Aldanan vətəndaş, “bazarı” bağlanmayan “tur şirkətləri” - Necə edək ki, qurbana çevrilməyək? + FOTO

Hazırda yay fəslidir. İnsanlar istirahət üçün ölkə daxilinə, həmçinin xaricə üz tuturlar. Bu zaman onlar sərfəli tur paketləri ilə də maraqlanır, az pul xərcləməklə daha yaxşı məkanlarda dincəlmək istəyirlər. Çox təəssüf ki, bu zaman bəzi vətəndaşlar dələduzların qurbanına çevrilirlər. Bəs bu cür halların qarşısını almaq üçün nə etmək lazımdır?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov BakuPress.Az-a açıqlamasında bildirib ki, istirahətini qurmaq istəyən insanlar əsasən keyfiyyətə və şirkətin bu sahədə etibarlı olmasına diqqət etməlidirlər.

Ekspertin sözlərinə görə, hansı şirkətdən tur alınırsa, onunla müqavilə bağlamaq lazımdır:

“Əslində etibarlı şirkətlərin vətəndaşlara təklif etdiyi turların qiyməti bəllidir. Amma insanlar ucuz qiymətə turları görüb aldanır və səfər zamanı böyük problemlərlə üzləşirlər. Nəticədə ya tursuz qalırlar, ya da, seçdikləri hotellər istədikləri kimi olmur”.

O qeyd edib ki, 2023-cü ildə Dövlət Turizm Agentliyinin Turizm Reyestrindən şirkətlər qeydiyyatdan keçib:

“Orada qeydiyyatdan keçən şirkətlər haqqında məlumatlar mövcuddur. Eyni zamanda, Assosiasiyada şirkətlər barədə məlumatlar var. Onların ciddilik imiclərini, ofisləri, işçilərin sayı məlumdur. Şirkət fəaliyyət göstərirsə, mütləq reyestrdən keçməli və standartlara cavab verməlidir. Vətəndaşlar səfərləri üçün az pul ayırmırlar. Çalışmalıdırlar ki, diqqətli olsunlar və bəzi “şirkətlərin” qurbanına çevrilməsinlər”.

Turizm üzrə ekspert Ceyhun Aşırov saytımıza açıqlamasında bildirib ki, tur şirkətlərinin fəaliyyəti ilə bağlı bəzən vətəndaşların haqlı narazılıqları olur:

 

 

“Əsasən, sosial şəbəkə üzərində insanları ucuz turlar adı ilə aldadırlar. Ölkədə yaradılan Turizm Reyestri sağlam rəqabətin təmin olunması xarakterini daşıyır və hotellər, şirkətlər məlumatları orada qeyd edirlər. 

Təəssüf ki, insanları aldadan bu cür “şirkətlər” həmin reyestrdən qeydiyyatdan keçmirlər. Vətəndaş da ətraflı araşdırma aparmadan belə fırıldaqçıların qurbanlarına çevrilirlər”.

C.Aşırov vətəndaşlara müraciət də edib:

“Böyük endirimlərə aldanmasınlar. Eyni tur paket barədə bir neçə şirkətdən məlumat alıb, araşdırsınlar. Məsələn, bir tur paket 1000 dollardırsa, kimsə 400-500 dollara təklif edilirsə, demək ki, burada dələduzluq faktoru var. Orada ya təyyarə bileti, ya da hotel olmur. Şirkət qurbanından pulu alır və aradan çıxır. Nəticədə vətəndaşlar həm istirahətsiz qalırlar, həm də pulları gedir. Tur paketlər alan zaman mütləq şirkətlər ilə müqavilə bağlayın”.

0.035723924636841