Xalidə müəllimə -Dəftərimə yazdığı "Ana","Vətən"sözlərini ürəyimin ən incə tellərinə əbədi yazan insan

 

 

 

Belə deyim var: “Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür”. Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir.Müəllimi bağbana biz şagirdləri onun becərdiyi barlı ağaclara bənzədirlər.Deyiblər ki, müəllim günəş kimi gənc qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır.Müəllimin dühası üçün bağban meyar ola bilməz. Axı bağbanın özünü də müəllim yetirib. 

Bu gün güclü,iradəli,ədalətin,haqqın yolunda,millətimi,vətənimi sevən,yaltaqlıqdan uzaq,mərd,cəsarətli,kimsəyə əyilməyən,ən ağır sınaqlardan alnı açıq çıxan bir şəxsiyyət kimi cəmiyyətdə tanınmağımda müəllim kimi sizin təsiriniz,əməyiniz çoxdur.

Maddi-mənəvi aləmdə heç bir ehtişam, əzəmət, qüdrət müəllim üçün meyar ola bilməz. Sarayların naxışını, həyatın simfoniyasını, lövhələrin solmazlığını, dastanların nəğməsini, sözünü yaradan şairin, sənətkarın, memarın, bəstəkarın özünü kim yetişdirmişdir? Kim onları kamala, ərsəyə çatdırmışdır? Əlbəttə ki, müəllim! Axı insana elm qapısının açarını ilk müəllim təqdim edir, onu əsrarəngiz bir dünyaya əlindən tutaraq aparır.

Mənim bəxtim müəllimlərim tərəfindən gətirib.Ən əsası Allah mənə sözün əsl mənasında seçilmişlərdən ,həm xarici,həm daxili gözəl,mükəmməl savadı,qüsursuz,səlis nitqi,yüksək mədəniyyəti,kübarlığı olan bir müəllimlə ilk dəfə qələm tutmağı,hərfləri öyrənməyi,bir sözlə məktəb həyatımı başlamağı nəsib etdi.

Bu gün fikrimi rahat ifadə edə bilirəmsə, fikirləşdiyimi, danışdığımı sərbəst şəkildə qələmə ala bilirəmsə borclu olduğum insanlardan biri mənim ən sevimli ilk müəllimim Xalidə müəllimdir. O, dilimizin gözəlliyini mənə öz danışığı ilə öyrədib. Onun hərəkətləri, onun baxışı, səsinin avazı belə mənə bir nümunə idi. O, bu üstün cəhətləri ilə hamıdan seçilməyi bacarırdı ,bəlkədə ona görə mənim ilk müəllimim oldu,yoxsa taleyimə yazılan əzablı ,həyatımın mürəkkəb və qarışıq yollarını necə keçə bilərdim. 

Ailəmdən sonrakı ikinci təhsilimi sizdən aldım. Sizdən həm də güclü olmağı öyrəndim. Hələ də təbaşiri löhvəyə necə basığınız ağlımdadı. Dərs verərkən üzərinizdə və üzünüzdəki təbaşir tozlarını belə, hiss etmirdiniz... Siz çox fərqliydiniz, bizi qoruyan mələkdiniz.

Mən Xalidə müəlliməmi heç vaxt yaddan çıxartmaram. Anam məni dünyaya gətirmişsə, dünyanı mənə bəxş edən, sirli-sehrli aləminə qovuşduran, ilk qapını üzümə açan mənim ilk müəllimim olmuşdur.

Müəllim adı böyük addır, ölçülə bilməyəcək dərəcədə böyükdür. Bu adın qarşısında baş əymək böyük fəxarətdir. Bu gün cəmiyyətimizdə bu adın məsuliyyətini dərk edənlər azdır, bu adın böyüklüyünün fərqində olmayanlar çoxalıb. Mən çox şanslı insanam ki, mənim həqiqi müəllimlərim çox olub .

Sevimli Xalidə müəllimim, sizi uzun zamandı görmürəm. 

 Sizi çox sevirəm, hətta o qədər çox sevirəm ki, sizə bunu necə hiss etdirə bilərəm deyə, düşündüm... Bu həyatda olan və olmayan bütün müəllimlərimə, üzərimdə əməyi olan əməkdar insanlara, eləcə də şərəfli pedaqoqlara sevgimi və minnətdarlığımı bildirmək üçün nə qələmin nədə sözün gücü çatmaz.

Canım, müəllimim mənə öytətdikləriniz və çəkdiyiniz bütün zəhmətlər üçün minnətdaram.. 

Bu gün Müəllim günüdür!

Məktəbə ilk qədəm basdığım gündən etibarən varlığını, sevgisini, qəlbinin hərarətini hiss etdiyim insan, ilk müəllimim, ən böyük dəstəkçim...

Mənə qələm tutmağı öyrədən,təbaşirli əllərinzi öpmək üçün, sadəcə özəl bir günə gərək yoxdu. Mən sizin əllərinizi 365 gün bütün qəlbimlə öpürəm....

 

Sevgili Xalidə müəllimim... Müəllim günün mübarək!

 

P.S.Bəlkədə hardasa yazımda imza görməsəniz belə, tam əminəm ki, bu misraları oxuyanda yadınıza məndən başqa kimsə düşməyəcək...

İlk məktəbə gəldiyim o çağlar yadındamı?

Sən öyrətdin ilk dəfə qələm tutmağı mənə,

Dəftərimə yazdığın Ana,Vətən sözləri ürəyimin ən incə tellərinə yazılmış...

Söylə indi hardasan,hardasan müəllimim?

Mənim ilk müəllimim,mehriban müəllimim.....

 

  1.  

Şəfəq Ağacan

0.040405988693237