Biz bu millətə ziyalı yetişdirən Hacı Zeynalabidin Tağıyevə nisyə ət verməyən insanlarıq

Ziyalılar haradadır? Ziyalılar hara baxır? Ziyalılar niyə susur? Narazı olduğumuz anlarda ilk axtardığımız insanlar ziyalılardır. Elə millət od laraq öyündükdə də “biz ziyalı yetişdirən millətin nümayəndələriyik” deyirik. Gəl gör ki, əsrlərdən bəri ziyalılar yetişdirən bir millətöz ziyalısının qurban edilməsinə də səsini çıxarmayıb. İnciməməyiniz üçün tarixdən bir neçə misalla başlayaq söhbətimizə ki, sonra ucuz vətənpərvərlik damarının qurbanı olmayaq.

 

Əfzələddin Xaqani Şirvanini tanımayanınız varmı? Onu kim tanımaz ki… Bu millətin yetişdirdiyi görkəmli ziyalılarımızdan biridir. Təəssüf ki, belə bir ziyalı əllər üstündə dəvət olunduğu sarayda zindanlara atıldı. Nə üçün? Ondan keyfiyyət baxımından aşağı olanların qısqanclığı üzündən. Və Nizamidən öncə yaşayan ən böyük şairimiz zindandan çıxar-çıxmaz dərbədər olur…

 

Nizami nə üçün saraylara getmirdi? Əsrin ən böyük şairi olasan, bütün böyük sifarişlərini sultanlardan-padşahlardan alasan, ancaq saraya ayaq basmayıb, Gəncədə bir komada yaşayasan. Bilirdi ki, hansı saraya ayaq bassa, paxıllar əvvəl-axır ya dar ağacına, ya da zindana göndərtdirəcəklər. “Dinc qulağım, ağrımaz başım” deyib, saraylar üçün əsərlər yazsa da, Gəncədən çıxmadı…

 

Ya Fəzlullah Nəimi? Ondan cəsarətli ziyalımı tapacaqsınız? Aqibəti dörd yerə şaqqalanmaq oldu. Düşüncələri ağır gəldi… Onu satanlar Səmərqənddən gəlməmişdilər. Özümüz satdıq o böyük dahini… Onun Əlincə qalasında edam olunmasında Miranşah qədər, Əmir Teymurun qulağına Nəimi barədə yalanları pıçıldayanlar da günahkardırlar.

 

Nəimidən danışıb, Nəsimini unutmaq olarmı? Bir millətin Nəsimilər yetişdirməsi üçün əsrlər, qərinələr lazımdır. Ancaq biz öz Nəsimimizi öncə dərbədər etdik, sonra dabanından soyulmasına könlümüz razı oldu… Bir millətin ziyalısı dabanından soyulur, o da səssiz-səmirsiz, bəlkə də qəlbində etiraz etsə də, səsini çıxarmırsa, o millətə ziyalı yaraşmır.

 

Bəs Füzuli? Əsrlərdən bəri qəzəlləri ilə öyündüyümüz, üstündə “mənim şairimdir” deyə, mübahisə etdiyimiz Füzuliyə hansımız sahib çıxdıq? Salamını rüşvət deyil deyə, almadığımız şair dərdindən dağa çıxdı, “bəxtəvər yaylağa çıxdı” dedik…

 

Məhsəti Gəncəvisindən Xurşudbanu Natəvanına bir ovuc qadın şairəmiz oldu, müasirlərinin onlar haqqında yazdıqlarına baxsan, şərab məclisindən çıxmayan, bütün günü əylənən qadınlarmış… O zaman o möhtəşəm əsərləri kim yazdı? Cavab yox!..

 

Bəyəm sabun sataraq dolanan Mirzə Ələkbər Sabir sadəcə üzü qara ciyərindənmi şikayət edirdi, yoxsa onu ac saxlayan qara üzlülərdənmi:

Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,

Zənn edərdim edəcəkdir ona çarə ciyərim;

Bəxti-mənhusimə bax, mən bu təmənnadə ikən

Başladı şişməyə indi üzü qarə ciyərim.

 

Sabirin ciyəri aclıqdan şişdi. O böyük şair ac qaldı. Sahib çıxmağa çalışan bir Həmidə xanım oldu. Soyuqdan donmamaq üçün əlyazmalarını oda ataraq, yandıran Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı…

 

Nə qədər acı deyilmi? Bu bizim tariximiz, bu bizim ziyalıya verilən önəmimizdir… Ziyalı kiməsə yaltaqlanırsa, ziyası gedir, nurunu əldən verməmək üçün ayaqda qalması lazımdır. O zaman da acından qara ciyəri şişir, ya da əlyazmaları bitəndən sonra donub, ölür…

 

Biz bu millətə ziyalı yetişdirən Hacı Zeynalabidin Tağıyevə nisyə ət verməyən insanlarıq. Nə qədər utansaq, yerin dibinə batsaq, yeri var…

 

Deyək ki, insanımız ziyalıların qədrini bilmədi… Bəs zər qədrini zərgər bildiyi halda, niyə digər ziyalılarımız batan qardaşlarına əl uzatmadılar? Heç düşündünüzmü?

 

Guya indi fərqliyik? Çoxmu dəyişmişik? İndi bir ziyalıya söz deyəndə, digərləri onun önündə sipərmi olur? Min əsr öncə necəydiksə, elə də qalırıq. Sevinməyin…

 

Bu sətirləri yazmaq mənim həddim deyildi, ancaq birinin “kral çılpaqdır” deməsi lazımdır…

 

 

 

 Acından ölməmək üçün şeirlərini satan Məhəmməd Hadini yadıma salanda ürəyim parçalanır.. 

Və nə qədər ziyalılar susacaqlar, ayaqlar baş olmağa, beş qəpiklik insanlar cəmiyyətin əsəb nöqtələrinə çamur atmağa davam edəcəklər… O zaman ortada Azərbaycan ziyalısı qalmayacaq… Min illik bir ənənə davam edəcək… Halbuki ziyalıların bu gedişi dayandırmağa imkanı var…

 

 

Ziyalı millətiksə, öncə ziyalılar, sonra millət öz aydınına sahib çıxmalıdır. Öz ziyalısını acından ölməmək üçün sabun satmağa göndərməməlidir…

Şəfəq Ağacan

0.044527053833008