Cəhənnəmə göndərilən “DQR” layihəsi: Azərbaycanın düşmənlərinin puç olan arzuları - ŞƏRH + FOTO

Ermənilərin Cənubi Qafqaza yerləşdirilməsi çar Rusiyasının işğalçılıq siyasətinin tərkib hissəsi idi və bu siyasəti də sonralar SSRİ-də davam etdirməyə başladı.

Amerikalı alim, demoqraf və Kentukki ştatının Luisvil şəhərindəki eyniadlı universitetdə tarix üzrə keçmiş professor Castin Makkarti (Justin A.McCarthy) Cənubi Qafqazda, xüsusən Azərbaycanda erməni koloniyalarının yaradılması ilə bağlı bunları bildirib:

“1828-1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyrinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman (yəni azərbaycanlı - red.) məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş, məlum olmayan sayda insan isə qətlə yetirilmişdir… Ruslar iki dəfə - 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, ancaq hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100 000 ermənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin yerlərində yerləşdirmişdilər”.

Bu, Rusiyanın Cənubi Qafqazda yaratdığı ən etibarlı koloniya olub. Çar Rusiyası və keçmiş SSRİ dövründə onlar yeni əraziləri ələ keçirmək üçün saxta tarix belə uydurublar. “Dənizdən-dənizə”, “Böyük Ermənistan” kimi xəyallarını Rusiya və sovetlərə xidmətlərinin əvəzində əldə etməyə çalışıblar. Sovet hakimiyyəti hər dəfə zəifləyəndə onlar bu saxta düşüncəni reallaşdırmağa çalışıblar.

Rusiyanın erməni layihəsinə sonralar Fransa da qoşulub. Osmanlının çöküşündən sonra türk düşmənlərinin iştahası daha böyüdü. Həmin qüvvələr ermənilərdən Anadoluda da istifadə etməyə çalışdılar. Onlar saxta erməni tarixini, “erməni soyqırımı”nı hələ də Türkiyəyə qəbul etdirməyə çalışırlar. “Haqq nazilər, ancaq üzülməz”, “Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə” bu atalar sözləri indiki vəziyyətə daha uyğun gəlir. Bir zamanlar türklərə, azərbaycanlılara, müsəlmanlara havadarlarının yardımı və dəstəyi ilə zülm edənlər indi “əkdiklərini biçirlər”.

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət öz bəhrəsini yenə də verdi. Üç il öncə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı ilə 44 gün ərzində torpaqlar işğaldan azad edildi, Ermənistan kapitulyasiya aktını imzaladı. Bu, Azərbaycan üçün əsl Vətən müharibəsi olaraq tarixə düşdü. Dövlət başçısının siyasəti nəticəsində daha bir tarixi uğur sentyabrın 19-da birgünlük antiterror tədbiri ilə əldə edildi, Azərbaycanın suverenliyi tam bərpa olundu. İlham Əliyev Azərbaycan Silahlı Qüvvələri və xalqı ilə birlikdə Qacarlar və Osmanlı, Sovetlər dövründən qalma ədalətsizliyi aradan qaldırdı. Bu, Azərbaycanın milli dövlətçilik və dövlətçilik tarixində çox böyük uğur sayılır. Eyni zamanda, dövlət başçısının yürütdüyü siyasət Azərbaycanın dostlarının da maraqlarını təmin etdi. Baş verən tarixi nailiyyət Cənubi Qafqazda yeni iqtisadi layihələrin reallaşmasına da təkan verəcək.

 

 

Ermənilər SSRİ-nin mövcudluğunun son illərində Mixail Qorbaçovun və xanımı Raisa Qorbaçovanın tamahkarlığından istifadə edərək Qarabağın Ermənistana birləşməsinə çalışırdılar. Qeyd edək ki, Qarabağda “vilayət” də SSRİ dövründə yaradılıb. 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 1989-cu ilin noyabr ayında SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətinin ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar qəbul etmişdi. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etmişdi. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında qanun qəbul olundu. Qanun “Qarabağın dağlıq hissəsində Azərbaycan Respublikasının suveren hüquqlarını tamamilə bərpa etmək, qanunsuz yaradılmış silahlı dəstələri tərk-silah etmək, Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarını, azadlığını və ləyaqətini qorumaq, millətlərarası münasibətləri nizama salmaq zərurətini əsas götürərək” qəbul olunub.

Ancaq bu sənədlər ermənilərə və havadarlarına yetərli olmadı. Onlar terror, vəhşiliklər, hiylə, qanun pozuntuları ilə əldə etdiklərindən şirniklənərək daha böyük əraziləri zəbt etməyə, hətta Azərbaycan ərazisində ikinci erməni dövlət yaratmağa başladılar. Dövlət başçısı 2020-ci ilin sonuncu günü xalqa müraciətində bu məsələyə də toxunmuşdu: “... Deyirdim ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Deyirdim ki, biz heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”na müstəqillik verməyəcəyik”.

Ermənilərin və havadarlarının Azərbaycan torpaqlarında həyata keçirməyə çalışdıqları plan bu gün, sentyabrın 28-də iflasa uğradı. “Status cəhənnəmə getdi”. Bu həm də anti-Azərbaycan, antitürk koalisiyasının arzularının puç olmasıdır. “Bir düz min əyrini kəsər” deyiblər. Cənubi Qafqazda Azərbaycana qarşı qurulan çoxsaylı oyunları Bakı-Ankara və dostları pozdu.

“Report” İnformasiya Agentliyi

 

0.065563917160034