Qorxaq, yaltaq,ruhən zəlil adam ,yaxşı insan ola bilməz!

Yaxşı insanlar bilinməyən, bitib-tükənməyən xəzinə, hədsiz cəsarət və şücaət sahibidirlər. Qorxaq, zəlil, adam yaxşı insan ola bilməz! Zalımları, naqisləri, qafilləri, münafiqləri tərifləməz yaxşı insan, onlara yaxşılıq belə etməz. Bu dediklərim pislərin sifətləridir. Yaxşı dediyimiz kimsə qətiliklə haram tikə yeməz, quru çörəyə möhtac olmağa razı olar ki, harama əl uzatmaz. Nəinki haram olduğu qəti şəkildə bilinən, hətta halallığı şübhəli şeylərdən də uzaq dayanar. Yaxşı insan mütləq şəkildə doğru və dürüstdür. Axı xislətində əyrilik olan kimsə necə yaxşı ola bilər? Yaxşı insan dünyada bir yolçu kimi yaşar. Doğular, bir az səyahət edər və sonra haqq dünyasına qovuşar - ölüm qapısından başqa bir aləmə keçər. Dünya malında, mülkündə gözü olan insanlar yaxşı insan deyildirlər.İnsan yaxşı əməlinin əvəzini kimdən umursa, mükafatını da ondan alır. Əgər birinə kömək edəndə nə vaxtsa onun sənin borcundan çıxacağını düşünürsənsə, həmin yaxşılğı verilmiş bir borc kimi düşünürsənsə, əlbəttə qarşılığında alacağın ürəyincə olmayacaq. Çünki, Uca Yaradan dünyanı istəyənlərə dünyanı, axirəti istəyənlərə isə axirətini verir. Və hər kəs öz niyyətinin əvəzini alır.

Unutmayaq ki, bir kəsə nə vaxtsa etdiyimiz yaxşılığı bir vaxt onun üzünə vursaq, nəinki qazandığımızın savabını pozmuş oluruq, hətta üstəlik günah da qazanırıq. Çünki bir müsəlmanı incitmək – hansı yolla olursa olsun, istər əməllə, istərsə də dillə – günahdır. Kömək etdiyimiz adam bizim rişxəndli eyhamlarımızı, ətrafa car çəkdiyimiz bəyanları eşidəndə və ya görəndə, yəqin ki özünü narahat hiss edəcək və qəlbi sınacaq. Verdiyimiz puldursa, onun üçün ağır yükə, ehsan etdiyimiz xörək isə onun üçün zəhərə çevriləcək. Buna görə də müqəddəslərimiz bir kəsə yardım göstərərkən bunu adətən başqalarından gizli tutmağa çalışardılar. Hətta həmin adamın əskilib xəcalət çəkməməsi üçün bəzən özlərinin kimliyini belə ona tanıtdırmırdılar.

Şəfəq Ağacan

0.098526000976562