Sumqayıtda şəhərin bir çox hissəsinin tikintisini həyata keçirən sahibkar və fəhlələr ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında borc qalmaqalı davam edir. Belə ki, tikinti işlərini başa çatdıran iş adamları bu günə qədər milyonlarla manat vəsaitlərini ala bilməyiblər.
Məsələ ilə bağlı dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət edən və dəstək istəyən iş adamları növbəti dəfə Birinci Viste-Prezident Mehriban xanım Əliyevaya AÇIQ müraciət ediblər.
Müraciətdə deyilir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov nəinki borcu geri qaytarmır, üstəlik, onları təhdid etməyi davam etdirir.
Xalqxeber.Az müraciəti təqdim edir:
“Hörmətli Mehriban xanım !
Bütün dünya Sizi qayğıkeş, problemi olan insanlara kömək edən, prinsipial bir ŞƏXSİYYƏT kimi tanıyır. Sizdən xahiş edirik ki, bizim problemimizin həllinə kömək edin.
Biz sahibkar və fəhlələr Sumqayıtda hər şey daha mükəmməl olsun deyə, gecə-gündüz çalışıb keyfiyyətli iş görməyə çalışmışıq. Amma əvəzində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xeyli müddətdir ki, bizə 3 milyona yaxın olan borcunu qaytarmır və bundan imtina edir. Halbuki dövlət tərəfindən Sumqayıtın abadlaşdırılması üçün dəfələrlə pul ayrılıb.
Sahibkarlar öz müraciətlərində qeyd edirlər ki, Zakir Fərəcov əvvəlcə borcunun olmadığını iddia etsə də, təqdim edilən rəsmi sənəd və faktlar qarşısında aciz qalıb. “Amma sonra bizi bir yerə yığaraq, 3 milyon manata yaxın olan borcu bir şərtlə qaytara biləcəyini dedi ki, siz mənə borcun tam ödənilməsinə dair razılıq məktubu verin. Biz bu məktubu nəyə görə verəcəyimizi soruşduqda, icra başçısı biıdirdi ki, Prezident Administrasiyasından ona təzyiqlər var. Aramızda olan anlaşmaya görə, cari ilin fevral ayının 24-25-i icra başçısı borcu ödəməli idi. Lakin bizim etibarımızdan istifadə edərək, pulu ödəməkdən boyun qaçırdı. Dəfələrlə zəng etməyimizdən sonra həmin puldan cəmi 30 min manat ödəmişdir. Həmin bu 30 min manatı da iki dəfəyə göndərmişdir. Yəni 15 min manatını icra hakimiyyətinin rəsmisi Gündüz Əliyev tərəfindən 15 min manatını isə icra başçısı jurnalist dostu vasitəsi ilə çatdırmışdır. Qalan məbləğ isə icra başçısı tərəfindən bu günə qədər ödənilməmişdir. Hər gün min bəhanə uyduran Zakir Fərəcov, borcunu ödəməməkdən boyun qaçırır. Biz sahibkarların icra başçısı ilə arasında olan zəmanət məktubu tam etibarsız sayılır və pulumuzu tələb edirik. İcra başçısı bizi həbs etdirəcəyi ilə hədələməyə başlayıb. İcra başçısının gündə bir fikrə düşməsi, dövlətin ayırdığı pulu sahibinə çatdırmaqdan boyun qaçırması, Prezidentin etimadından sui-istifadə etməsi, həmin pulu verməmək üçün min bir cildə girməsi, üstəlik bu ahıl çağında bir icra başçısının bu qədər yalan danışması nə ədəbə, nə də ərkana sığır”.
Sahibkarlar bildirir ki, artıq təhlükəsizlikləri üçün təminat yoxdur. “İşi o həddə çatdırıb ki, bu gün biz Sumqayıta belə gedə bilmirik. Çünki qorxuruq, hər an bizi həbs etdirə biləcəyindən ehtiyatlanırıq. Sumqayıta gedə bilmədiyimizdən haqqımızı almaq üçün icra başçısının qəbuluna da baş vurmaq imkanından məhrumuq”.
Hörmətli Mehriban xanım !
Siz həmişə haqqın-ədalətin yanında olmusunuz, hüququ tapdalananların hüququnu qorumusunuz.
Sizdən xahiş edirik ki, bizə kömək edin. Sumqayıtın icra başçısı Zakir Fərəcovdan gördüyümüz işlərin müqabilində yaranmış borcun alınaraq, bizə verilməsinə göstəriş verəsiniz”.
İmza:
Hümmət Qasımov
MirHüseyn Məmmədov
Şükür Mirzəyev
İsrayıl İsayev
İbrahim Məmmədov
İslam Əliyev
Vüqar Abbaszadə
Vüsal Qədirov
Murad Nəsibov
Taleh Seyidov
Zamiq Qasımov
Şahin Cəfərov
Fərman Məmmədov
Elnur Həsənov
Mirİbrahim Məmmədov
Saatxan Həmidov
İmran Şirinov
Çingiz Mansurov
Əkbər Abbasov XalqXeber.Az