Azərbaycanla İran arasında “buz”lar əriyir – Barışıq mesajı

Bir neçə gün əvvəl Bakıda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan jurnalistlərə açıqlamasında önəmli mesajlar səsləndirib. O, ölkəsinin Azərbaycanla diplomatik əlaqələrinin bərpa olunacağına inandığını söyləyib.

 

"Azərbaycan İran üçün yaxşı qonşu, qardaş ölkə hesab olunur. İran və Azərbaycan xalqları regionda ən çox ortaq məxrəcə malik olan xalqlardır. Biz anlaşılmazlıqları aradan qaldıraraq ölkələrimiz və xalqlarımız arasındakı müştərək əlaqələri yenidən bərpa edə bilərik. Cənubi Qafqazdakı bütün problemlərin sülh və danışıqlar yolu ilə həll oluna biləcəyinə inanırıq”, - Abdullahiyan deyib.

 

Bu ilin yanvar ayında Tehrandakı səfirliyimizdə törədilən terror aktından söz açan XİN başçısı cinayətkara ən ağır cəzanın veriləcəyini diqqətə çatdırıb.

 

“Azərbaycanın İrandakı səfirliyində hadisə törədən şəxsin istintaqı yekunlaşıb. Cinayəti törədən şəxsə ən ağır və şiddətli cəzalar veriləcək. Diplomatik korpusun təhlükəsizliyi ilə əlaqədar hər hansı şəxsin və ya qurumun iştirakı isbat olunarsa, onlar da öz cəzalarını alacaqlar”, - nazir bildirib.

 

Ümumilikdə İran XİN başçısının terror olayından sonra ilk dəfə Bakıya gəlməsi diplomatik təmasların bərpası istiqamətində atılan müsbət addım kimi qiymətləndirilir.

 

Abdullahiyanın Azərbaycana səfərinin nəticələrini  şərh edən sabiq xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, artıq iki ölkə arasında "buzlar" əriməyə başlayıb.


“Mən bundan öncə də deyirdim ki, biz qonşu dövlətlərik və iki ölkə arasında baş verənlər xoşagəlməz hadisə idi. İran tam ciddiliklə, səfirliyimizə qarşı edilən terror aktını araşdırmalıdır. Hətta bu işi Azərbaycanla birlikdə də edə bilər. Bu məsələ gec-tez öz həllini tapmalıdır. Çünki Azərbaycanla İran arasında kifayət qədər iqtisadi layihələr mövcuddur. Ancaq bu o demək deyil ki, ölkəmiz həmin hadisəni görməzdən gələrək unutsun”,- keçmiş XİN rəhbəri söyləyib.

 

 

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan İrandan əlavə Rusiya və Ermənistanla Zəngəzur dəhlizi məsələsini həll etməlidir:

 

“İran xarici işlər naziri açıqlama verdi ki, biz münasibətləri bərap etməliyik. Azərbaycan tərəfi də tələb edir ki, istintaqın nəticələri təqdim olunsun. İran indiyə qədər Zəngəzur dəhlizinin açılmasına siyasi cəhətdən maneçilik törədirdi. Onu da qeyd edim ki, Ermənistanın dəmir yollarının idarə edilməsi Rusiyanın əlindədir. Məhz 10 noyabr sazişində də Zəngəzur dəhlizinin təhlükəsizliyindən Rusiya ordusunun məsul olduğu vurğulanır. Hətta buna görə baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli komissiya yaradılmışdı. Bu üç ölkə arasında nə İran, nə də başqalar var idi. Gərək həmin üç ölkə sözügedən məsələni həll eləsin".

 

"Bildiyimiz kimi, Azərbaycan İranla birlikdə dəmir yolu körpüsü inşa edəcək. Əslində ölkəmizin atdığı bu addım çox doğrudur. Çünki biz Ermənistan ərazisindən yüklərimizi daşıyarkən, ya da insanlarımız oradan keçərkən girov qala bilmərik. İran da dəhlizi ona görə istəmir ki, öz ərazisindən keçən yol istifadə olunsun və iqtisadi xeyr özünə qalsın”, - eks-nazir əlavə edib.

0.023591041564941