“Xəzər” TV 15 yaşını qeyd edir

Azərbaycanın televiziya məkanında özünəməxsus və xüsusi yeri olan “Xəzər” TV-nin efir həyatına başlamasından 15 il ötür.

2007-ci il oktyabrın 5-də fəaliyyətə başlayan “Xəzər” TV-də bu müddət ərzində operativ xəbər buraxılışları ilə yanaşı, analitik, musiqili, əyləncəli və sənədli verilişlər yayımlanıb. Fəaliyyətə başladığı dövrdə maddi-texniki imkanlarının az olmasına baxmayaraq, zamanla peşəkar kollektivin, yaradıcı heyətin işgüzarlığı nəticəsində sevilən, rəğbət bəslənən bir telekanala çevrilib.

İldən-ilə telekanal müasir dövrün çağırışlarına uyğun olaraq inkişaf edib və bu proses hazırda da davam etməkdədir.

Yayımı müasir dövrün çağırışları, informasiya-kommunikasiya texnologiyalarının inkişaf tələblərinə uyğun formatda təşkil etmək “Xəzər” TV kollektivinin prioritetidir. Bu məqsədlə telekanala müxtəlif ölkələrdən, eləcə də yerli mütəxəssislər cəlb edilirlər. 

“Xəzər” TV bundan sonra ictimai, siyasi, sosial proqramların yayımını daha da artırmağı hədəfləyir. Bununla yanaşı, əyləncəli, maarifləndirici, intellektual verilişlərin formatı yenilənir.

Hər bir yenilik yeni baxış bucağı tələb edir. Yeni kadrlara artan ehtiyacı nəzərə alaraq, bu yöndə ciddi addımlar atılır. Yaxın gələcək üçün TV daxilində “Media Akademiyası”nın yaradılması nəzərdə tutulur. Jurnalistikanın sirlərinə yiyələnmək istəyənlər və gələcəkdə “Xəzər” TV-də işləməyi hədəfləyənlərə məhz bu Akademiyada təlimlər keçiləcək.

Tamaşaçıların informasiya tələbatına adekvat cavab vermək üçün dünyanın müxtəlif ölkələrində müxbir məntəqələri yaradılır. Aparıcı informasiya agentlikləri və kanalları ilə əlaqələr genişləndirilir. Bu da dünyada baş verən hadisələrlə bağlı məlumatların ən qısa zamanda tamaşaçılara çatdırılması üçündür.

“Xəzər” TV 44 günlük Vətən müharibəsində olduğu kimi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işini davam etdirəcək. Bu baxımdan əməkdaşların dil bilgilərinin inkişaf etdirilməsi məqsədlərdən biridir. Bir sözlə, “Xəzər” TV bundan sonra da inkişaf edən Azərbaycanın, yenilənən auditoriyanın müxtəlif səpkili informasiyaya olan tələbatını daha çox ödəməyə çalışacaq.

Televiziya daxilində davam edən struktur dəyişikliyi də peşəkarlığın artırılması baxımından önəmlidir. 

Bir müddət əvvəl “Xəzər Media” “YouTube” kanalının abunəçilərinin sayı bir milyonu keçib və bu rəqəm gündən-günə artır. Eyni zamanda “Xəzər” TV hazırda geniş vüsət alan sosial media hesabları ilə də rəqəmsal platformada fəaliyyətini genişləndirir.

Qeyd edək ki, 5 mart 2020-ci il tarixindən “Xəzər TV” MMC-nin baş direktoru vəzifəsi Murad Dadaşova həvalə edilib.

0.18529415130615