Makronun bicliyi, Əliyevlə Paşinyanın yeni görüşü, Putinin qarşısına qoyulacaq mövzular – TƏHLİL

Azərbaycan ərazilərində hələ də erməni silahlı birləşmələri qalmaqdadır və Moskva onları kənara tullamaq üçün keyfiyyətli bir həmlə həyata keçirmir, hətta az qala məsuliyyətindən boyun qaçırır.

Düzü, Rusiyanın kənarda qalması Azərbaycan üçün ziyanlı da deyil, çünki Bakı Qarabağdakı erməni faktorunu daxili təhlükəsizlik məsələsi səviyyəsinə endirib, elə Moskvanı da narahat edəcək amil bu ola bilər.

Ona görə ki, Rusiyanı da, Qərbi də bir xətt birləşdirir – erməni amili, lakin hərəsi öz məntiqi çərçivəsində məsələyə yanaşdığından maraq toqquşmaları şiddətlənir.

Rusiya hazırda qoşunlarının Qarabağda qalmasına hədsiz maraq göstərmir, ondansa həmin zonada rus icmasının formalaşması Moskva üçün daha böyük dividenddir. Azərbaycan isə olanları izləyir və perspektiv niyyətləri duyur, buna görə də Moskvaya bəzi xatırlatmalar veriləcək.

Üstəgəl İlham Əliyev istər Putinə, istərsə də Paşinyana Azərbaycanın sərhəddə tətbiq edə biləcəyi yeni hərbi əməliyyatlar barədə mesajları çatdıracaq, Rusiya liderinin buna qarşı çıxması gözlənilmir.

Ona görə ki, Putin Paşinyanı elə həddə cəzalandırmaq istəyir ki, baş nazir Qərbdən üz çevirsin və Rusiyanın forpostu olduğunu unutmasın.

Bu baxımdan Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin ilkin versiyası üzərində Bakının qoyduğu tələblər Moskvanı qane edəcək, lakin detalların müəyyən edilməsində müzakirələr uzun sürəcək.

Ümumilikdə Putinin təşəbbüsü ilə baş tutması gözlənilən budəfəki görüş 10 Noyabrdan sonrakı danışıqların məntiqi davamıdır və Brüssel formatına qarşı duruş sərgiləmək xətti kimi inkişaf etməyəcək.

Görüşdə nəticə olaraq bəyanat qəbul edilməsi də gözləniləndir.

Aqşin Kərimov

0.060361862182617