Rusiya xüsusi təyinatlıların “Vaqner” muzdlularının Sankt-Peterburqdakı binasını mühasirəyə alıb.
BakuPress.az yerli teleqram kanallarına istinadən xəbər verir ki, binada yoxlama aparılır.
Əməliyyat Rusiya Qvardiyasının Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Onlar binaya mülki geyimli şəxslərlə birlikdə daxil olublar.
"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin teleqram kanalında sensasion səs yazıları yayılıb. O, rəhbərlik etdiyi bölmələrin hücuma məruz qaldığını iddia edib və buna görə Rusiyanın hərbi rəhbərliyini günahlandırıb.
Belə ki, Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 min nəfərlik silahlı dəstə ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini diqqətə çatdırıb. Məlum bəyanatdan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaların yalan olduğunu bildirib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi özəl hərbi şirkətin döyüşçülərini hücumlardan çəkinməyə çağırıb. Prezidentin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, dövlət başçısı Vladimir Putinə vəziyyətlə bağlı məlumat verilib və lazımi tədbirlər görülür.
Digər məlumata əsasən, “Vaqner”in rəhbəri Yevgeni Priqojin artıq Rostovdadır. Şəhərin “Vaqnerçi”lər tərəfindən ələ keçirildiyi, bu səbəbdən bütün tədbirlərin ləğv edildiyi iddia olunur.
Rusiya Müdafiə Nazirliyi bu gün səhər saatlarında yaydığı açıqlamada Priqojinlə bağlı vəziyyəti silahlı üsyan adlandırıb. "Vaqner"in döyüşçüləri ehtiyatlılıq nümayiş etdirməyə, idarənin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağa çağırılıb. Nazirlik şöbə və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayacaq döyüşçülərin təhlükəsizliyinə zəmanət verib.