Tarixi Qarabağ anlaşması – Əliyev qlobal rəqibləri Azərbaycanda belə barışdırır

Beynəlxalq güclər Qarabağ məsələsində anlaşıblar? Qərbin adət etdiyimiz cığal və ədalətsiz mövqeyi o qədər də görünmür. 19-20 sentyabr antiterror əməliyyatlarına da təmkinli yanaşıldı.

Düzdür, bu, daha çox belə izah edilir ki, Azərbaycan öz ərazi bütövlüyün bərpa etmək üçün bu cür tədbirlər keçirir. Amma tanıdığımız Qərb xalqların, ölkələrin halal haqlarını gözardı etməkdən çəkinmir. Necə ki biz onun bu cür mövqeyi ilə 30 ildir tanışıq. Ortada 907-ci düzəliş kimi bədnam bir fakt var.Avropa İttifaqının da mövqeyi heç də həmişə ədalətli olmayıb. Hər zaman ermənilərdən, demək, həm də işğaldan yana olub. Sadəcə Prezident İlham Əliyevin Azərbaycanı gücləndirməsi, qalib olması Qərbi bəzi gerçəkliklərlə barışmağa məcbur qoydu. Dünyanın tarixinə nəzər saldıqda görmək olur ki, güclü olmayanı haqlı çıxarmırlar. Azərbaycana uzun illər siyasi, iqtisadi və hərbi baxımdan zəif dövlət kimi baxılıb. Dəstəksiz, köməksiz kiçik bir ölkə və qoca dünya… Haqq sözümüzü kim eşidəcəkdi?! Doğru mövqeyimizi kim görəcəkdi?!

Hər şey ondan başladı ki, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi quruldu. Ankara ilə Bakı arasında səmimi və ciddi maraqlara söykənən ittifaq yaradıldı. Zatən bu ittifaqın qurulması iki ölkənin ictimaiyyəti tərəfindən on illər idi sifariş edilirdi. 90-cı illərin ortalarında mərhum prezident Heydər Əliyev tərəfindən irəli sürülmüş “Bir millət-iki dövlət” düsturu Türkiyədə və Azərbaycanda könülləri oxşayırdı, dillər əzbərinə çevrilmişdi. Xalqlar bu müttəfiqliyə tam hazır idilər, qalırdı dövlətlərin qərarı.

Nəhayət, 2020-ci ilin yayından başlayaraq Azərbaycanla Türkiyə arasında qardaşlıq büsatı quruldu və bu büsatın nə demək olduğunu 44 günlük Vətən müharibəsində anladıq.

Rusiyanın da bu ittifaqa qoşulması, Azərbaycana qarşı ənənəvi işğalçılıq siyasətindən imtina etməsi vəziyyəti xeyrimizə dəyişdirdi. Paraleldə regionun aparıcı aktorları – İsrail, Pakistan Azərbaycanı Qarabağ müharibəsində açıq şəkildə dəstəklədi. Çin isə daha təmkinli və bir qədər də çox diqqət çəkməyən formada Azərbaycanın yanında yer aldı. Nəticə göz önündədir…

Burda maraqlı olan Qərbin mövqeyidir. Normal məntiq deyir ki, baş verənlər onun zərərinədir. Çünki Rusiya regionda daha da möhkəmlənir. Kreml təkrar Güney Qafqazda söz və nüfuz sahibi olur. Bu isə ilk baxışda ABŞ başqa olmaqla müttəfiqlərinin mənafeyi ilə üst-üstə düşmür. Ermənilərin kütləvi şəkildə Qarabağdan köç etməsinə belə Avropa və ABŞ seyrçi qalır. Burda Azərbaycan dövlətinin qüsursuz fəaliyyəti mütləq qeyd edilməlidir. Ermənilərdən fərqli olaraq mülki əhaliyə davranışda yüksək humanizm göstərilir. Dünya da bunu görür. Bir erməninin burnu belə qanamayıbsa, nə deyib üstümüzə gələcək Qərb dairələri?İran da təmkinini qoruyub saxlayır. Halbuki Tehran bu yaxınlara kimi Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyini bildirirdi. Qırmızı xətt çəkmişdi, deyirdi, o xətti tapdalayanın üstünə qoşun göndərər. İndi sakitcə dayanıb…

 

Ola bilsin pərdəarxasında bizim bilmədiyimiz, görmədiyimiz proseslər dönür. Böyük güclərin Qarabağ məsələsində anlaşmasının mümkünlüyü haqda dəfələrlə yazmışıq. Necə ki vaxtı ilə Rusiya, İran, Avropa və ABŞ Qarabağ məsələsində Ermənistanın mövqeyini müdafiə edirdilər. İndi tamam əks mövqe tutduqları açıq-aydın görünür.

Baş verənlərə diqqət edək: 19-20 sentyabr tarixlərində Azərbaycan 24 saatlıq antiterror tədbirləri həyata keçirdi. Onun nəticəsində separatizmin kökü qazındı. Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Artıq Xocalıya, Xocavəndə, Ağdərəyə tam olaraq nəzarət bizdədir. Bu şəhərlərdə bayrağımız dalğalanır. Xankəndi ilə bağlı məsələ isə nisbətən həllini tapıb. Çox keçmədən orda da üçrəngli bayrağımız dalğalanacaq.

Beləliklə, üç il öncə bu günlər əsası qoyulan bir mərhələ yekunlaşmaq üzrədir. Çoxlarımız xəyal edə bilmirdik, inanmırdıq ki, Vətən müharibəsi Xankəndinin işğaldan azad edilməsi ilə yekunlaşar.

Müharibəsinin qızğın vaxtlarında yazırdıq ki, masada yeni konfiqurasiya var. Beynəlxalq güclər dünyanın bu bölgəsinin yenidən şəkilləndirilməsi üçün razılığa gəliblər.

Adamı qürurlandıran odur ki, əsrlər boyu dünyanın hegemon gücləri savaşıb, anlaşanda hər dəfə Azərbaycan bölünüb, kiçilib, işğala, zülmə məruz qalıb. Çox şükürlər olsun, 300 illik sürəcə 3 ildə son verildi.

Berlin divarının yıxılmasının 33 ili tamam olan bu günlərdə İlham Əliyev də tarixin ən yaşlı separatizm divarını yerlə yeksan etdi. İndi onun xarabalıqları üzərində həm öz xalqının, həm də bölgədə yaşayan digər xalqların işıqlı gələcəyinin təməlini atır.

Artıq Güney Qafqaz savaş, intriqa coğrafiyası olmaqdan çıxır. Bura əməkdaşlıq, sülh və anlaşma mərkəzinə çevrilir.

Ukraynada savaşan güclər Azərbaycanda anlaşırlar. Putin Baltikyanı ölkələri işğalla hədələyir, Azərbaycanla isə yüksək səviyyəli əməkdaşlıq edir. Bu, İlham Əliyevin 20 illik siyasətinin uğurlu nəticəsidir. Ardı olacaq…

Azər Ayxan
Globalinfo.az

0.029774188995361