Gözlənti ilə nəfsin mübarizəsi: “Bəziləri müəllimləri minnətli vəziyyətə salmaq istəyirlər” - FOTO

5 oktyabr dünyanın əksər ölkələrində Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Ancaq bu gün müəllimlərin xoş günü olsa da, valideynlərin “qara günü” kimi qələmə verilir. Beynəlxalq Müəllimlər Günü ilə bağlı məktəb müəllimləri və bağçaların tərbiyəçi müəllimləri üçün könüllü və məcburi şəkildə pul yığıldığı məlum olub. Əvvəlki illərdən fərqli olaraq, əksər valideynlər müəllimlər üçün pulları könüllü yığdıqlarını, onlardan hər hansı məbləğin tələb olunmadığını vurğulayıblar.

Maraqlıdır, şagird müəllimi hansı şəkildə təbrik edə bilər?

Mövzu ilə bağlı BakuPress.Az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Anar İsgəndərovun sözlərinə görə, müəllim nəfsinə sahib çıxmağı bacarmalıdır:

“Təkcə Azərbaycanda yox, dünyada da bu gün qeyd olunur. Müəllim peşəsi dünyada ən şərəfli bir peşədir. Bunun fərqli cəhətləri də var. Müəllim nəyi varsa, verir, lakin əvəzində heç nə istəmir.

Həqiqətən də elədir. Hər ali məktəb bitirən, diplom alan da müəllim deyil. Müəllim əxlaqlı və nəfsi təmiz olmalıdır. Müəllim çox savadlı ola bilər, lakin əxlaqı yerində olmaya bilər. Müəllim də insandır. O da istəyir ki, əməyi qiymətləndirilsin”.

Deputat qeyd edib ki, bu gün vəziyyət o həddə çatıb ki, müəllimə bir gül verilməsi də qadağan olunub:

“Zaman keçdikcə hər şey dəyişilir. Valideynlər müəllimi yüksək səviyyədə təbrik etmək, daha bahalı hədiyyələr vermək istəyirlər. Bu gün belə səbəblərdən problemlər yarandığı üçün gül verilməsi də qadağan olunub. Biri gül verir, digəri başqa hədiyyələr verir. Nəticədə məktəbdə nizam-intizam pozulur. Müəllimin də nəfsi ona qalib gəlir.

Harada insan varsa, orada məktəb var. Məktəb direktorlarının hamısı eyni nəfsli insanlar deyil. Çatışmazlıqlar, nöqsanlar ola bilər. Qarşısı alınmasa, daha ağır nəticələrlə üzləşə bilərik. Həyatda hər şey belədir. Həddini aşanda ya qanun pozulur, ya da adət-ənənəyə hörmətsizlik olur”.

Təhsil eksperti Qoşqar Məhərrəmov isə əlavə edib ki, məktəb, valideyn və şagirdlərin əl kitabçaları olmalıdır:

“Məktəb valideynlərə birbaşa davranış haqqında qaydalar yazmalıdır. Bunlar, əslində, Konstitusiyada müəyyən olunub. Lakin böyük mətn olduğuna görə insanlar da onu oxuya bilmirlər. Kitabçalarda öhdəlik və vəzifələr - hər şey qeyd olunmalıdır.

Pul toplamaq qətiyyən olmaz. Hədiyyə də limitli şəkildə olmalıdır. Açıqcalar ola bilər. Mənəvi dəyəri olan kiçik hədiyyələr verilə bilər. Amma insanların seçiminə buraxılmalıdır”.

Q.Məhərrəmov qeyd edib ki, müəllim bilməlidirlər ki, 50 manatlıq hədiyyə qəbul etsə, nəticəsi nə olacaq:

“Qaydalara riayət olunmadığ halda hansı mənfi nəticələrlə üzləşəcəyi də göstərilməlidir. Əks halda qarşısını almaq qeyri-mümkündür. Müəllim möhtac deyil.

Bəziləri müəllimləri özlərindən asılı etmək, minnətli vəziyyətə salmaq üçün belə edirlər. Minnətli vəziyyətə düşsə, eləməli olmadığını da edəcək. Müəllim fərqində olmalıdır ki, minnətli hala düşməsin. Ədalət pozulmasın. Müəllimlər qətiyyətini qorumalıdır. İcazə verməməlidir”.

Qeyd edək ki, Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı UNESCO 1966-cı il oktyabrın 5-də verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir.

Nəzrin Vahid

0.067332983016968