Sumqayıt sahibkarları şikayət etdi: “Ramiz Mehdiyev, Vasif Talıbovdan sonra Zakir Fərəcov haqda qərarı gözləyirik”

Ölkədə fəaliyyəti ən çox tənqid edilən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və icra strukturları sistemində ən qalmaqallı isimlərdən olan Sumqayıt Şəhər İcra hakimiyyətində Tikinti şöbəsinin müdiri olan Adil Xudadatov barəsində sahibkarlar Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Onu da bildirək ki, Z.Fərəcov və onun qaranlıq işlərinin əsas icraçısı olan A.Xudadatovun qanunsuz əməlləri ilə bağlı mediada indiyə qədər onlarla, bəlkə də yüzlərlə məqalə dərc edilib. Məsələ burasındadır ki, Suqayıt Dənizkənarı Bulvarın və şəhərin giriş hissəsinin tikintisini həyata keçirən bir qrup sahibkar və 400-ə yaxın fəhlə ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında borc qalmaqalı illərdir davam edir. Belə ki, tikinti işlərini hələ 2016-cı ilin sentyabrında başa çatdıran iş adamları bu günə qədər milyonlarla manat vəsaitlərini ala mətbuata daxil olan müraciətdə deyilir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov nəinki borcu geri qaytarmır, üstəlik, onları təhdid etməyi davam etdirir. “Hörmətli Mehriban xanım! Cənab Prezidentin də açılışında iştirak etdiyi və görülən işləri yüksək qiymətləndirərək, “Qısa müddətdə bu işləri başa çatdırmaq möcüzədir” deyən yüksək qiymət verdiyi Sumqayıt Bulvarının tikintisini biz aparmışıq. O sahibkar və fəhlələr ki, hər şey daha mükəmməl olsun deyə, gecə-gündüz çalışıb keyfiyyətli iş görməyə çalışdıq.

Amma əvəzində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov illərdir ki, bizə olan borcumuzu qaytarmır və bundan imtina edir. Halbuki Prezidentin sərəncamıyla Sumqayıt Bulvarının inşası üçün külli miqdarda vəsait ayrılmışdı”.

Şikayətçilər qeyd edirlər ki, Zakir Fərəcov əvvəlcə borcunun olmadığını iddia etsə də, təqdim edilən rəsmi sənəd və faktlar qarşısında aciz qalıb. “Amma sonra bizi bir yerə yığaraq, 8 milyon manat borcu bir şərtlə qaytara biləcəyini dedi ki, biz həmin pulun 30 faizini ona bağışlayaq. Təbii ki, bundan imtina etdik və icra başçısı bizi həbs etdirəcəyi ilə hədələməyə başladı.

Lakin yenə də geri çəkilmədik. Rəsmi dövlət qurumlarında müraciət edib, onlardan köməklik istədik. Bu vaxt Zakir Fərəcov yenidən əl-ayağa düşərək, bizə borcunun olmadığını mətbuat vasitəsi ilə bəyan etdi. Bir adamın, ələlxüsus, icra başçısının gündə bir fikrə düşməsi, dövlətin ayırdığı pulu sahibinə çatdırmaqdan boyun qaçırması, Sizin etimadınızdan sui-istifadə etməsi, həmin pulu verməmək üçün min bir cildə girməsi, üstəlik bu ahıl çağında bir icra başçısının bu qədər yalan danışması nə ədəbə, nə də ərkana sığır”.

Müraciət sahibləri deyirlər ki, Zakir Fərəcov 426 nəfərin haqqını yeməklə kifayətlənməyib, üstəlik, dövlətə böhtan atmaqdan da çəkinmir. “Zakir Fərəcov bizimlə görüşdə “Dövlət mənə pul ayırıb ki, siz də ondan verim” deyəcək qədər “cəsarət” sahibidir. Fərəcov bu sözü ilə Sizin imzaladığınız sərəncamı şübhə altına salmaqla, saya saymamaqla yanaşı, həm də dövlətə, onun rəhbərinə sədaqətsizliyini ortaya qoyub.

Belə bir ifadəni dilə gətirmək həqiqətən də böyük cəsarət tələb edir. O zaman sual yaranır ki, əgər dövlət tərəfindən pul ayrılmayıbsa, Zakir Fərəcovda Dənizkənarı Bulvarı tikmək üçün bu qədər pul hardandır? Bizim Zakir Fərəcovun malı, mülkü ilə işimiz yoxdur. Goradildə saldığı “Zakir Məhəlləsi”, Abşeronda onlarla mülk, Bakıda villalar və sairə bizim üçün maraqlı deyil.

Bizə maraqlı olan odur ki, Fərəcov bu qədər imkana necə sahiblənib? Bu qədər var-dövlətə rəğmən, biz sahibkar və fəhlələrin nə günahı var ki, onların pulunu 3 ildir verməkdən imtina edir? Niyə öz zəhməti ilə pul qazanan bizim kimi insanların zəhmətinin müqabilini verməkdən imtina edir? Bunun üçün min cür bəhanələr uydurur, yalanlar danışır, hətta bizi hədələməkdən çəkinmir. Ona belə bir səlahiyyəti kim verib?”

Sahibkarlar maraqlı bir məqama da toxunublar. Daha doğrusu, Zakir Fərəcovun davamlı olaraq xaricə nə məqsədlə getdiyini dilə gətiriblər. “Diqqətinizə çatdıraq ki, Zakir Fərəcov hər ayın 10 günü işdə olmur, xaricə gedir. Gedən zaman da öz səlahiyyətlərini Adillərə, Gündüzlərə həvalə edir. Çox maraqlıdır ki, Sumqayıt kimi strateji əhəmiyyətə malik bir şəhərin rəhbəri hər ayın 10 gününü işdə olmur, gizlincə ölkəni tərk edir. Onun hara getdiyi, nə işlə məşğul olduğu, nə məqsədlə getdiyi çox maraqlıdır. Əgər bu adam xəstədirsə, getsin otursun evində. Yaşlı adamdı, nəvələri ilə oynasın. Yox, başqa dərdi varsa, onu da açıqca desin ki, hamımız işimizi bilək”.

Müraciətin yekununda sahibkarlar Birinci Vitse Prezidentdən yardım istəyiblər. “Hörmətli Mehriban xanım! Siz hər zaman sahibkarların, zəhmət adamlarının himayədarı olmusuz, onlara dəstək vermisiniz. Cənab Prezident də bütün çıxışlarınızda bəyan edib ki, bütün məmurlar sahibkarlara dəstək olmalı, onlara imkan yaratmalıdır. Hətta onları incidənlərə, haqqını kəsənlərə xəbərdarlıq da etmisiniz ki, bu işləri görənlər cəzalandırılacaq. Ona görə də, Sizdən xahiş edirik ki, bizə kömək edin. Sumqayıtın icra başçısı Zakir Fərəcovdan gördüyümüz işlərin müqabilində yaranmış borcun alınaraq, bizə verilməsinə göstəriş verəsiniz”.

Sahibkarılar müraciətində maraqlı bir məqama da toxunaraq bildirirt ki, Z.Fərəcov ölkədə aparılan islahatlara kölgə salan komandanın son fərdlərindəndir: “Ramiz Mehdiyev, Vasif Talıbovdan sonra Zakir Fərəcov haqda qərarı gözləyirik”

0.049841165542603