdıq, sonuncu konsertimiz mütləq şəkildə Cıdır düzündə olurdu. Mənim səsim də qurban olsun Qarabağa! Çox şükür ki, artıq Qarabağ tamamilə düşməndən azad edilib. Yenidən Xankəndində, Şuşada konsert proqramları ilə çıxış edəcəyəm. Vallah 44 günlük mmüharibədə mən özümə yer tapa bilmirdim. Deyirdim ki, aparsınlar məni də əsgərlərimizin yeməklərini hazırlayım, qulluğunda dayanım. Vallah onların ayaqlarını da yuyardım. Dövlət başçımızın, şəhidlərimizin, qazilərimizin sayəsində bu gün biz o torpaqlarda rahat gəzirik" deyə sənətkar bildirib.

 
0.055514097213745