Sabah Moskvada üçtərəfli görüş KEÇİRİLƏCƏK

İyulun 25-də Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan və Ermənistanın XİN başçıları ilə üçtərəfli danışıqlar aparacaq.

 

BakuPress.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

 

XİN-dən bildirilib ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada keçiriləcək görüşdə "Qarabağ ətrafında gərginliyin azaldılması yollarını", Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərin həyata keçirilməsinin intensivləşdirilməsini təhlil edəcəklər.

 

Nazirlər, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər əsas yollarını, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, ekspertlər arasında təmaslar, parlamentarilər arasında dialoqun başlanması kimi məsələləri müzakirə edəcəklər.

 

Ceyhun Bayramov və Ararat Mirzoyanla ikitərəfli söhbətlər zamanı əsas diqqətin siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə Rusiya-Azərbaycan və Rusiya-Ermənistan gündəmlərinin aktual məsələlərinin müzakirəsi planlaşdırılır.

 

Xatırladaq ki, Rusiyada sonuncu dəfə XİN başçıları səviyyəsində görüş mayın 19-da baş tutub. Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Nazirlər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.

0.052349805831909