MİQ-də ən yüksək bal toplayan müəllim: Xüsusi hazırlıq keçməmişəm

Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin bugünkü test imtahanında yüksək nəticə qeydə alınıb. Belə ki, kimya fənni üzrə imtahan verən Novruzov Vüsal Hidayət oğlu 93.75 bal toplayıb.

 

Masallı rayonunun Ərkivan qəsəbəsindən olan Vüsal Novruzov imtahanla bağlı təəssüratlarını Bakupress.az -la bölüşüb.

 

13 ildir pedaqoji fəaliyyətlə məşğul olduğunu deyən V.Novruzov MİQ imtahanı üçün xüsusi hazırlıq keçmədiyini söyləyib.

 

O, bildirib ki, builki MİQ sualları ötən illərə nisbətən daha çətindir:

 

“Mən Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayıram. Ərkivan qəsəbə 4 saylı tam orta məktəbdə müəllim işləyirəm. İndiyədək müxtəlif məktəblərdə işləmişəm, hətta ucqar kənd məktəbində də çalışmışam. Ümumilikdə 13 ildir ki, müəllimlik fəaliyyəti ilə məşğulam.

Builki imtahana xüsusi hazırlığım olmayıb. 10 gün ərzində kurikuluma hazırlaşmışam. Kimya fənnindən hazırlaşmamışam. Sözün açığı, xüsusi hazırlığa ehtiyacım yoxdur. Mən özüm abituriyent hazırlaşdırıram.

 

Bugünkü imtahan keçən il keçirilən imtahanlara nisbətən daha çətin idi. İxtisasda çətin, vaxt alan suallar vardı. Tamamilə yeni tipli suallar salınmışdı. Kurikulum sualları mənə çətin gəldi. Buna baxmayaraq, kurikulumdan 15 sualın düz cavabını yazdım. İxtisas suallarının isə hamısını düz yazmışam. Keçən il MİQ imtahanlarında da iştirak etmişdim”.

 

 

V.Novruzov ali məktəbi yeni bitirən müəllim namizədləri üçün MİQ imtahanının asanlaşdırılmasını təklif edib:

 

“Öz üzərində çalışan müəllim üçün bu il təşkil olunan MİQ imtahanı orta çətinlikdə idi. Ancaq universiteti yeni bitirənlər üçün imtahan çətindir. Mən kurikulumun asanlaşdırılmasını istərdim. Yaxşı olardı ki, kurikulumla bağlı suallar bir qədər asan olsun”.

 

Masallıdan olan müəllim MİQ imtahanlarının əhəmiyyətindən də söz açıb. O hesab edir ki, müəllimlərin imtahanla işə qəbulu əvvəlki sistemdən fərqli olaraq şəffaf və ədalətlidir.

 

“İşə qəbulun MİQ vasitəsilə həyata keçirilməsinin tərəfdarıyam. Müəllimlərin MİQ-lə işə qəbulu daha şəffafdır. MİQ vasitəsilə işə qəbul olan müəllimlərin bilik səviyyəsi daha yüksək olur”, - V.Novruzov əlavə edib.

 

Qeyd edək ki, bugünkü imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub. 58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək. Müsabiqəyə ümumilikdə 9 min vakant yer çıxarılıb.

0.028020858764648