Alimpaşa Məmmədov “cənnətdən” çıxmaq istəmir - 3 ilə yaxındır...

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Trend” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Alimpaşa Məmmədovun vəzifə səlahiyyətlərindən istifadə etməkdə, xüsusilə külli miqdarda mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Sabiq icra başçısı təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Vəkillər müdafiə çıxışına hazırlaşmaq üçün oktyabrın 3-ə kimi vaxt verilib.

Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Alimpaşa Məmmədov məhkəmədə özünü təqsirli bildiyini deyib. Belə görünür ki, hökmdən şikayət vermək müddəti də daxil olmaqla Alimpaşa Məmmədov hələ ən azı daha 6 ay təcridxanada qalacaq.

“Bakı” Hüquq Şirkətiinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki Bakı İstintaq Təcridxanası saxlama şəraitinə görə cəzaçəkmə yerlərindən fərqlənir. Bu səbəbdən də həbsdə olan icra başçıları bacardıqca orada çox qalmağa səy göstərirlər:

“İcra başçıları vəzifədə olduğu müddətcə çoxlu pul yığdıqlarına görə həbsdə elə də çətin durumda qalmır. İstintaq təcridxanalarında bu adamların günü ümumiyyətlə, xoş keçir. Bakı İstintaq Təcridxanası bu adamlar üçün kef-damaq yeridir. Ona görə də “zon”a getməyə o qədər də həvəs göstərmirlər”.

Natiq Ələsgərov bildirib ki, cəzaçəkmə müəssislələrində bütün kateqoriyalara aid dustaqlar var və başçılar da onlarla təmasda olmaq məcburiyyətində qalırlar: “Məhkumlar var ki, olduqca imkansızdırlar və vəzifədə olmuş dustaqlar da məcbur qalıb onlara pul xərcləməli olurlar.

Təcridxanada isə pullarını verib keflərini edirlər. Penitensiar Xidmətin rəisi dəyişəndən sonra “zon”larda durum yaxşılığa doğru dəyişmək üzrədir. Məhkumlara normal qida verilməyə başlanıb, sanitar qovşaqların sayı artırılır, “barak”lar təmir olunur. Ən müxtəlif mənbələrdən bu haqda xəbərlər gəlir. Ümid edirik ki, proses tam şəkildə gerçəkləşəcək”.

Natiq Ələsgərov bildirib ki, başçılar təcridxanadan cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra da vəziyyətləri o qədər də pis olmur:

“Vəzifədən dustaqxanaya gələnlərin sevimli yerlərindən biri də məhkumların müalicə müəssisidir. Onlar çalışırlar ki, ora düşsünlər. Orada şərait təcridxanadan da yaxşıdır. Qulluqçuya qədər tuta bilirlər”.

“World Prison Brief” təşkilatı dünya ölkələrində məhbus sayı ilə bağlı reytinq dərc edib. Həmin reytinqə görə, Azərbaycanda məhbusların sayı artıb. 211 ölkə və suveren ərazi yer alan reytinqdə Azərbaycan 21 253 məhbus sayı ilə 67-ci pillədə qərarlaşıb. Avropa Şurası quruma üzv ölkələrdə məhbusların sayı və durumuyla bağlı bu ilin aprelində dərc etdiyi illik hesabatında Azərbaycanda toplam 21 min 12 məhbusun cəzasını çəkdiyini qeyd etmişdi və əhalinin hər 100 min nəfərinə 208.7 məhbus düşürdü. Hüquq müdafiəçilərinin məlumatına görə, Azərbaycanda türmələrin tutumu 25 501 nəfər təşkil edir. Onlar bildirirlər ki, 17 il ərzində məhbusların sayı 17 845 nəfərdən 21 253 nəfərə qədər artıb.

2017-ci ildə prezident İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam imzalayıb. Rəsmi məlumata görə, bu günə qədər sərəncam 8 min məhkuma şamil olunub, 2 min 500 nəfər məhkum azadlığa qovuşub.

E.MƏMMƏDƏLİYEV,

0.054158926010132