Rusiyadakı azərbaycanlılar üçün təhlükə var? - AÇIQLAMA

"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin teleqram kanalında sensasion səs yazıları yayılıb. O, rəhbərlik etdiyi bölmələrin hücuma məruz qaldığını iddia edib və buna görə Rusiyanın hərbi rəhbərliyini günahlandırıb.

 

Belə ki, Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 min nəfərlik silahlı dəstə ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini diqqətə çatdırıb. Məlum bəyanatdan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaların yalan olduğunu bildirib.

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi özəl hərbi şirkətin döyüşçülərini hücumlardan çəkinməyə çağırıb. Prezidentin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, dövlət başçısı Vladimir Putinə vəziyyətlə bağlı məlumat verilib və lazımi tədbirlər görülür.

 

Digər məlumata əsasən, “Vaqner”in rəhbəri Yevgeni Priqojin artıq Rostovdadır. Şəhərin “Vaqnerçi”lər tərəfindən ələ keçirildiyi, bu səbəbdən bütün tədbirlərin ləğv edildiyi iddia olunur.

 

Hazırda Rusiyada vəziyyət necədir? Qonşu ölkədə yaşayan soydaşlarımız üçün təhlükə mövcuddurmu?

 

“Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının Bəxtiyar Həsənov mövzu ilə bağlı  açıqlama verib. O, Rusiyada yaşanan azərbaycanlılar üçün təhlükəli olmadığını söyləyib.

 

"Rusiyada baş verən münaqişənin orada yaşayan azərbaycanlılara heç bir mənfi təsiri olmayıb. Hər kəs öz işindədir, hər şey qaydasındadır. Paytaxt Moskvada vəziyyət stabildir. Ajiotaj yaşanmır. Bu, daxili konfliktdir. Əlbəttə ki, qarşısı alınacaq. Hazırda azərbaycanlılar üçün təhlükəli vəziyyətin olmadığını düşünürəm", - deyə diaspor rəhbəri bildirib.

 

Qeyd edək ki, Moskva meri Sergey Sobyanin şəhərdə antiterror tədbirlərinin görüldüyünü açıqlayıb. Bildirilib ki, antiterror tədbirləri təhlükəsizliyin gücləndirilməsinə yönəlib.

 

“Daxil olan məlumatlarla əlaqədar Moskvada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlmiş antiterror tədbirləri həyata keçirilir. Yollarda əlavə nəzarət tətbiq edilib. Kütləvi tədbirlərin keçirilməsini məhdudlaşdırmaq mümkündür. Görülən tədbirlərə anlayışla yanaşın.” - mer sosial şəbəkə hesabında yazıb.

0.035285949707031