Ermənistan tərəfi Azərbaycana qarşı yeni hərbi təxribatlar hazırlayır. Son günlər erməni rəsmiləri və Qarabağdakı separatçılar ordumuza qarşı hərbi təxribatlara əl atacaqları barədə müxtəlif siqnallar verirlər. Ötən gün Dövlət Sərhəd Xidməti (DSX) Ermənistana qəti şəkildə xəbərdarlıq edərək, İrəvan hakimiyyətini insidentdən yayınmağa çağırıb. Əks tədbirdə sərhədçilərimizin cəza tədbirlərinə əl atacağı qeyd olunub.
“Əldə edilmiş məlumata əsasən, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində iyulun 26-da Ermənistan tərəfindən müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə şəkildə növbəti təxribat əməli planlaşdırılır. Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırırıq. Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcəkdir”, - DSX-dən bildirilib.
Həmçinin, sosial şəbəkədə yayılan məlumatlara görə, Ermənistan hakimiyyəti Qarabağa humanitar yük adı ilə avtomobillər yola salıb. Ehtimal olunur ki, belə bir addımın atılması sərhəddə qarşıdurma yaratmaq niyyətindən irəli gəlir. Bütün bunlar göstərir ki, Ermənistan rəhbərliyi sülhün təmin olunmasında maraqlı deyil.
Sərhəddə yeni təxribat baş verərsə, nə ilə nəticələnəcək?
Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev söyləyib ki, dövlət sərhədində təxribatların törədilməsi Azərbaycanın təkliflərinə qarşı planlaşdırılmış hiyləgər addımdır.
“İndi siyasi münasibətlərlə hərbi münasibətlər arasında çox həssas bir xətt dayanıb. Həssas dönəmdən keçirik. Azərbaycan tərəfinin reinteqrasiya təklifinə qarşı tərəfdən heç bir müsbət reaksiya gəlməyib. Sərhəddə təxribatların törədilməsi Azərbaycanın təkliflərinə qarşı planlaşdırılmış hiyləgər addımlardan biridir. Ölkəmiz Ermənistan tərəfindən göndərilən yükləri Laçından buraxmayacaq. Bunu bilən ermənilər sərhəddə təxribatlar törətməyə çalışacaqlar. Bununla da silahlı insident baş verəcək”,- deyə ekspert bildirib.
E.Şıxəliyevin fikrincə, Ermənistanın məqsədi insidentə səbəb olmaq, nəticədə dünya ictimaiyyəti qarşısında günahsız, aciz kimi özünü göstərməkdir:
“Azərbaycanın qarşısında iki variant var. Bunlar ölkəmizin inteqrasiya ilə bağlı təklifinə ermənilərin müsbət cavab verməsi halında proseslərin davam etməsi, digəri isə hərbi əməliyyatların keçirilməsidir. Biz yeni əməliyyatları ermənilərin təxribatlarına qarşı keçirəcəyik. Ermənistan isə sərt gücün tətbiqini tələsdirmək istəyirlər. Çünki bununla beynəlxalq aləmdə bu hadisələri öz lehlərinə çevirmək üçün çalışacaqlar. Azərbaycan da bütün bu hiyləgər planları bildiyi üçün təmkinli davranır. Lakin Ermənistanın bütün təxribatlarına qarşı ölkəmiz sərt addımlar atacaq”.