Şuşa Azərbaycana təslim edilməli idi - Paşinyan

"Oktyabrın 1-də günortadan sonra mənim Putinlə telefon danışığım oldu və o, Rusiyanın illər əvvəl işləyib hazırladığı plan əsasında müharibəni dayandırmağa cəhd etməyin mümkün olduğunu təsdiq etdi".

 

BakuPress.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib.

 

"Şərtlər belə idi ki, 5+2 düsturuna əsasən 7 rayon geri qaytarılır, Qarabağla Ermənistan arasında Laçın dəhlizi boyunca kommunikasiyanın təmin edilməsi məsələsi həll olunur, Rusiya sülhməramlıları bölgəyə yerləşdirilir, status isə qeyri-müəyyən olaraq qalır. Putinlə razılaşdıq ki, axşam mövqeyimizi bildirəcəyəm. Günün ikinci yarısında parlamentdənkənar müxalifət nümayəndələri ilə görüşdüm. Daha sonra prezidentin, katolikosun və parlament qüvvələrinin nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurası çağırıldı və bu zaman mən zəng edib Putinin təklifini qəbul etdiyimi bildirmək fikrində olduğumu dedim. Eyni zamanda əlavə etdim ki, mən orada olanlardan kiminsə bu qərara görə məsuliyyəti mənimlə bölüşəcəyini gözləmirəm, sadəcə olaraq onlara gedən proseslər barədə məlumat verdim", - qeyd edib.

 

"Parlamentdənkənar qüvvələrlə görüşdə dedim ki, mən onları ona görə dəvət etmişəm ki, onlara məlumat verməklə mən ictimaiyyəti məlumatlandırıram, çünki canlı yayımda insanlara hər şeyi deyə bilmərəm. Axşam Putinə zəng edib dedim ki, bu şərtlərlə müharibəni dayandırmağa razıyam. Rusiya prezidenti dedi ki, Əliyevlə danışacaq, mənə zəng edəcək. O zaman 2 rayon praktiki olaraq Azərbaycanın nəzarətində idi. Ertəsi gün, oktyabrın 20-də səhər saatlarında Putin zəng edərək çatdırdı ki, Azərbaycan 7 rayonun hamısını alarsa, müharibəni dayandırmağa razıdır və şəhər əhalisinin 90 faizini təşkil edən Şuşanın azərbaycanlı sakinlərinin qayıtmasına zəmanət almaq istəyir. Rusiya üçün bu, məqbul həll idi. Çünki onlar deyirdilər ki, uzun illər əvvəl müzakirə olunan həll planında həmişə qaçqın və köçkünlərin qayıtması ilə bağlı bənd olub. Bu bənd ortaya çıxanda soruşdum ki, Azərbaycanın fikrincə, bu təminatlar necə olmalıdır? Məlum oldu ki, mən bəyan etməliyəm ki, azərbaycanlıların Şuşaya və Qarabağın digər yaşayış məntəqələrinə qayıtmasına razıyam. Putin təklif etdi ki, bu məsələ status ilə bağlı qalsın, yəni azərbaycanlıların qayıtması statusun müzakirəsi kontekstində müzakirə olunsun. Razılaşdım, lakin Azərbaycan statusla bağlı heç nəyi müzakirə etmək fikrində olmadığını bildirərək bu təklifi rədd etdi. Üstəlik, indiki təklifə görə, təkcə Şuşa azərbaycanlılarının deyil, bütün rayonların azərbaycanlılarının şəhərə birbaşa və maneəsiz çıxışı olmalıdır. Daha bir tələb əlavə olundu ki, Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etmək üçün sülhməramlılar təkcə Qarabağ və Laçında deyil, Mehridə də yerləşdirilməlidir", - o deyib.

 

"Mən buna razı olmadım, Ermənistan ərazisindən eksterritorial dəhlizin yaradılmasına razı olmadım, bildirdim ki, dəhlizə yox, yolların açılmasına razıyam. Beləliklə, 19 oktyabr təklifi kontekstində müharibənin dayandırılması üçün şərtlər belə idi ki, 7 rayonun hamısı Azərbaycanın nəzarəti altında olmalıdır, Qarabağın statusu dəqiqləşdirilməməlidir, keçmiş DQMV-nin əldən çıxmış əraziləri Azərbaycanın nəzarətində olmalıdır, Şuşa yuxarıdakı ssenari üzrə Azərbaycana təslim edilməlidir, Sülhməramlılar Mehridə yerləşdirilməli və faktiki olaraq eksterritorial dəhliz yaradılmalıdır. Vəziyyətin ağırlığını başa düşsəm də, belə şərtlərlə razılaşa bilməzdim. İndi arxaya baxıb yenə deyirəm ki, razılaşa bilməzdim. Əgər bu şərtlərlə razılaşa biləcəyinə inanan varsa, açıq desin. Oktyabrın 23-də ABŞ-ın hərbi əməliyyatları dayandırmaq təşəbbüsü ortaya çıxdı. Təşəbbüs yalnız oktyabrın 25-də razılaşdırıldı. Oktyabrın 26-da səhər saat 8-dən atəşkəs başlamalı idi. Amma olmadı", - Paşinyan söyləyib.

0.048502206802368